Əsas Səhifə > Şou-biznes > "Bu gün hamı istəyir ki, nəsə etsin"

"Bu gün hamı istəyir ki, nəsə etsin"


9-10-2020, 14:35
"Bu gün hamı istəyir ki, nəsə etsin"
“Bu günlərdə, demək olar ki, bütün müğənnilər vətənpərvərlik mövzusunda mahnılar istəyir. Bu istək o qədər çoxdur ki, gün ərzində saatlarla işləməli oluram”.

Bu sözləri tanınmış bəstəkar, əməkdar artist Gövhər Həsənzadə Musavat.com-a açıqlamasında bildirib.

Bəstəkar deyib: “Bu günlərdə 3 mahnımı tam hazır etdim. Onlardan biri müğənni Samir Piriyev və xorla birgə işlədiyim “Sən tək deyilsən, Azərbaycan” mahnısıdır. Mahnının sözləri Abdulla Qurbaniyə məxsusdur. Bu mahnı artıq iki gündür ki, efirlərdə səslənir. Daha bir mahnım Xalq artisti Mübariz Tağıyevlə birgə işlədiyim “İgid şahinlər, bu il qələbə ilidir” mahnısıdır. Bu mahnı isə sabahdan etibarən efirlərdə səslənməlidir. Həmin mahnının da sözləri Abdulla Qurbaniyə məxsusdur.
Hazır olan digər üçüncü mahnım isə Elnur Məmmədovla birgə işlədiyim “Qələbəyə gedən yol” mahnısıdır.

Qeyd edim ki, bu günlərdə böyük emosiyalar, dinamik bir haldayam, böyük fəxrlə işləyir və bundan yorulmuram. Mənə müraciət edən heç bir müğənnini geri qaytarmıram. Təkcə müğənnilər deyil, çoxlu sayda şairlər də mənimlə əlaqə saxlayır, vətənpərvərlik mövzusunda yazdıqları şeirləri təqdim edirlər.

Bu gün hamı istəyir ki, nəsə etsin, vətəni üçün borcunu yerinə yetirsin. Vacib deyil ki, hamı gedib ön cəbhədə olsun. Hər kəs öz yerində, işində öz rolunu yeri yetirsə bu o deməkdir ki, hamı səfərbərdir, hamı iş başında, döyüş meydanındadır”.

Gövhər Həsənzadə qeyd etdi ki, 30 il əvvəl vətənpərvərlik mövzusunda yazılan mahnılar ilə indiki dövrdə yazılan mahnıların arasında xeyli fərq var: “Biz indi tarixi qızıl hərflərlə yazırıq. İndiki dönəmdə yazılan mahnılar ilə 30 il əvvəl yazılan mahnıların arasında xeyli fərq var. Çünki emosiyalar fərqlidir. 30 il əvvəl yazılan məşhur mahnılarımız arzulardan ibarət idi. Amma indi mahnılarda arzuya çatmaq amili var. Bu gün üçün yazılan mahnılar məhz bu gün, keçirdiyimiz möhtəşəm hislər ilə yazılmalıdır və mən inanıram ki, buna nail olacağıq.

Yeni mahnıları yazarkən çoxlu sayda gənc vətənpərvər simalar ortaya çıxdı. Doğrusu, mən bu qədər gözləmirdim. İnanın ki, nə qədər təmənnasız ifaçılarımız, səs rejissorlarımız yeni mahnıların yazılmasında gecə-gündüz aktiv iştitak etdilər”.

Bu günə qədər heç bir yaradıcılıq gecəsi keçirməyən əməkdar artist söz verdiyi kimi bu arzusunu Qarabağda keçirəcəyini bildirdi: “Mən sözümün üstündə durdum. Hər dəfə də deyirdim ki, ilk konsertimi Qarabağda keçirəcəm. Ürəyimə damıb ki, tezliklə bu arzuma çatacam”.

Geri qayıt