"Bilirəm, tək ailəsi üçün yox, sevənləri üçün də üzücü xəbər oldu"
Tarix: 8-05-2021, 09:20 |
Çap et
Mərhum Xalq artisti Arif Quliyevin qızı Günel danışıb. Lent.az-a açıqlama verən aktyorun qızı atası barədə bu sözləri deyib:
"Ata itirmək ağırdır. Bilirəm, tək ailəsi üçün yox, sevənləri üçün də üzücü xəbər oldu. Mən atamı, xalq isə Xalq artistini itirdi. 10 gündür əziyyət çəkirik. Hamı da bizlə birlikdə əziyyət çəkirdi, zəng edirdilər, yazırdılar, maraqlanırdılar. Mayın 16-da ad günü idi, gözləmədi... Ağırdır. Sonuncu dəfə görüntülü danışdıq. Söz vermişdi ki, sağalıb gələcək, qızımın toyunda iştirak edəcək. Sözünü tutmadı. Sağalacağına inanırdı, səhhəti yol vermədi, orqanları dözmədi. Bizə çox ağırdır. Hər kəsə sonsuz təşəkkür edirəm. Səhhətində nisbətən yaxşılaşma olmuşdu. Dünən günorta saatlarında komaya düşdü" deyə, Günel bildirib.
Qeyd edək ki, bir müddət əvvəl koronavirusa (COVID-19) yoluxan Xalq artisti "Yeni Klinika"da müalicə olunurdu. Vəziyyəti ağır olan aktyor süni tənəffüs aparatına qoşulmuş, ağ ciyərlərinin doxsan faizi buzlaşmışdı. Həkimlərin səyinə baxmayaraq Xalq artisti 71 yaşında dünyasını dəyişib.