Əsas Səhifə > Şou-biznes > "Hər gün əlimi göyə qaldırıb Allaha yalvarıram ki..."

"Hər gün əlimi göyə qaldırıb Allaha yalvarıram ki..."


30-10-2020, 13:01
"Hər gün əlimi göyə qaldırıb Allaha yalvarıram ki..."
"Şuşada doğulmuş biri kimi təsəvvür edə bilməzsiniz necə həyəcanlıyam. Evimizi, məhləmizi darmadağın ediblər. Bu yaxınlarda bizim küçənin fotosu yayıldı. Evimiz tarixi binalar olan bir yerdə idi. Baxıram, bütün işğal etdikləri yerlərimizi nə günə qoyublar, terror yuvasına, xarabalığa döndəriblər. Onlar bilirdilər ki, bir gün oralardan gedəcəklər, ona görə də dağıdıblar".

Bu sözləri Axşam.az-a açıqlamasında Xalq artisti Firəngiz Mütəllimova bildirib. Aktrisa deyib ki, illərdir içində qubar bağlayan Şuşa həsrətinin bitməsinə sayılı günlər qalıb:

"Hər gün əlimi göyə qaldırıb Allaha yalvarıram ki, torpaqlarımız tezliklə işğaldan azad edilsin, itkimiz az olsun. Heç bir dünya ölkələrinin yanında başıaşağı olmayaq. Qüdrətli, güclü biri kimi dayanaq. İllərdir Xocalı soyqırımında öldürülən körpələrin fotolarına göz yaşı ilə baxırıq. İndi də Gəncədə, Bərdədə öldürülən günahsız körpələri görəndə ürəyim parçalanır. Kimə nə pislik edirik, niyə dünya buna susur? Allah hamımıza səbr versin...

Şuşaya ilk girəcəyim an yaşayacağım hissi təsəvvürümə belə gətirə bilmirəm. Nələr yaşayacam... Ayağımı həmin torpağa basanda nə olacaq, bir Allah bilir. 1991-ci ildə Şuşada atamın 60 illik yubileyini keçirdik. Sonra bir daha ora gedə bilmədim, çünki düşmən başladı atmağa, yolları kəsdilər. Nigaran qalırdım, hər gün evə zəng edib valideynlərimin halını soruşurdum. Qarabağlılar bu hissləri çox yaşayıblar. Sonra başladılar əhalini oradan çıxarmağa. Şuşadan ən son atam çıxmışdı. Güclə avtobusa mindirib gətirmişdilər. Ondan əvvəl anam və bacılarım gəlmişdi. Atam gələndə anam soruşdu ki, soyuducunu "tok"dan çıxardın? "Yox" deyəndə, evdə bir dava düşdü ki... Atam dedi, səni başa sala bilmirəm, Şuşa artıq yoxdur".

Geri qayıt