Əsas Səhifə > Şou-biznes > “Bilsəydik ki, çıxıb gələcəyik, mədəniyyət və tariximizlə bağlı eksponatları yığıb gətirərdik, fəqət buna imkan olmadı”

“Bilsəydik ki, çıxıb gələcəyik, mədəniyyət və tariximizlə bağlı eksponatları yığıb gətirərdik, fəqət buna imkan olmadı”


7-11-2020, 08:56
“Bilsəydik ki, çıxıb gələcəyik, mədəniyyət və tariximizlə bağlı eksponatları yığıb gətirərdik, fəqət buna imkan olmadı”
Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə son 30 ildə ermənilərin məhv etdiyi mədəniyyət müəssisələrimizdən danışıb. O qeyd edib ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yaşayış evləri, təhsil, sənaye və kənd təsərrüfatı obyektləri ilə yanaşı yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana dağıdılıb:

808 mədəniyyət sarayı, klub və mədəniyyət, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən çox eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən çox tarix və mədəniyyət abidəsinin talan edildiyini söyləyib.

M.Qafarzadə qeyd edib ki, o cümlədən Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri, Kəlbəcər rayonunda Gəncəsar və Xudavənd məbədləri, Ağdam rayonunun Xaçın Türbətli kəndində məqbərə, Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri - Azıx mağarası, Şuşa Dövlət Tarix Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilib.

Düşmənin bu barbar əməllərini “Sherg.az”a dəyərləndirən xalq artisti Rasim Balayev onlardan belə hərəkətləri gözlədiyini söyləyib:

“Bilirdim ki, ermənilər işğal etdikləri torpaqlarda Azərbaycana məxsus heç nə saxlamayacaqlar. Hamısını erməniləşdirəcəklər. Hətta gedib orada qazıntı aparsalar, yerin altında bizim eradan əvvələ aid nəysə taparlar. Bunlar belə məxluqatlardırlar. Ona görə gərək o vaxt köçüb gələndə həmin tarixi eksponatları gətirərdik.

Amma elə oldu ki, yazıq vətəndaşlar əli açıq, başı yalın köçkün düşdülər. Evlərindən nə isə götürə bilmədilər. Biz isə onları rahat yola saldıq. Hətta yadıma gəlir ki, erməni qonşularım var idi. İstəkanlarını belə yolda sınmasın deyə kağıza bükdülər.

Təbii bilsəydik ki, çıxıb gələcəyik, mədəniyyət və tariximizlə bağlı eksponatları yığıb gətirərdik, fəqət buna imkan olmadı”.

R.Balayev onu da əlavə edib ki, başqa millətlər tarixi abidələrə toxunmur, onları qoruyub, saxlayırlar:

“Məsələn Türkiyə neçə illərdir yunanların əlindən İstanbulu azad edib. Amma Ayasofyanı qoruyub. Başqa millətlər də belədir. Biz də erməni kilsəsini dağıtmamışıq. Amma ermənilər son dərəcə alçaq millətdir. Ona görə bu cür hərəkətləri gözləmək mümkün idi”.

Geri qayıt