Əsas Səhifə > Şou-biznes > "Mənə dedilər ki, teatr son vaxtlar qastrollara çıxmayıb"

"Mənə dedilər ki, teatr son vaxtlar qastrollara çıxmayıb"


28-11-2020, 09:21
"Mənə dedilər ki, teatr son vaxtlar qastrollara çıxmayıb"
Bu dəfə Ağdam Dövlət Dram Teatrından danışacağıq. Bu sənət ocağı Azərbaycan teatr sənətinə bir çox məşhur simalar bəxş edib. Ağdam Dövlət Dram Teatrı 1902-ci ildə böyük ədibimiz Əbdürrəhim bəy Haqverdiyevin və yerli ziyalıların təşkilatçılığı ilə fəaliyyətə başlayıb. Teatrın ilk tamaşaları Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və Əbdürrəhim Haqverdiyevin “Dağılan tifaq” əsərləri əsasında səhnələşdirilib. Ağdam rayonunun Ermənistan tərəfindən işğalından sonra Qarabağ mədəniyyətinin nümunələrindən biri sayılan Ağdam Dövlət Dram Teatrı bir müddət çətin şəraitdə fəaliyyətini davam etdirib. Teatrın yaradıcı kollektivi iş yerlərini tez-tez dəyişmək məcburiyyətində qalıb.

Moderator.az-a müsahibə verən sənət ocağının direktoru Məhəmməd Hüseynov deyir ki, bütün bunlara rəğmən, mənfur düşmən yaradıcılıq mühitinə mane ola bilməyib.

“ 70-ci illər Ağdam Dövlət Dram Teatrının demək olar ki, qızıl dövrü idi. Həmin dövrdə teatrımıza Avropanın, ümumilikdə bütün dünya klassikasının əsərləri tamaşaya hazırlanmışdır. 1993-cü ildə Ağdam şəhəri işğal olunandan sonra teatrın çətin günləri başlamışdır. Teatr Bərdə şəhərində və digər münasib olmayan binalarda fəaliyyət göstərməyə məcbur olmuşdu. 2011 ci ildə Ağdam Quzanlı mədəniyyət evi əsaslı təmir olunmuşdu, daha sonra teatrın balansına keçirilmişdir və həmin vaxtdan Ağdam Dövlət Dram teatrı Quzanlı qəsəbəsində öz fəaliyyətini davam etdirir. Həmin vaxtdan bu günə qədər teatrda 30-a qədər tamaşa hazırlanıb tamaşaçılara təqdim edilmişdi” deyə teatrın direktoru bildirib.

Teatrda müxtəlif illərdə bir çox tanınmış rejissorlar çalışıb. 2014-2017-ci illər ərzində bu sənət məbədinin baş rejissoru Əməkdar artist Sərvər Əliyev olub. O teatra gəlişini belə xatırlayır.

“Mən oktyabrın 2-də 2014 cü ildə Ağdam teatrına baş rejissor təyin olundum. Kollektivlə tanış olandan sonra kollektivin arzusunu, hansı rollar, tamaşalar oynamaq istədiyini öyrənməyə çalışdım. Yazıb gətirdilər mənə hətta onun içində klassik ədəbiyyatımız da, dramaturqların əsərləri də var idi. Amma Avropa dramaturqlarının əsərləri yox idi. Bu eksprimentdən sonra ilk öncə yüngül komediyadan “Gecə yarısı soyğunçuluq” əsərindən başladım. Bu tamaşamız 4 ay ərzində 5 rayonda oldu və teatra gəlir gətirməyə başladıq. Mənə dedilər ki, teatr son vaxtlar qastrollara çıxmayıb. İlk addımım uğurlu alındı” deyə Sərvər Əliyev bildirib.

Hazırda teatrın yaradıcı heyyətinin arzusu işğal altından azad olunmuş Ağdamda fəaliyyətini bərpa etməkdir. O gün elə də uzaqda deyil.

Geri qayıt