Əsas Səhifə > Şou-biznes > "Muğam ifaçılarının hamısı ilə Avropa ölkələrini gəzmişəm"

"Muğam ifaçılarının hamısı ilə Avropa ölkələrini gəzmişəm"


15-03-2018, 08:23
"Muğam ifaçılarının hamısı ilə Avropa ölkələrini gəzmişəm"
Xalq artisti, professor, Azərbaycan Milli Konservatoriyasının "Muğam" kafedrasının müdiri Arif Babayevin müsahibəsini təqdim edirik:

- Azərbaycanda muğam müsabiqələrinin keçirilməsinə münasibətiniz necədir?

- Vətənimizdə muğam müsabiqələrinin keçirilməsi çox gözəl haldır. Çünki bu müsabiqələrdə gözəl səsə malik xanəndələrimiz üzə çıxır. Bu da gənc muğam ifaçılarımızın gələcəkdə uğurlar əldə etməklərinə yol açır.

- Muğam müsabiqələrində tələbələriniz də iştirak edir. Onlardan razısınızmı?

- O qədər tələbəm var ki, artıq sayını itirmişəm. Çalışıram ki, tələbələrimə Azərbaycan muğamını dərindən öyrədim.

- Sizcə, Azərbaycanda daha çox hansı janrda musiqilər dinlənilir?

- Azərbaycanın hər bir musiqi janrı gözəldir. Amma bizim muğamımızdan yoxdur. Azərbaycan muğamı milli ocağımızdır. Muğamımız dünya səviyyəsində tanınır və dinlənilir. Azərbaycan musiqisi hər yerdə sözünü deyir və yaşayır. Onu da xüsusi ilə qeyd edim ki, hazırda bir çox cavanlar estradadan çox muğamımızı öyrənmək istəyirlər. Bu da çox xoşa gələn haldır.

- Azərbaycan muğamı xarici ölkələrdə səsləndiriləndə orada yaşayan insanlar tərəfindən necə qarşılanır?

- 64 ölkədə olmuşam. Həmin ölkələrdə Azərbaycan muğamı səslənəndə alqışların ard-arası kəsilmir. Avropalılar muğamımıza möcüzə kimi baxırlar. Çünki bizdə olan xırdalıqlar heç bir ölkənin musiqisində yoxdur. Azərbaycan sənətçilərin avazı xarici ölkələrdə yaşayanların diqqətindədir.

- Həmkarlarınızla xarici ölkələrdə çox olursunuz?

- Muğam ifaçılarının hamısı ilə Avropa ölkələrini gəzmişəm. Həmkarlarım da mənim kimi xarici ölkələrdə Azərbaycan muğamını səsləndirib, bayrağımızı dalğalandırırlar. Mən fəxr edirəm ki, azərbaycanlıyam və bu Vətənin xanəndəsiyəm.

- Bizə son sözünüz...

- Qarşıdan Novruz bayramı gəlir. Azərbaycan xalqını bu bayram münasibəti ilə təbrik edirəm. Millətimə can sağlığı arzu edirəm.

Geri qayıt