Əsas Səhifə > Şou-biznes > "Səhnəyə ilk addımlarımı “Vətən” mahnısı ilə atmışdım"
"Səhnəyə ilk addımlarımı “Vətən” mahnısı ilə atmışdım"2-12-2020, 08:55 |
Gənclik illərimizin ən çox sevilən, dinlənilən ifaçılarından idi İzzət Bağırov. Özünün ampulası, ifa tərzi ilə tamaşaçıların qəlbində yer tutmağı bacaran sənətçilərdəndir. Moderator.az-ın bu dəfəki qonağı illərin sənətçisi İzzət Bağırovdur. - Bu tarixi qələbəmizi necə qarşıladınız? - Qarabağ əzəldən Azərbaycana məxsus olub. Mənfur düşmənimiz torpaqlarımızı işğal etdikdə bilirdik ki, biz əvvəl axır öz torpaqlarımıza qayıdacağıq. 30 ildən sonra Qarabağımıza qovuşduq. Əlbəttə ki, biz ədalətin hər zaman qələbə çalacağına inanırdıq. Bilirdik ki, gec-tez bu torpaqların sahibi evinə, yurduna qayıdacaq. 30 il düşmənin bizə çəkdirdiyi əzab dolu illər geridə qaldı. Rəşadətli ordumuz 44 gün ərzində bir daha sübut etdi ki, Azərbaycan öz torpaqlarını almaq iqtidarındadır. Bu qalibiyyət hər birimizi sevindirdi. Çox şükür ki, bu günü görmək bizə qismət oldu. Hamımız bir nəfər kimi bu qələbənin sevincini yaşayırıq. Bu gün Laçın düşməndən azad olunub. Laçının azadlığı ilə Qarabağ bütövləndi. Laçınla Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu gün hamımızın bir nəfər kimi ürəyi Qarabağda döyünür. Ali Baş Komandanımız İlham Əliyevin “Qarabağ Azərbaycandır!” sözü özünü tam şəkildə doğrultdu. - II Qarabağ müharibəsində əldə olunan qələbə bundan sonra yaradıcılığınıza necə təsir edəcək? Musiqi repertuarınızda qələbə ruhlu mahnılara yer ayıracaqsınızmı? - Mənim repertuarımda hər zaman vətənpərvər ruhda yazılan mahnılar yer alıb. 30 il bundan qabaq “7-17” telemüsabiqəsində iştirak etməmişdən qabaq şou aləminə Vüqar Camalzadənin “Vətən” qrupu ilə qatılmışdım. Qrupumuzun ilk mahnısı da “Ey vətən” adlanırdı. Səhnəyə ilk addımlarımı “Vətən” mahnısı ilə atmışdım. Repertuarımda hər zaman vətənpərvər ruhda yazılan mahnılar yer alıb. Özümün də yazdığım 3 mahnı var ki, onlardan birini Almaxanım Əhmədli ifa edib. Belə ki, onun ifasında səslənən “Azərbaycan Türkiyə” mahnısının musiqisi mənə aiddir. Sözügedən mahnıya klip də çəkilib. Bundan başqa yeni mahnılarım da var. “Sevgilimin adı vətəndir” adlanan mahnı buna misaldır. Ümmiyyətlə repertuarımdakı son musiqilər özümə aiddir. Yəni hansısa bəstəkardan vətənpərvər ruhda yazılmış mahnı almamışam. - Hər birimizin Qarabağ işğaldan azad olunarsa etmək istədiyimiz niyyətlərimiz olub. Bəs siz nə əhd etmişdiniz? - Hazırda işğaldan azad olunmuş torpaqlarda möhkəmləndirilmə, quruculuq, abadlıq işləri aparılır. Torpaqlarımız minalardan təmizlənir. Burada ermənilər daşı daş üstündə qoymayıblar. Ancaq bu torpaqlarda abadlaşdırılma işləri aparılacaq və yenidən yaşayış bərpa olunacaq. Bir neçə il ərzindən həmin ərazilərdə bərpa işləri bitdikdən sonra yəqin ki, mən də digər sənətçilərlə Qarabağa səfər edərik. Bu günə qədər saysız solo konsertlər vermişəm. İnşallah, sağlıq olsun Qarabağda da konsert proqramı ilə çıxış etmək istəyirəm. Böyük ehtimal ki, torpaqlarımızda abadlıq işləri bitdikdən sonra orada böyük musiqi festivalları, tədbirlər olacaq. Biz də bütün sənətçilərlə birlikdə o konsertlərdə iştirak edəcəyik. - İfaçılıqla yanaşı aktyor kimi də fəaliyyətləriniz olub. Sizi daha çox sevgi filmlərinin qəhrəmanı kimi görmüşük. Tarixi və qəhrəman ruhlu filmlərdə özünüzü görmürsünüzmü? - Bilirsiniz ki, mən özüm də filmlər çəkirəm və bir neçə filmin müəllifiyəm. Belə ki, həmin filmlərin ssneari müəllifi də özüməm. Çox istərdim ki, vətənpərvər ruhda filmlər çəkim. Eyni zamanda filmlərimizi Qarabağda çəkək. Ən çox da Tuqay meşəsində, Həkəri çayında kliplərimin olmasını arzu edərdim. İnşallah ki, o da olar. Film də olmasa hansısa mahnıllarımızda, kliplərimizdə o gözəlliyi göstərərik. - Sizcə bu qələbədən sonra muisiqilərimizdə dəyişikliyə ehtiyac varmı? - Fərq etməz ki, qələbədən sonra musiqilərimizdə dəyişiklik olsun. Musiqilərimizdə dəyişiklik çoxdan olmalı idi. Bəzi şeylər var ki, onlar Azərbaycan musiqinə yaddır. Hətta bu yad musiqilər efirlərdə, radiolarda səslənir, tamaşaçılara təqdim olunur. Yəni onlar bizim musiqilərimiz deyil. Dəyişikliyin isə nə müharibəyə, nə də qələbəyə aidiyyatı yoxdur. Bu dəyişiklik çoxdan olmalı idi. Sentyabr ayından isə demək olar ki, bütün sənətçilərin repertuarında vətənpərvər ruhda yazılmış mahnıların şahidi olduq. Onların təqdimatında televiziyalarımızın da böyük rolu oldu. Hətta onu da qeyd edim ki, “Azərbaycan” mahnımın klipini də MTV kanalı çəkdi. O klipə 1 manat da pul xərcləmədim. Həmin klipi kanal özü öz öhdəsinə götürdü və nümayiş etdirdi. Geri qayıt |