Əsas Səhifə > Şou-biznes > “Qalan ömrümü yenidən Şuşada yaşamaq istəyirəm”
“Qalan ömrümü yenidən Şuşada yaşamaq istəyirəm”11-11-2020, 08:28 |
1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilən Şuşa şəhəri, nəhayət, 28 il sonra - 8 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildi. Qarabağın ürəyi və Azərbaycan mədəniyyətinin paytaxtı sayılan Şuşanın azad edilməsi ərazi bütövlüyümüzün bərpası baxımından həm taktiki, həm də psixoloji-mənəvi cəhətdən bizə böyük üstünlük yaratdı. Şuşanın işğaldan azad edilməsi bütün Azərbaycan xalqını sevinc gözyaşlarına boğdu və bu xəbərdən sonra bütün ölkə bayram ab-havasına büründü. Azərbaycan, Türkiyə və Pakistan bayraqlarına bürünən ölkə vətəndaşları bu qələbəni qeyd etmək üçün şəhərin küçələrinə axışdı və sevinclərini bölüşməyə başladılar. Şuşanın işğaldan azad edilməsi xəbərinə sevinənlər arasında, 1964-cü ildə Şuşa şəhərində anadan olan, Respublikanın Əməkdar artisti, Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru Azad Məmmədov da var. O, sevincini AYNA ilə bölüşüb. - Azad bəy, əvvəlcə Şuşanın işğaldan azad edilməsi münasibəti ilə sizi təbrik edirik. Bu xəbəri eşidəndə nə hisslər keçirdiniz? Təəssüratlarınız maraqlıdır. - Bu xəbərdən bir gün əvvəl axşamçağı içimdə qəribə bir hiss var idi. Sanki, Şuşanın azad ediləcəyini hiss edirdim. Həmin axşam yağış yağırdı. Mən də açıq havada oturub, yağış səsinə qulaq asa-asa çay içir, Şuşadakı günlərimi xatırlayırdım. Çünki Şuşada olanda da eyni ilə həminki gün kimi, yağışlı-çiskinli havalarda ağac altında oturar, sevdiyim mahnılara qulaq asardım. Bu mənzərənin yenidən yaşanması və qəfildən yadıma düşməsi, Şuşanın azad ediləcəyi ilə bağlı daxilimdə məşum bir hiss yaratmışdı. Həmin gün demək olar ki, səhərə qədər yata bilmədim. Günorta saatlarında isə Prezidentin xalqa müraciət edəcəyini eşitdim. Hiss edirdim ki, Şuşanın azad edilməsi ilə bağlı xəbər veriləcək. Əvvəlcə, çox həyəcanlandım və bu xəbərə dözmək üçün ürək dərmanı atıb müraciəti izləməyə başaldım. Ölkə başçısı Şuşanın azadlıq xəbərini verəndə bir anlıq duruxdum. Lakin çox keçməmiş mənə durmadan zənglər gəlməyə başladı və təbriklərin ardı-arası kəsilmədi. Sanki, məni böyük bir kədərdən xilas elədilər və sevincimə şərik olub, məni tək qoymadılar. Çünki bu, elə bir hiss idi ki, bu hissi qətiyyən sözlə ifadə etmək mümkün deyil. Bu hissi ancaq yaşamaq lazım idi. Vətən həsrəti sona çatdığı üçün sevinc gözyaşlarına boğulmuşdum və nə edəcəyimi bilmirdim. - Neçə yaşınıza qədər Şuşada yaşamısınız və həmin illəri necə xatırlayırsınız? - 28 yaşıma qədər Şuşada yaşamışam. Şuşa işğal ediləndən sonra isə 28 ildir ki, Şuşa həsrəti ilə Bakıda yaşayıram. Bundan sonra qalan ömrümü yenidən Şuşada yaşamaq istəyirəm. Əslində, Şuşa işğal edilməsəydi və sadəcə işləmək üçün Bakıya gəlsəydim, istədiyim vaxt doğma torpağıma gedər, böyüyüb boya-başa çatdığım yerlərə baş çəkərdim. Lakin Şuşa işğal ediləndən sonra bütün xatirələr qırıldı və mən Şuşaya həsrət qaldım. Yeri gəlmişkən, mərhum bəstəkarımız Fikrət Əmirovun “Gülüstan Bayatı-Şiraz” adlı simfonik muğamı var. Mən həmin muğamı dinləyəndə həmişə həsrət zəncirinin qırılmasını arzu edirdim və nəhayət, Şuşa azad edildi. Düzdür, torpaqlarımızın azad edilcəyinə hamımız ümid edirdik, amma bu azadlıq elə bir vaxtda oldu ki, sözlə ifadə etmək çox çətindir. - Yəqin ki, Şuşa ilə bağlı gələcək planlarınız çoxdur... - Əlbəttə. Allahın izni ilə yenidən Şuşaya qayıdacam və qalan ömrümü orada sürəcəm. Əminəm ki, ölkə başçısı hər şey yoluna düşəndən sonra da Şuşada beynəlxalq festivallar, tədbirlər keçirəcək və Şuşa Dövlət Musiliqi Dram Teatrı da o tədbirlərdə təbii olaraq fəal iştirak edəcək. Biz də böyük məmnuniyyətlə Şuşa Dövlət Musiqili Dram Teatrı olaraq o tədbirlərdə iştirak edəcək və doğma torpağımıza qovuşmağın sevincini yaşayacağıq. - Siz həm də Şuşa Dövlət Musiqili Dram Tetarının aktyorusunuz. Teatr yenidən Şuşaya köçürülsə, fəaliyyətinizi Şuşada davam etdirəcəksiniz? - Təbii ki! Biz uzun illər bacardığmız qədər bütün heyətlə birlikdə Şuşa Teatrını qoruyub, ayaqda saxlaya bildik və Şuşanın adını daşıyan teatrımızı dağılmağa qoymadıq. Yəni, əlimizdən gələni etdik. Təbii ki, dövlət də bizə çox kömək elədi, bizim üçün bina tikdi, gözəl şərait yaratdı. İnşallah, yəqin ki, Şuşada bizim üçün daha gözəl teatr binası tikiləcək və biz neçə il qoruyub-saxladığımız ənənələrimizi yenidən Şuşaya qaytaracaq və qaldığımız yerdən davam edəcəyik. Geri qayıt |