Əsas Səhifə > Şou-biznes > Şuşa alınanda məşhurlar nə edəcək?

Şuşa alınanda məşhurlar nə edəcək?


26-10-2020, 17:03
Şuşa alınanda məşhurlar nə edəcək?
Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları vətəndaşlarımızda qələbə əzmini, ruh yüksəkliyini daha da artırıb. İşğal edilmiş torpaqların hər bir qarışı bizim üçün doğmadır, əzizdir. Lakin Şuşanın azərbaycanlıların qəlbində xüsusi yeri var. Əməliyyatlar nəticəsində mədəniyyətimizin beşiyi sayılan Şuşanın düşmən tapdağından azad ediləcəyi gün uzaq görünmür.

Bəs görək azərbaycanlı məşhurlar Şuşa işğaldan azad edildikdə nə edəcəklər? Mövzu ilə bağlı Yenisabah.az bir neçə məşhurun rəyini öyrənib.

Xalq artisti Flora Kərimova qələbə sorağının gələcəyi günün uzaqda olmadığına inandığını bildirib:

“Allah qoysa, Şuşanın azad olunması xəbərini eşidərik. İnanın, dizin-dizin sürünəcəm, torpağı yalayacam. Hər gün televizoru açanda xoş xəbərlər eşidirik. O qədər ard-arda bu xəbərləri almışıq ki, artıq televizoru açanda nə isə yeni xəbər eşitmək istəyirəm. İnanıram ki, qələbə sorağı gələcək. Nə qədər bu millət ağlayar, nə qədər həsrətdə qalar? Nə qədər bu millət əlini uzadanda torpağına çatmaz? Allaha həmişə yalvarırdım ki, “Allah, üzünü biz tərəfə çevir, bizə qələbə gətir”.

Əməkdar artist, “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri Tahir İmanov Şuşa işğaldan azad olunduqda ilk növbədə babasının evini təmir etdirəcəyini bildirib:

“Şuşa işğaldan azad olunduqdan sonra mənim ilk növbədə planım odur ki, evimizi bərpa etdirim. Şuşadakı evimizi - bəstəkar Süleyman Ələsgərovun evini bərpa etdirmək istəyirəm. Mən görüntülərə baxıram, bu ermənilər 30 il ərzində orada donuz kimi yaşayıblar, donuz onların yanında toya gedəsidir. Bizim dədə-baba yurdumuzu xarabaya döndəriblər. Bu 30 il ərzində onlar işğal olunmuş ərazilərimizdə heç bir şey etməyiblərsə, deməli, bizim görüləsi işlərimiz hələ qabaqdadır. Amma düşünürəm ki, əvvəla hər kəs öz dədə-baba evini mütləq bərpa etdirməlidir. Ən əsas məsələisə odur ki, biz keçmiş səhvlərimizi təkrarlamayaq, gərək orada yaşayaq. Yaşamağa imkanımız yoxdursa, ən azından ilin yarısını orada keçirək. Necə ki, bunu Süleyman Ələsgərov edirdi. İlin 7-8 ayını Şuşada keçirərdi. Şuşadan çox mədəniyyət xadimi çıxıb, amma heç biri yayda Şuşaya gəlməzdi. Gəlsə də 3-5 günlük qonaq olub gedərdi. Baxın, Süleyman Ələsgərov 40-cı ildə oradan çıxdı, Bakıya gəldi ki, Konservatoriyada ali təhsilini alsın. Təhsilini bitirdikdən sonra qayıtdı, dədə-baba evini bərpa etdirdi və ömrünü işğala qədər Şuşada keçirtdi. Mənim dayım – S.Ələsgərovun oğlu mayın 7-i Şuşadan çıxıb, 8-i şəhər işğal edilib, təsəvvür edirsiniz? Bu qədər bizim o torpağa bağlılığımız olub. Ona görə də biz gərək Cabirlə birlikdə ilk növbədə orada babamızın evini bərpa etdirək”.

Müğənni Xuraman Şuşalı ata-baba yurdunun işğaldan azad ediləcəyi günü səbrsizliklə gözlədiyini, bundan sonra birdəfəlik Şuşaya köçəcəyini deyib:

“Allahın izni ilə işğaldan sonra Şuşaya köçəcəyəm. Torpağımız alınmamış artıq mənim planlarım qurulub. İnanıram ki, Şuşa alınacaq. Mən qış geyimlərimi artıq hazırlamışam, İnşallah bu qışı Şuşadayıq. Uşaqlarımı da götürüb gedəcəyəm. Həyat yoldaşım deyir ki, “Bir-iki il gözləməli olacaqsan, həmin dəqiqə köçürtməyəcəklər, minalardan təmizlənməlidir”. Mənsə deyirəm nə yol qoysalar onunla da gedib-gələcəyəm, qırağa çıxmaram. Təki oralara gedim. Bir ara xəbər yayıldı ki, Şuşa alınıb. Bu xəbəri mənə yaxın rəfiqəm demişdi. Eşidəndə oturub o qədər ağladım ki... Düşündüm ki, bu qədər illərimiz itdi, uşaqlığımız keçib getdi. O vaxt bizə təəssüf ki, “qaçqın” deyirdilər. Əslində biz məcburi köçkünük, amma elə səsləndirirdilər. O sözlər yadıma düşdü, bilmirəm bu uşaqlıq travmasıdır, ya nədir. O vaxt bizə “qaçqın” deyib, ələ salmaqlarını xatırladım, oturub ona ağladım.

Yoldaşım Bakıda televiziyaların birində çalışır, ona demişəm ki, bax, işini elə qur ki, Şuşada olsun. Ya da orada özünə bir iş taparsan. İndidən demişəm ki, mən yüz faiz köçəcəm, toylar da olanda Bakıya gəlib-gedərəm. Özüm təbiət aşiqiyəm, həm də ora mənim uşaqlığımdır, vətənimdir, öləcək yerimdir. Allah bizi Şuşasız eləməsin. İnanıram ki, Ali Baş Komandan tezliklə bu xəbəri verəcək”.

Tanınmış jurnalist, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib ki, Şuşanın işğaldan azad olunmasıyla bağlı xəbəri 28 ildi gözləyir:

“Mən cəbrayıllıyam. Oktyabrın 19-da kəndimiz erməni tapdağından azad olundu. Həmin gün sevincimin həddi-hüdudi yox idi. Şuşa işğaldan azad olunanda da ən azı bu qədər sevinəcəm. Buna əmin ola bilərsiniz”.

Baş redaktor bildirib ki, Qarabağı Şuşasız təsəvvür etmir. Onun sözlərinə görə, Qarabağsız Azərbaycan olmadığı kimi Şuşasız da Qarabağ yoxdur: “Əhd etmişəm, Şuşa işğaldan azad olunanda bir həftə oric tutub, Uca Allahdan şəhidlərimizə rəhmət, qəhrəman əsgərlərimizə isə cansağlığı diləyəcəm”.

Geri qayıt