"O bütün sənətini, yaradıcılığını uşaqlara həsr edib"
Tarix: 1-06-2021, 09:56 | Çap et
"Atam Oqtay Zülfüqarovu şükür Allaha bütün Azərbaycan tanıyır və sevirdi. O da insanlara münasibətdə çox açıq idi, camaatı sevirdi, ən əsası da uşaqları çox istəyirdi. O bütün sənətini, yaradıcılığını uşaqlara həsr edib. 500-dən çox uşaqlar üçün mahnı, balet bəstələyib. Sonuncu işi 2014-cü ildə yazdığı "Sehrli alma" baletidir. Çox maraqlı bir insan idi, zarafatcıl idi. Atam uşaqları çox sevdiyindən elə uşaqların bayramı ərəfəsində doğulub. Biz dünən onun doğum gününü, 92 yaşını qeyd etdik. Bizdə bir ən-ənə var, doğum günündə bütün onu sevənlər, qohum-əqraba özünün yazdığı "Ad günü" mahnısını oxuyuruq" Bunu Moderator.az-a açıqlamasında məşhur uşaq bəstəkarı, Xalq artisti Oqtay Zülfüqarovun oğlu, bəstəkar, Əməkdar İncəsənət xadimi Cahangir Zülfüqarov deyib. O daha sonra əlavə edib.
"Atam dahi bəstəkarımız Qara Qarayevin sinfində oxuyub. O, konservatoriyanı bitirəndə atama deyib ki, uşaqlar üçün mahnılar çox az yazılır, bəlkə uşaq bəstəkarı olasan? Mən görürəm ki, səndə musiqidə şux elementlər var. O gündən atam gedib 1-ci nömrəli bağçanın müdirinin yanına və deyib ki, olar mən uşaqlarla ünsiyyətdə olum? Onlar üçün mahnı yazacağam. Müdir deyib ki, əlbəttə icazə olar, amma siz 2-3 yaşındakı uşaqlarla nə danışacaqsız? Atam uşaqlara yaxınlaşıb, biri maşın, biri gəlincik, biri aşbaz mahnısı istəyib. Bax mahnılar belə yaranıb, uşaqlarla ünsiyyətdə olub, onları müşahidə etməklə. Uşaqlıq onun qanında, canında var idi. Uşaqlarla uşaq olurdu, böyüklərlə böyük, əsas da budur" deyə bəstəkarın oğlu bildirib.
Cahangir Zülfüqarov bildirib ki, atasını evdə bəstəkar görəndən onun sənətini davam etdirib. "Mən evdə atamı görəndən sonra heç başqa sənət sahəsi seçməyi düşünmədim, bəstəkar olmaq istədim. Biz o vaxt Bəstəkarlar evində yaşayırdıq, evimizə bəstəkarlar, şairlər, gəlirdi. Həyətimizdə Tofiq Quıliyevi, Süleyman Ələsgərovu, Xəyyam Mirzəzadəni görürdüm, onlarla söhbət edirdim. Bir növ onların içində yetişirdim. Atam deyirdi ki, mahnı yazmaq üçün ilham pərisi gəlməməli, bəstəkar oturub mahnı bəstələməlidir. O adətən gecələr mahnı bəstələyirdi. Çünki gecələr sakitçilik olurdu, kimsə sənə mane olmurdu, bir az ifa edib, işləyirdin. Atamın ilham pərisi onun ailəsi, biz, nəvələri, həyat yoldaşı, ümumilikdə götürəndə bütün uşaqlar idi" deyə oğlu bildirib.
"Hər dəqiqə onun söhbətlərini, zarafatlarını yada salırıq. Elə bir gün yoxdur ki, xatırlamayaq. Hətta istəyirəm onunla danışım, söhbət edim, onu yanımda hiss edim. Hər zaman tövsiyyə edirdi ki, hamıya hörmət et, insanlar arasınfa fərq qoyma. Çətin situatsiyalarda dediyi sözlər qulağımda olur. Bəstəkar musiqiləri ilə danışır, sözlə danışmır. Mən fəxr edirəm ki, elə bir insanın oğluyam" deyə bəstəkarın oğlu söhbətinə yekun vurub.
|