Əsas Səhifə > Şou-biznes > “Möhtəşəm qələbəmiz milli kinomuzda əksini tapmalıdır”
“Möhtəşəm qələbəmiz milli kinomuzda əksini tapmalıdır”13-11-2020, 16:57 |
“30 illik həsrətdən sonra torpaqlarımız özümüzə qayıtdı. Bu möhtəşəm qələbə milli kinomuzda öz əksini tapmalıdır”. Bunu xalq artisti, tanınmış rejissor Əbdül Mahmudbəyov Yenicag.az-a açıqlamasında deyib. Rejissor bununla bağlı xüsusi ssenarilərin yazılmasını təklif edib: “Artıq zaman yetişib, işğaldan azad etdiyimiz torpaqlarımızın tarixi, eləcə də qələbəmizlə bağlı keyfiyyətli filmlər çəkilməli, dünya ekranlarına çıxarılmalıdır. Kino həm də təbliğat vasitəsidir, bunu hamı bilir. Eləcə də sənədli filmlərin çəkilişinə başlanmalıdır. Bu filmlərdə torpaqlarımız uğrunda şəhid olan qəhrəmanlarımızın ümumiləşdirilmiş obrazları yer almalıdır. Filmlərimizdə yer alan qəhrəmanlar hər zümrəni əhatə etməlidir. Çünki Ali Baş Komandanımız başda olmaqla, onun ətrafında birləşən əsgərlərimiz, zabitlərimiz, xalqımızın igid övladlarının gücü, əzmi nəticəsində bu qələbəyə nail olmuşuq. Bu filmləri dünyaya çıxarmaqla bir daha göstərməliyik ki, bəli, Qubadlı, Şuşa, Cəbrayıl, Zəngilan, Laçın və digər torpaqlar Azərbaycanın ən gözəl, dilbər guşələridir. Tarixi abidələrimiz də bu filmlərdə xüsusi yer almalıdır. Bu yaradıcılıq işləri üçün mütləq keyfiyyətli ssenarilər yazılmalıdır. Ermənilər o filmlərə baxıb bir daha anlamalıdır ki, özgə atına minən tez düşər”. Geri qayıt |