Əsas Səhifə > Şou-biznes > “İncəsənət videomühazirələri” adlı yeni layihə

“İncəsənət videomühazirələri” adlı yeni layihə


19-11-2020, 16:37
“İncəsənət videomühazirələri” adlı yeni layihə
Yaradıcı Təşəbbüslər Mərkəzi “İncəsənət videomühazirələri” adlı yeni layihə həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Mədəniyyət Nazirliyi ilə birgə təşkil etdiyi “Mədəniyyət sahəsində müasir informasiya texnologiyalarının tətbiqinə dair təşəbbüslər” mövzusunda qrant müsabiqəsi çərçivəsində gerçəkləşən layihə incəsənətin müxtəlif növlərini əhatə edən videomühazirələrdən ibarətdir.

Zəngin tarixə və dərin köklərə malik Azərbaycan maarifçilik ənənələri bu gün də milli mədəniyyətimizə xidmət etməkdədir. Hazırda yaşadığımız informasiya cəmiyyəti, malik olduğumuz informasiya-kommunikasiya texnologiyaları maarifçilik ideyalarının həyata keçirilməsi üçün yeni imkanlar açır. Qarabağ savaşında qazanılan möhtəşəm qələbə milli özünüdərk prosesini, milli dəyərlərimizin öyrənilməsi və təbliği məsələsini daha da aktuallaşdırır.

Bu mənada, böyük maarifçilik funksiyası daşıyan “İncəsənət videomühazirələri” layihəsi xüsusi əhəmiyyətə malikdir.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tariyel Məmmədovun rəhbərlik etdiyi layihə çərçivəsində “Üzeyir Hacıbəylinin maarifçilik fəaliyyəti” “Kino sənətində karnavallıq”, “Azərbaycan sirk ustaları dünya arenasında”, “Dünya və Azərbaycan təsviri sənətində Tomris ikonoqrafiyası” və “Şekspir əsərlərinin müasir səhnə interpretasiyası” kimi maraqlı mövzularda dünya və Azərbaycan incəsənətinin müxtəlif problemlərinə dair videomühazirələr hazırlanaraq elektron resurslara (https://www.youtube.com/channel/UCwtAW58517IR-OIt0VdJRpA) yerləşdirilib. İzləyicilər bu mühazirələrlə professor Ülviyyə İmanova, Əməkdar incəsənət xadimi Ayaz Salayev, sənətşünaslıq üzrə fəlsəfə doktorları Vidadi Qafarov, Sevil Kərimova, Rəcəb Məmmədov və Elçin Cəfərov kimi tanınmış mütəxəssislərin təqdimatında tanış ola biləcəklər. Elmi-populyar üslubda hazırlanan, audio-vizual materiallarla zəngin mühazirələr hər bir internet istifadəçisi, xüsusən də gənc nəsil üçün maraqlı və faydalı olacaq, incəsənətin təbliğində öz rolunu oynayacaqdır.

Geri qayıt