Əsas Səhifə > Şou-biznes > "Evim Ağdamın mərkəzində yerləşirdi"
"Evim Ağdamın mərkəzində yerləşirdi"5-11-2020, 11:47 |
"Bizə gələn məcburi köçkünlərin arasında bir oğlan var idi. Dəqiq bilmədim Xocalı, yoxsa Quşçular kəndindən idi. Məndən çörək istədi. Ona bütöv bir çörək verdim. O çörəyi öpüb, gözünün üstünə qoydu və mənə neçə gündür ac qaldıqlarını dedi". DİA.AZ xəbər verir ki, bu fikirləri Xalq artisti Fatma Mahmudova "Vaxtı gəldi" verlişinə qonaq olan zaman səsləndirib. Aktrisa doğulduğu Ağdamda müharibə dövrünü belə xatırlayır: "Demək olar ki, müharibə veteranıyam. Həyat yoldaşım Tofiq Qarayev də (aktyor - red.) Milli Orduda döyüşüb. Evim Ağdamın mərkəzində yerləşirdi. Orada Musiqili Teatrda çalışırdım. Hərbi hissələrdə tədbirlər olanda uşaqlarımla gedirdim. Mən Xocalıda və digər ərazilərimizdə qaçqın düşən həmvətənlərimizin aqibətinə şahid olmuşam. Evimin qapıları hər zaman onlara açıq idi. Xocalıdan, Quşçulardan qaçqın düşənlər var idi. Onlar bizim evə pənah gətirib sığınırdılar. Ayaqları donan insanlara kömək edirdim. Onlara su, çörək, yemək verirdim". F.Mahmudova Ağdam azad olunandan sonra ilk olaraq oradakı qəhrəmanlarımızın qəbrini ziyarət edəcəyini bildirib: "Ağdamın bir çox qəhrəman oğulları var idi. Arzu edirəm ki, torpaqlarımız alınanda bir–bir o qəhrəmanların qəbrini ziyarət edim. Onların ruhu ilə görüşüm. Məzarları önündə baş əyib, diz çöküm". /Axşam.az Geri qayıt |