Əsas Səhifə > Şou-biznes > “Şuşaya birinci mən gedəcəm”

“Şuşaya birinci mən gedəcəm”


5-11-2020, 17:04
“Şuşaya birinci mən gedəcəm”
Hazırda cəbhədə gərgin döyüşlər gedir. Sentyabrın 27-i Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatına başlayan ordumuz torpaqlarımızı qarış-qarış işğaldan azad edir. Bu günə qədər 200-dən çox yaşayış məntəqəsi, şəhərlər, kəndlər düşmən əsarətindən qurtulub. 30 ilə yaxındır, işğalda olan dörd şəhərdə - Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlıda Azərbaycan bayrağı dalğalanır. İranla sərhəddə yerləşən ərazilər tamamilə rəşadətli ordumuzun nəzarətinə keçib. Bir sözlə düşmənin “nəfəsliyi” kəsilir.
Düşmənin zorbalıq və vandalizm nəticəsində darmadağın etdiyi torpaqlarımız əsgərlərimizin qədəmləri ilə gülüstana çevrilir. Hər kəs sevinir, hamı xoşbəxtdir. Elə əməkdar artist Baloğlan Əşrəfov kimi...

Sənətçi “Sherg.az”la həmsöhbət olarkən zəfərlərimizin onu necə fərəhləndirdiyindən danışıb:

“Ərazilərimiz uzun illərdən sonra erməni quldurlarından qurtulur. Ona görə əsgərlərimizə baxırıq, fəxr edirik. İnanın, qohum əqrabalarımdan şəhid olanlar var. Dayım oğlu da şəhadət şərbəti içdi.

Ondan başqa qohumlar, tanışlar da həmçinin. Lakin xüsusi olaraq vurğulayım ki, Ali Baş Komandan İlham Əliyevin səyi nəticəsində torpaqlarımızın hamısı işğaldan azad olunacaq. Hələ o vaxtı Şuşaya səfər etmişdim. Atam orada istirahət edirdi. Mən də onun yanına getmişdim.

O zaman Şuşaya, onun torpağına vurulmuşdum, heyran qalmışdım. Sonra düşünüb, təəssüflənirdim ki, belə bir şəhərimiz işğal olunub. Deyirdim görəsən bir də gedə biləcəmmi oralara?

İndi şükür ədalət öz yerini tapır.Allah bu yolda şəhid olan oğullarımızın ruhunu şad eləsin. Hər birinin qarşısında baş əyirəm. Döyüşən igidlərimizin səs-soraqları gəldikcə fərəhlənirəm.

Fəxr edirəm ki, mən də Azərbaycan xalqının bir nümayəndəsiyəm. Və millətim əzəli torpaqlarını işğaldan azad edir. Mən də o böyük qələbə gününü görəcəm .Çox istəyirəm ki, Qarabağa səfər edim.

Məsələn hamıya demişəm ki, Şuşaya gediş-gəliş olandan sonra birinci mən gedəcəm. Onu da deyim ki, bu günlərdə bizim sənət adamları qürur hissi ilə mahnılar oxuyurlar.

Lazım olanda xalqı ruhlandırırlar. Xülasə hər şey yaxşı olacaq”.

Geri qayıt