"Mən gözüm görə-görə insanın ac, ehtiyac içində yaşamasına baxa bilmirəm"
Tarix: 3-11-2020, 15:53 |
Çap et
“Yaxın günlərdə telefonumu satdım və pulunu kənddə yaşayan bacı-qardaşlarıma göndərdim. İnsanı qınamaq çox asandır. Amma insanın daxilində nə çəkdiyini bilə bilməzsən”.
Yenisabah.az xəbər verir ki, bu sözləri tanınmış müğənni Nadir Qafarzadə Teleqraf.com-a müsahibəsi zamanı deyib.
İfaçı bildirib ki, səkkiz aydır heç bir yerdən gəliri yoxdur:
“Biz hazırda Vətənimizi, torpaqlarımızı düşünürük. Qazancını paylaşan yaxşı insanlarımız çoxdur. Mən gözüm görə-görə insanın ac, ehtiyac içində yaşamasına baxa bilmirəm. Hətta həyat yoldaşım dedi ki, sən nə günə qalmısan ki, telefonunu satırsan. Dedim, bəs neynəyim? Nəyisə satmalıyam! Səkkiz aydır pul qazanmıram. Amma heç kim maraqlanmır ki, Nadir nə yeyib-içir”.
O, ailəsinə yardım etmək üçün hətta evini də satışa çıxardığını açıqlayıb:
“Mən sata-sata gedirəm. Heç olmasa satmağa bir şey var. Hazırda evimi satışa çıxarmışam. Çünki nəslim böyükdür və ehtiyaclı yaxınlarım çoxdur. Bilirsiniz ki, qardaşım ruhi xəstədir. 1993-94-cü illərdə cəbhədə "kantuziya" alıb. Bir neçə ildən sonra bildik ki, xəsarət alıb. 46 yaşı var. Onun ailəsinə baxıram. Bacılarım var, kasıbdırlar, ayda bir dəfə gedirəm ki, ən azından yanlarında ola bilim, ehtiyaclarını ödəyim”.