Əsas Səhifə > Siyasət, Manşet > Aydın Əliyevin yerinə hansı müavinləri göz dikib?

Aydın Əliyevin yerinə hansı müavinləri göz dikib?


1-06-2016, 09:24
Aydın Əliyevin yerinə hansı müavinləri göz dikib?
Dövlət Gömrük Komitəsində (DGK) nüfuz savaşı özünün ən pik həddinə çatıb. Bu barədə gundelik-baku.com-a komitədəki mənbələr informasiya sızdırıblar. Məlumatda bildirilir ki, komitə sədri Aydın Əliyevin yaxın vaxtlarda görəvdən alınacağı xəbərini eşidən müavinləri onun postuna keçə bilmək üçün gizli mübarizəyə start veriblər. Mənbənin bildirdiyinə görə, hazırda komitənin iki generalı- Rza Həsənəliyev və Nazim Məmmədovun münasibətləri həddən artıq soyuqdur. Məlumat üçün bildirək ki, Rza Həsənəliyev 1961-ci il sentyabrın 26-da Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1978-ci ildə Ordubad baramaaçan fabrikində fəhlə kimi başlayıb. 1995-1999-cu illərdə Azərbaycan Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində inspektor, Komitənin İşlər İdarəsinin rəis müavini, sonradan həmin İdarənin rəisi vəzifələrində işləyib. 1999-cu ilin fevral ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib. Nazim Xeyrulla oğlu Məmmədov isə 1951-ci il oktyabrın 8-də Naxçıvan MR Ordubad şəhərində anadan olub. 1973-cü-1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda işləyib. 1995-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində çalışır. 2007-ci ilin 28 dekabrından Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində xidmət edir. Gundelik-baku.com-a verilən məlumatlarda deyilir ki, Rza Həsənəliyev və Nazim Məmmədovun münasibətləri hələ bir neçə il əvvəl pisləşib. Buna səbəb isə hər iki generalın öz adamlarını müxtəlif vəzifələrə yerləşdirmək istəmələri olub. Deyilənə görə, Nazim Məmmədovla müqayisədə Rza Həsənəliyevin DGK-da nüfuzu böyükdür və onun arxasında yüksək rütbəli məmurlardan birinin dayandığı iddia edilir: «Aydın Əliyevin müavinləri arasındə ən sirli fiqur məhz bu şəxsdir. O bir çox işlərini heç kimə hiss etdirmədən, gizlin şəkildə həyata keçirir. Bildiyiniz kimi, son bir neçə aydır ki, mətbuatda komitə rəhbəri ilə bağlı silsilə yazılar gedir. Ehtimallara görə, bu işi Rza müəllim təşkil edib. Belə ki, o sədrin postunu laxlatmaqla onun kürsüsünə əyləşmək istəyir. Hətta Həsənəliyev bu günlərdə özünə yaxın şəxslərdən birinə «Komitənin sədri olmağıma az qalıb» deməklə sədrlik iddiasını aşkar şəkildə ortalığa qoyub». Başqa bir məlumatda isə bildirilir ki, Rza Həsənəliyev Aydın Əliyevin kürsüsünə gedən yoldakı əksər maneələri aradan qaldırmağı artıq bacarıb. Bu isə o deməkdir ki, komitənin hazırkı sədri işdən xaric ediləcəyi təqdirdə onun yerinə adıçəkilən general təyin oluna bilər.

Geri qayıt