Əsas Səhifə > Siyasət, Manşet > Sement mafiyasıyla niyə bacara bilmirlər?

Sement mafiyasıyla niyə bacara bilmirlər?


5-07-2016, 09:07
Sement mafiyasıyla niyə bacara bilmirlər?
Məşhur lətifəni yəqin xatırlayırsınız. Bina uçur. Tikinti materiallarını bir-bir sorğu edirlər. Növbə sementə çatanda o, bildirir ki, o vaxt orada olmamışam. Azərbaycanını hazırkı sement bazarı elə həmin lətifəni xatırladır. Bakının mərkəzindən çox yox, 30 km araladı əməlli başlı dərəbəylikdi. Hər addımbaşı sement zavodlarıdır. Nə hüquqi ünvanları var, nə də sertifikatları. Nə laboratoriyaları var, nə də hansısa sınaq metodları. Elə bil, orta əsrlərdi. Cəhənnəm zəbanilərini xatırladan bir neçə fəhləni sanki qul bazarından tapıb gətirirmiş kimi işlədirlər. Nə əmək müqavilələri var, nə də hansısa sığortaları. Kimdi bunlar, kimlərin himayəsi altındadır bilinmir. Amma onların istehsal etdiyi sementlər bazarlardadır. Azərbaycan bazarlarında. Azca araşdırma aparsan, məlum olacaq ki, qanuni istehsal fəaliyyəti olmayan şəxslər kisənin üzərində sementin markasını yüksək (400 marka, 500 marka) göstərməklə istehlakçıları aldadırlar. Sement istehsalı üçün dövlət standartları almayan, akkreditasiya edilmiş sınaq laboratoriyası olmayan şəxslərin satışa çıxardığı «yüksək markalı» sement məhsulları istifadə edildiyi sahələrdə ciddi təhlükələrə səbəb ola bilər. Necə deyrələr, günlərin bir günü adi, xırda bir yer tərpənməsi yüzlərlə evi yerə gömə bilər. Kimdi bu istehsalçılar? Və onlar insanları necə aldadırlar? Məsələn, sement bazarında "Garant İnşaat Sənaye” MMC adlı müəssisəyə məxsus "UNİVERSAL” əmtəə nişanlı smentlər var. Amma fiziki şəxs Ağayev Anar Gülağa oğlu tərəfindən təqlid (təkrar) edilərək qanunsuz sement istehsal etməsi və ölkənin əmtəə bazarında satışa çıxarılması, bununla da istehlakçıların hüquqlarının pozulması, aldadılması adi hala çevrilib. Həmçinin başqa bir istehsalçı «AZBETON» adı ilə – rənglər və təsvirlər «AZBENTONİT» adı ilə eyni olan sementi ticarət şəbəkəsinə çıxarıb. Həmin məhsulun kisəsinin rəngləri, üzərində «AZBETON» sözünün şrifti və rəngi müəssisənin «AZBENTONİT» yazısı ilə eynidir. Müəssisənin daimi müştəriləri də bildirirlər ki, «AZBETON» yazılışlı kisənin rəngləri və dizaynı müəssiənin istehsalı olan sementin kisəsinin görünüşü ilə tamam oxşar olduğundan qarışdırılır. Araşdırmalar nəticəsində məlum olub ki, «AZBETON» yazılışlı sementləri «Laçın-1» firması istehsal edir. Firmanın təsisçisi Anar Məlikov adlı iş adamıdır. Bizə çatan məlumatlara görə, bu firmanın sement istehsalı üçün nə standartları, nə də laboratoriyası var. Həmçinin bu firmanın müşayiətedici sənədləri, sertifikatı da yoxdur. Qanunsuz sement məhsullarının istehsalı ilə məşğul olan firma rəhbərliyi keyfiyyətsiz və təhlükəli sementləri vətəndaşlara satmaqla onların hüquqlarını pozur.

Acınacaqlı hal ondan ibarətdir ki, artıq xeyli müddətdir bazarda cövlan edən bu firmanın məhsullarının satışına nəzarət demək olar ki, yoxdur. İddialara görə, firmanın təsisçisi Anar Məlikov Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bəzi vəzifəli şəxsləri ilə «anlaşaraq» istehsal etdiyi məhsulları asanlıqla bazara çıxara bilir. Məhz firma rəhbərinin komitənin səlahiyyətli işçiləri ilə ortaq məxrəcə gəlməsi «Laçın-1” firmasının istehsal etdiyi "AZBETON” sementinə Azərbaycan Respublikası Milli Sertifikatlaşdırma Sistemi tərəfindən uyğunluq sertifikatının verilməsi ilə nəticələnib. Bununla yanaşı, firmanın istehsal etdiyi "AZBETON” sementinə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən müvafiq əmtəə nişanı (№ 002328) verilib. Fikrimizcə, komitənin firmanın istehsalı olan sementə verdiyi əmtəə nişanı və ümumiyyətlə, «Laçın-1» firmasının fəaliyyəti dərindən araşdırılmalıdır. 20 ildir bənnalıqla məşğul olan usta Vaqif Əmirov deyir ki, bir qədər əvvəl bir evdə işləyirdim. “Ev yiyələri “Qaradağ- AA” sementi almışdılar. Ondan işlətdim. Kərpic kərpicə yapışmırdı. Bunu necə, niyə buraxırlar bəlli deyil. Amma ucuz olduğuna görə, çoxu buna qaçır”. Lakin saxta sement istehsalı ilə bağlı yalnız monitorinq keçirməklə kifayətlənmək olmaz. Düzdür, ildə bir neçə dəfə reyd keçirib təqlidçi məhsulları bazardan yığışdırmaq olar. Amma təbii ki, gizli fəaliyyət göstərən təqlidçi firmalar öz işində olacaq, üstəlik reyd nəticəsində onlara dəymiş ziyanı ödəmək üçün daha çox məhsul buraxacaqlar. Hazırda “Qaradağ AA” məhz bu yolu tutub. Müəssisənin bir istehsal dəyirmanı var. Amma oradakı fəhlələrlə söhbət zamanı məlum oldu ki, dəyirman 24 saat işləyir. Sementə qatılmalı olan əsas maddə klinker normadan az vurulur. Bir qədər əvvəl 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ilə "Qaradağ AA "UNİVERSAL" yazısı olan sement kisələrinin hazırlanması və satışı iş üzrə cavabdeh Ağayev Anar Gülağa oğlu və "Məişət Malları" ASC-yə və digər şəxslərə qadağan edilib. Lakin məhkəmə qərarına əməl edilmir, hələ də bazarda qanunsuz istehsal olunan sement markaları var. Müxtəlif rayonlardan sement bazarındakı problemlərlə bağlı istehlakçı müraciətləri davam edir. İqtisadi İnkişaf Nazirliyinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, hüquq-mühafizə orqanları ölkədə qanunsuz yolla standartdankənar, sertifikatı olmayan sement istehsalı və satışını dayandıra bilmirlər. Əslində, saxta malın istehsalçısı da, istehsal və satış yeri də məlumdur. Azərbaycanda yeganə polipropilen kisə istehsalçısı olan "Məişət Malları" ASC bütün saxta sement mallarının kisələrini Keşlə qəsəbəsində buraxır. "Qaradağ AA "UNİVERSAL" sement kisəsinin hazırlanması və satışına məhkəmə qadağa qoyub. Bazarda isə qadağan olunmuş malın satışı davam edir. Aidiyyəti dövlət qurumları da heç bir tədbir görmür. Rayonlarda qanunsuz sementin satışına yerli məmurlar, bəzi icra orqanlarının rəhbərləri biganəlik göstərir. Ümumiyyətlə, sement istehsalında dövlət orqanlarının nəzarəti sanki yox dərəcəsindədir. Qaradağ ərazisində bütün nəzarət və keyfiyyət standartlarından kənar çoxsaylı sement istehsalı sahələri var. Bazarda tanınmış markaların saxtalarını istehsal edib rayonlara çıxarırlar. Belə çıxır ki, rayonlarda tikintilərin taleyi təhlükədədir. İqtisadi İnkişaf Nazirliyinin müvafiq Dövlət xidməti istehlakçının hüququnu pozan bu qanunsuzluğa qarşı tədbir görmür. Standartlaşmaya və keyfiyyətə nəzarət edən dövlət orqanları bu məsələyə biganədir. Hesab edirik ki, Fövqəladə Hallar Nazirliyi tikintilərin dayanıqlığının zərurətini, istehlakçıların və cəmiyyətin təhlükəsizliyini nəzərə alaraq qanunsuz sement istehsalını dayandırmalıdır. Çünki hər zaman gözlənilməz təbii hadisə baş verə bilər, keyfiyyətsiz sementlə inşa olunan tikintilərin sahibləri, sakinlərin faciəsi ilə üzləşə bilər.
GundemXeber.az

Geri qayıt