Əsas Səhifə > Şou-biznes > "Hansısa xalq artistimiz şəhid də ola bilər, burada nə var ki?"

"Hansısa xalq artistimiz şəhid də ola bilər, burada nə var ki?"


15-10-2020, 17:22
"Hansısa xalq artistimiz şəhid də ola bilər, burada nə var ki?"
Vətən müharibəsi ərəfəsində minlərlə vətəndaş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gedərək, könüllü kimi orduda xidmət etmək üçün qeydiyyata düşürlər. Onlar arasında sənət adamları da az deyil. Xalq artisti Aygün Kazımova, Faiq Ağayev, Əməkdar artist Mehriban Xanlarova, reper “Qurd”, rejissor Kənan M.M, aparıcı Hacı Nuran, aktrisa Arzum Kərimova, idmançı Kamil Zeynallı bu ilin iyul ayında baş verən Tovuz döyüşləri zamanı cəbhəyə getmək üçün könüllü kimi qeydiyyatdan keçiblər.

Bəs, mədəniyyət və şou əhlindən orduya çağırılan varmı? Onlar düşmənlə döyüşməyə gedərlərmi?

Musavat.com mövzu ilə bağlı sənətçilərin fikirlərini öyrənib. Türkiyə ilə hava yolları açıldıqdan sonra qardaş ölkəyə köçən Xalq artisti Miri Yusif cəbhədə döyüşlər başlayan kimi Bakıya dönüb. “Ya Qarabağ, ya ölüm” mahnısını Xalq artisti Alim Qasımovla duet formasında oxuyan müğənni cəbhəyə yollanmaq üçün qeydiyyatdan da keçib.

“Artıq Azərbaycan Respublikasının vətəndaşı olaraq könüllü kimi qeydiyyatdan keçmişəm. Orduya yazılan minlərlə vətəndaşımızdan biri də mənəm. Bu minlərlə insan kimi mən də Vətənin çağırışına səs verməyi özümə borc bilirəm və hər an ön cəbhəyə getməyə hazıram", - deyə Miri Yusif saytımıza açıqlamasında bildirib.

Xalq artisti Aygün Kazımova bildirib ki, 90-cı illərdə müharibədə olduğu üçün hərbi təcrübəsi var:
"Hazırda təkcə sənət adamları yox, hər bir azərbaycanlı orduya yazılmağa can atır. Biz internetdə görürük ki, Ermənistanda insanları zorla cəbhəyə aparırlar, əsgərin ayağını zəncirləyirlər ki, postdan qaçmasın.

Bəzən bizi tənqid edirlər ki, cəbhəyə gedirsənsə bunu nümayiş etdirmə. Biz sənətçiləri qınamasınlar, başqa ruhda insanlarıq. Orduya boşuna könüllü yazılmamışam, təcrübəm var. Hansısa xalq artistimiz şəhid də ola bilər. Burada nə var ki? Bundan gözəl ölüm varmı?”

Rejissor Kənan M.M qeyd edib ki, cəbhəyə getmək üçün bu ilin iyul ayından müraciət edib:

“Prezidentimizin çağırışından sonra könüllü olaraq orduda xidmət etmək üçün adımı yazdırdım. Amma hələ ki, məni çağırmayıblar. Vətən üçün döyüşmək şərəfdir. Orduda xidmət etmək hamımızın borcudur.
Hələ ki, əlimdən gələn odur ki, Qarabağ həqiqətlərini dünyaya çatdıraq. “Savaşçı” serialının ssenaristi Süleyman Çobandan xahiş eləmişəm ki, hazırda cəbhədə yaşananları, Qarabağ mövzusunu seriala salsınlar. O da mənimlə razılaşıb. Hələ ki, əlimdən bu gəlir”.

“Qurd” ləqəbli reper Fərid Eminov deyib ki, hər an vətən uğrunda döyüşməyə hazırdır:

“Cəbhədə yaşananları izləyirəm. Allah ordumuza qüvvət versin, şəhidlərimizə rəhmət eləsin. Vətən uğrunda döyüşmək, vətəni qorumaq borcumuzdur. Tovuz döyüşləri zamanı könüllü kimi qeydiyyatdan keçdim. Vətən uğrunda ölərik də, öldürərik də. Hər gün cəbhədən gözəl xəbərlər gəlir. Kəndlərimiz, şəhərlərimiz işğaldan azad edilir. Bu sevindirici haldır”.

Qarabağ savaşı başladıqdan sonra isə sənətçilərdən aktyor Emil Musayev, dicey Rövşən Həsənov (DJ Roşka) hərbi xidmətə yollanıblar.

Geri qayıt