Əsas Səhifə > Şou-biznes > "Cavab verirdi ki, “mən komandirəm. Əyilməyim şərəfsizlik olar"
"Cavab verirdi ki, “mən komandirəm. Əyilməyim şərəfsizlik olar"16-11-2020, 16:07 |
Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktyoru Əli Nurun oğlu Rövşən Nurzadə Vətən Müharibəsində şəhid olub. Baş leytenant Rövşən Nurzadə Vətənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etməklə adını tarixə yazdırdı. Xalq artisti Əli Nur Modern.az saytına müsahibəsində oğlundan danışıb. Əli Nur bütün şəhid atalarının düşüncələrini, vətən sevgisini ifadə edib. Onunla söhbəti təqdim edirik. - Əli müəllim, oğlunuz, şəhidimiz Rövşən Nurzadə haqqında bir az geniş məlumat istərdik... - Rövşən şəhid olanda 45 yaşı var idi. O, uşaqlıqdan Vətənə məhəbbət ruhunda tərbiyə almış, ölkəsini sevən insan idi. 1991-ci ildə Qarabağ savaşı başlayanda Sumqayıtda 31 nömrəli tam orta məktəbin 9-cu sinifində oxuyurdu. Bir gün sinif yoldaşlarını başına yığaraq, onlara deyib ki, mənə xeyir-dua verin, döyüşə gedirəm. Bunu eşidən uşaqlar ona deyiblər ki, silahın olmadığı halda necə döyüşəcəksən? Onlara Ağdama gedib silah tapacağını bildirib. Avtobusa minərək Ağdama yola düşüb. Rövşənin Ağdama getdiyini mənə məktəbin direktoru zəng edib xəbər verdi. Mən Saray postuna gəldim. Oradan polislərlə əlaqə saxlayaraq, bildirdim ki, “Sumqayıt-Ağdam avtobusu gələcək, o maşında Rövşən adlı bir 9-cu sinif şagirdi var, onu saxlayıb geri qaytarın. O hələ şagirddir, döyüş qabilliyyəti yoxdur”. Avtobusda onu saxlayıb hara getdiyini soruşanda deyib ki, “mən Ağdama xalamgilə gedirəm”. Şagird olmadığını, kollecdə oxuduğunu bildirib. Daha sonra bir mayor onu götürərək 31 nömrəli məktəbə gətirib, direktora təhvil vermişdi. Rövşəm orta məktəbi bitirdikdən sonra hərbçi olmaq istədiyini bildirdi. Onun hərbiyə marağı bəlkə də oxuduğu kitablardan idi. Mənim kitabxanam var idi. Tez-tez kirayə ev dəyişdiyimizə görə kitablar azalırdı. Kitabxanamda hərbi memuarlar vardı, dünyanın böyük sərkərdələri haqqında kitabları Rövşən saxlayır, oxuyurdu. - Və sonra hərbçi oldu... - Hərbi məktəbi oxuduqdan sonra Rövşən Qarabağa getdi. Ağdamdakı hərbi hissədə 10 il bölük komandiri oldu. Mən özüm tez-tez onun yanına gedirdim. Mənə deyirdi ki, “əyil, ermənilər səni snayperlə vurarlar”. Ondan soruşurdum ki, “sən niyə əyilmirsən?”. Cavab verirdi ki, “mən komandirəm. Əyilməyim şərəfsizlik olar”. Sonra hərbidən ayrıldı və ikinci ali təhsil olaraq iqtisadiyyat üzrə oxudu, bank sahəsində işini davam etdirdi. Bir neçə bankın direktoru oldu. Bir müddətdən sonra restoran işlətdi. - İkinci Qarabağ Müharibəsində könüllü iştirak edirdi? - Vətən Müharibəsi başlayanda gördüm ki, Rövşən özündə deyil. İnsanlar arasında fərq yerdən-göyə qədər olur. Bir kişinin on oğlu ola bilər. Onun beşi, hətta doqquzu bacarıqsız, fərsiz ola bilər. Amma mütləq həmin on oğuldan biri od parçası, qeyrətli, namuslu, igid, xaraktercə möhkəm kişi olur. Rövşən elə uşaq idi. Oktyabrın 18-i səhər gülə-gülə gəlib bizimlə görüşdü və getdi. Dedi ki, “mən cəbhəyə gedirəm”. Mən isə onun oğlanlarını götürdüm, Səfərbərlik Xidmətinin Yasamal rayon şöbəsinə gedib Rövşəni cəbhəyə yola saldıq. - Neçə övladı var? - İki oğlu var. Oğlanlarından biri Türkyənin Ağdəniz Universitetinin turizm ixtisası üzrə təhsil alır. Digəri isə 6-cı sinifdə oxuyur. Rövşən tez-tez ailəsinə və bizə zəng edirdi. - Hansı istiqamətdə döyüşürdü? - İlk olaraq Füzulidə idi. Bir neçə gün sonra Cəbrayıldan, daha sonra isə Zəngilandan zəng etdi. Axırıncı dəfə Qubadlıda idi və dedi ki, Qubadlını almışıq. Noyabrın 2-də günorta zəng edib, onları Cəbrayıla apardıqlarını söylədi. Dedim ki, ay oğul axı siz Cəbrayılı almısız, yenidən niyə Cəbrayıla gedirsiz? Dedi ki, “ata bizi yəqin harasa aparacaqlar, ona görə heç nə demirlər”.Yenidən hazırlıq keçəcəklərini də dedi. Axşama yenidən əlaqə saxladı, meşə boyunca Laçına tərəf irəlilədiklərini düşünürdük. Noyabrın 11-i onun şəhid olduğu xəbəri gəldi. - Yəqin ki, oğlunuzun şəhid olmağı sizi çox yandırb-yaxır... - Rövşən və onun kimi mərd oğullar şəhid olmasaydı, alçaqların işğal etdiyi o müqəddəs torpaqlarımızı kim xilas edəcəkdi? Ölümsüz, itkisiz, şəhidsiz torpaq almaq olmur. Şərəfsiz ermənilər deyirdilər ki, “Qarabağa görə ayağa qalxsanız, gəlib Bakını alacağıq”. Onlarının alçaq hərəkətlərini bütün dünya görürdü. Bizim igidlərimiz onlara yerini göstərdi, onlar oğlanlarımızınm qarşısında bir heç oldular... Cənab Ali Baş Komandanımızın rəhbərliyilə Ordumuz da ermənilərin acizliyini sübut etdi. 40 günə biz bütün İrəvanı götürərdik. Azərbaycan və Türk dünyasının ən böyük düşməni rus şovinizmidir. Rusiya erməniləri müdafiə etdi. Əgər Rusiya axırıncı dəfə erməniləri qorumasaydı, bizim Ordumuz Xankəndinə girəcəkdi. Yeri gəlsəydi, Zəngəzuru, Göyçəni, hətta İrəvanı da geri ala bilərdi. Müharibənin qanunları var. Müharibədə ordu və əsgərlər həmişə hərbi marş oxuya-oxuya irəli gedir. Bizim Ordumuz da qələbə marşı oxuyurdu. Əsgərlərimiz böyük güc və qüvvətlə mübarizə apardı. Ali Baş Komandanın özünün də güclü mövqeyi var idi. Bütün dünya Azərbaycan xalqının gücünü gördü. Biz dünyaya sübut etdik ki, Qarabağ Azərbaycandır! Geri qayıt |