“Yüzlərlə azərbaycanlı idmançı hazırdır, növbəmizi gözləyirik”
Tarix: 27-10-2020, 12:45 |
Çap et
"Survivor" yarışmasında iştirak edən kikboksinq üzrə Dünya çempionu Pərviz Abdullayev Türkiyənin "Star" kanalında yayımlanan "Demet və Alişan ilə sabah-sabah" verilişinə qonaq olub.
Musavat.com xəbər verir ki, məşhur idmançı torpaqlarımızın erməni işğalından azad olunmasından danışıb. O, Azərbaycana dəstək olduğu üçün qardaş Türkiyəyə təşəkkür edib:
“Hazırda Azərbaycanda müharibə gedir. Bu, haqq müharibəsidir. Çünki Azərbaycan öz torpağı, Qarabağ uğrunda mübarizə aparır. Başda Ali Baş Komandan olmaqla ordumuz çox qısa zamanda Qarabağımızı, gözəl torpaqlarımızı işğaldan azad edəcək.
Mən Ağdamdanam. Bu günü çoxdan gözləyirdik. Təbii ki, Vətən müharibəmizdə şəhidlik zirvəsinə ucalanlar var. Onlara Allahdan rəhmət diləyirik.
Mənim kimi yüzlərlə azərbaycanlı idmançı hazırdır, növbəmizi gözləyirik. Hər zaman yaxşı və pis gündə Azərbaycanın yanında olan Türkiyəyə təşəkkürümüzü bildiririk. Biz bir millət, iki dövlətik”.