DİA.AZ: - Sentyabrın 18-i saat 17:00-də Şamaxı rayonunda yerləşən XIV əsrə aid Kələxana türbələrində Mingəçevir Dövlət Dram Teatrının səhnələşdirdiyi “Sara” adlı yeni tamaşanın premyerası olacaq. Tamaşa ölkəmizdə ilk dəfə olaraq təbii dekorasiyadan istifadə edilərək – açıq səma altında, tarixi abidələrin fonunda nümayiş olunacaq. Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 135-ci ildönümündə – Milli Musiqi Günündə təqdim olunacaq premyera eyni zamanda Mingəçevir Dövlət Dram Teatrının milli musiqimizə, mədəni irsimizə töhfəsidir. DİA.AZ xəbər verir ki, tamaşa şifahi xalq ədəbiyyatı nümunələrindən olan “Apardı sellər Saranı” dastan-rəvayətinin motivləri əsasında hazırlanıb. Səhnələşdirəni Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rejissor Cavid Təvəkkül, rejissor assistenti Asim Məmmədov, layihənin rəhbəri Səxavət Məmmədovdur. Tarixi abidələrinə, coğrafi şəraitinə, müasir infrastrukturuna görə qədim Şamaxı rayonu daima turistləri özünə cəlb edib. Kələxana türbələri də Şamaxıya gələn qonaqlar tərəfindən daha çox ziyarət olunan məkanlardandır. Tamaşa hazırlanan zaman Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimiylə bağlı bütün şərtləri və tələbləri nəzərə alınıb.