Əsas Səhifə > Şou-biznes > “Dinc əhali ilə nə işiniz var, ay murdarlar?!”

“Dinc əhali ilə nə işiniz var, ay murdarlar?!”


2-10-2020, 13:03
“Dinc əhali ilə nə işiniz var, ay murdarlar?!”
Son günlər cəbhə xəttində yaranan gərginliklə bağlı bir çox mədəniyyət xadimləri fikirlərini bildirirlər.

Məsələ ilə əlaqədar Xalq artisti Gülyaz Məmmədova Yenisabah.az-la təəssüratlarını bölüşüb. Sənətçi gənclərin hər an döyüşə getməyə hazır olduğunu deyib:

“Hamımız həyəcanlıyıq, Allah bütün əsgərlərimizə kömək olsun. Vallah, xəbərləri eşidəndən bəri həm qürur hissi duyuram, həm də kövrəlirəm. Davamlı şəhid veririk, kövrəlməmək, ağlamamaq əldə deyil. Amma sevinirəm ki, irəli gedirik. Xəbərləri televiziyadan alıram, qələbə xəbərini səbrsizliklə gözləyirəm. O gün olsun eşidək ki, müharibə artıq bitib. Bütün anaların gözü yoldadır. Söz tapmıram, vallah. Qarabağ Azərbaycanımızın ürəyidir. Prezident elə belə deməyib ki, Qarabağ Azərbaycandır. İrəli qürurla gedirik, hazırda bütün gənclər döyüşə getməyə hazırdır. Hamısı könüllü getmək istəyir, mən bunu həm sosial şəbəkələrdə, həm də öz gözümlə yaxınlarımdan görürəm. Arzum odur ki, gedib döyüşsünlər, sağ-salamat qayıtsınlar”.

G.Məmmədova Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı artilleriya hücumlarını davam etdirməsini sərt şəkildə qınayıb:

“Mən təsəvvür edə bilmirəm ki, başlayan müharibə kiminsə sözü ilə dayansın. Biz siyasətçi deyilik, amma müşahidə edirik ki, döyüş dayanan deyil. Artıq dayanılası heç nə yoxdur. Bu bir fürsətdir, ələ keçib, müharibə başlayıb, dayanmaq olmaz. Başqa cür mümkün deyil, yalnız irəli! 30 ildir ki, dayanmışıq, gözləyirik. Cənab Prezident özü də dedi ki, mən gözlədim, məsləhət elədim, amma olmadı. Hamımız kömək istədik, dünya, beynəlxalq təşkilatlar bizi başa düşsün istədik. İndi də mülki əhaliyə hücum edirlər. Yaxşı, dinc əhali ilə nə işiniz var, ay murdarlar?! Müharibənin dayanmaması üçün səbəblər çoxdur. Hə şey göz qabağındadır, Allah köməyimiz olsun”.

Geri qayıt