Əsas Səhifə > Şou-biznes > “Müğənnilər vətənpərvərlik mövzusunda mahnılar oxuyurlar deyə birbaşa tənqid etmək doğru deyil”
“Müğənnilər vətənpərvərlik mövzusunda mahnılar oxuyurlar deyə birbaşa tənqid etmək doğru deyil”20-10-2020, 08:20 |
Sentyabrın 27-dən bu günə qədər cəbhədə baş verənlər, müzəffər ordumuzun uğurlu döyüş əməliyyatı nəticəsində gələn zəfər xəbərləri şou-biznes aləminə də təsirsiz ötüşməyib. Onlar bu müddət ərzində repertuarlarında yalnız vətənpərvərlik mövzusuna yer verir, zaman-zaman hərbi geyimdə çəkilişlər edirlər. Hətta əksər tanınmış cəbhə bölgəsinə yollanaraq həm əsgərlərimizə sovqat aparıb, həm də mənəvi dəstək verib. Lakin şou əhlinin bu addımları sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Müğənniləri təqdir edənlərlə yanaşı, müharibə mövzuları ilə özlərini reklam etməkdə günahlandıranlar da olub. Hətta onların layihələrini bayağı adlandıranlar da az deyil. Maraqlısı odur ki, həmin müğənniləri tənqid edənlər içərisində elə öz həmkarları da var. Məsələn Moskvada yaşayan tanınmış müğənni Rəqsanə İsmayılova həmkarlarını İnstaqramda paylaşdığı videoda sərt tənqid edib. O hazırkı müharibə şəraitində, şəhidlərimizin, erməni terroru nəticəsində həyatını itirən mülki şəxslərin kədəri, hüznü varkən klip çəkdirməyi, mahnı çıxartmağı düzgün qəbul etmədiyini söyləyib. R.İsmayılovanın fikirlərinə digər müğənnilər Səidə Sultan, Xatun Əliyeva da dəstəklərini ifadə ediblər. Onlar hərbi formada, əllərində silah klip çəkdirən, fotosessiya etdirən həmkarlarına sərt reaksiya verib. Həmin müğənniləri süni vətənpərvər adlandıran Səidə Sultan hər bir məqamdan reklam tutduqlarını xüsusi vurğulayıb. Xatun isə onları özlərini ucuz və havayi piar etməkdə günahlandırıb. Bəs Qarabağ üçün tək yumruq olduğumuz bir dönəmdə həmin müğənnilərin nöqsanlarını müzakirə edərək qabartmaq düzgündürmü? Yoxsa doğrudan da irad bildirilməlidir? Suallarımıza cavab tapmaq məqsədilə tanınmış sosioloq-alim Əhməd Qəşəmoğlu ilə əlaqə saxladıq. Məsələni “Sherg.az”a dəyərləndirən mütəxəssis şou biznes əhlinin də Azərbaycan vətəndaşı olduğunu, onların da ordumuzun zəfərlərinə sevindiyini söyləyib: “Çalışırlar ki, öz hisslərini ifadə etsinlər. Bunu da musiqi və mahnı ilə bacarırlar. Amma mahnıların şit olmamasına xüsusi diqqət etməlidirlər. Doğrudan da ciddi olan ifalar, layihələr insanlar tərəfindən rəğbətlə qarşılanır. Dinləyicilərdə vətənpərvərlik hissi oyadır. Həmin mahnıları ifa edənləri alqışlayırıq. Sağ olsunlar ki, sanballı, ciddi işlər ortaya çıxardırlar. Çünki təkcə bizdə belə deyil. Başqa ölkələrdə də müharibə zamanı əsgərləri, əhalini ruhlandırmaq üçün incəsənət adamları müəyyən işlər görüblər. Çox uzağa getməyək. Elə “İkinci Dünya” müharibəsində artistlər səfərbər olmuşdu. Cəbhəyə gedib əsgərlər üçün konsertlər verirdilər. Xalqda böyük ruh yüksəkliyi yaratmağa çalışırdılar. Ona görə də niyə müğənnilər vətənpərvərlik mövzusunda mahnılar oxuyurlar deyə birbaşa tənqid etmək doğru deyil. Sadəcə mahnıların quruluşuna baxmaq lazımdır. Ciddi məsələni şit şəkildə təqdim edibsə, tənqid oluna bilər. Bəzən elə olur ki, ifaçının geyimi və sair detallar mahnıyla uyğunlaşmır. Onda irad bildirmək olar. Çünki belə ciddi zamanda vətənpərvərlik mövzusunu düzgün nümayiş etdirmək lazımdır.” Sosioloq şou-biznesdə bu mövzu ətrafında bir-birini tənqid edən müğənnilərə də münasibət bildirib: “Əgər şou-biznes əhli bir-birinə irad tutursa, deməli, onların içərisində xırda hisslərlə yaşayanlar var. Düşünürlər ki, niyə o vətənpərvərlik mövzusunda işlər gördü, amma mən yox. O mənada özlərinə haqq qazandırmaq üçün iş görənləri tənqid edirlər.Ona görə bu məsələdə həssas olmaq lazımdır. Başdan-başa hamısını tənqid etmək olmaz. Ciddi işlər, layihələr ortaya çıxardanları təqdir etmək lazımdır. Amma şit və layiqsiz şəkildə işlər görən müğənnilərə irad bildirilməlidir”. Geri qayıt |