Əsas Səhifə > Şou-biznes > “Hər bir kişinin ömründə mütləq bir müharibə olmalıdır”

“Hər bir kişinin ömründə mütləq bir müharibə olmalıdır”


3-12-2020, 08:32
“Hər bir kişinin ömründə mütləq bir müharibə olmalıdır”
Yazıçı, dramaturq Əli Əmirli Moderator.az-ın qonağı oldu.

Onunla söhbətimizdə tarixi qələbəmizin Azərbaycan mədəniyyətinə, ədəbiyyatına gətirə biləcəyi yeniliklərdən danışdıq.

- Əli Əmirli tarixi qələbəni necə qeyd etdi?

- Hamı kimi, böyük coşqu ilə. Bu coşqunun hislər palitrası çox zəngindir. Ağdamlı olsam da, məhz Şuşanın azad olunması, özü də əlbəyaxa döyüşlə azad olunması... bu xəbəri Ali Baş Komandanın dilindən eşidəndə bəlkə də ömrümdə ilk dəfə hönkürdüm, bir müddət gələn telefon zənglərinə cavab verə bilmədim. Şah Qacarın anası Ceyran xanım çoxdan gözlədiyi xoş bir xəbəri alanda deyir: "Ahıl yaşda belə xoşbəxtliyi sinirmək çətindir". Amma biz sinirə bildik, otuz il bundan qabaq əyilmiş qəddimiz düzəldi. Bizim nəsil indiki gənc nəsilə böyük bir Qarabağ problemi miras qoymuşdu, Qarabağsız Azərbaycan. Azərbaycan əsgəri, bu günün qəhrəmanı isə öz övladlarına Qarabağlı bütöv Azərbaycanı ərmağan edəcək. Bu, çox böyük xoşbəxtlikdir. Əlbəttə, ömrünün ən gözəl çağlarında şəhid olan gənclərimizə görə biz həm də əzab çəkirik, amma nə etməli? Evinə gəlib girən, hələ bu azmış, sənə həqarət edən düşmənə xoşgəldinmi deməliydik? Deyir hər bir kişinin ömründə mütləq bir müharibə olmalıdır. Bu müharibə şərəf davası, Vətən müharibəsi idi, bu müharibədə biz qələbə çalmasaydıq, dünya bizi uf demədən tapdalayardı, dost da üz çevirərdi, düşmən də. Nə xoşdur qalib olmaq!

- Sentyabrın 27-dən bu günə qədər yaşadıqlarımızı bir sənət adamı olaraq necə ifadə edərdiniz?

- Sənət adamı kimi deyil, sayı milyonlarla ölçülən sıradan bir azərbaycanlı kimi deyərdim, rəşadətli Azərbaycan ordusu bizi dost qınağından, qonşu tənəsindən, düşmən həqarətindən qurtardı. Dünyanın reallığı çox vaxt haqqın tərəfində deyil, gücün tərəfində dayanır, güclə hesablaşır, amma bizim qəhrəman oğullarımız öz gücü, qüdrəti ilə bütün dünyaya sübut elədi ki, haqq nazilər, üzülməz. Çünki qələbə haqqın mahiyyətindədir, o bəzən məğlub görünsə də, qalibdir. Necə ki, demokratiya örpəyinə bürünmüş, üzü üzlər görmüş qoca Avropaya bu ali həqiqəti anlatdıq. Onlar hələ də hirsdən-hikkədən çığırırlar.

- Sizcə, bu qələbə Azərbaycan ədəbiyyatında yeni bir dönəm yarada biləcəkmi?

- Ədəbiyyat, teatr, kino, şübhəsiz, həyatın, reallığın güzgüsüdür, amma bu güzgünün göstərmə qabiliyyəti nə dərəcədə bədiidir, bu başqa söhbətin mövzusudur. Əlbəttə, xalqımızın həyatında baş verən bu möhtəşəm, inqilabi qələbə ədəbiyyata təsir etməyə bilməz, amma siz deyən dönüş və ya böyük ədəbiyyatın yaranması üçün bu azdır. Ədəbiyyatda dönüşün yaranması üçün müharibənin və ya qələbənin olması həlledici ola bilməz. Əksinə, aktual mövzu çox vaxt zəif əsərlərlə ədəbiyyatı korlayır, çirkləndirir, gözdən salır, ədəbiyyatı təbliğat vasitəsinə çevirir. Ədəbiyyatın özünün sənət missiyası var, o bu missiyaya sadiq olmalıdır, dəbdə olan mövzu arxasında gizlənməməlidir.

- Necə hesab edirsiniz, bu qələbədən sonra teatrlarımızda vətənpərvərlik ruhunda hazırlanmış tamaşalar repertuardan çıxarılmalıdırmı?

- İstər vətən, istərsə də başqa mövzunun heç bir günahı yoxdur, onun təqdimatı zəifdirsə, gözəl bir hissi gözdən salırsa, mövzu neynəsin? Sizin suala gəlincə, bir az əvvəl dedim, aktual mövzu çox vaxt ədəbiyyata da, teatra da zərər vurur. Vətənpərvərlik mövzusunda tamaşaların repertuardan çıxarılması məsələsinin qələbəmizlə əlaqələndirilməsini nəzərdə tutursunuzsa, tələsməyək, hər şey məqamında həllini tapacaq. Bir halda ki, teatrlar heç tamaşa göstərmək imkanında deyil. Teatr özü bu gün heç bir cəhətdən aktual deyil.

- Adətən, bizdə beynəlxalq arenaya çıxarılası filmlərimizi və layihələrimizi daha çox xarici rejissorlara və ssenaristlərə həvalə edirlər. Sizcə xarici ssenarist və rejissorlar Qarabağ həqiqətlərini bizdən dahamı yaxşı çatdıra bilərlər?

- Bu vaxta qədər mən xarici kino mütəxəssislərinin ölkəmizin sifarişi ilə çəkdiyi filmlərin nə ölkə daxilində, nə də xaricdə böyük uğur qazandığını eşitməmişəm. Əlbəttə, peşəkar dramaturqu, məşhur rejissoru, usta operatoru böyük qonorar hesabına hansısa layihəyə cəlb etmək olar, ortaya çıxarılması ayıb olmayan film də alına bilər, amma o filmdə milli ruh olmayacaq, olmur da. Ruh olmayanda isə tamaşaçı duyğulanmır, içi titrəmir. Hollivud filmi var, orda avantürist bir rəssam Rembrandtsayağı bir portret çəkir, bütün mütəxəssislər iddia edir ki, həqiqətən bu Rembrandtın fırçasına məxsusdur, tək bir nəfər - gənc sənətşünas xanım deyir ki, bu Rembrandt deyil, "poddelkadır". Məqam düşəndə rəssam o xanımdan soruşur, sən nədən bildin bu Rembrandt deyil. Xanım cavab verir, mən Rembrandtın əsərlərinə baxanda içimdən qəribə bir titrəyiş keçir, bu portretə baxanda o titrəyiş olmadı. Sizin dediyiniz o filmlər də heç bir titrəyiş yaratmır. Ona görə də ən gözəl sifarişləri də bizim hazırda yetişməkdə olan gənc kinematoqrafçılarımıza vermək, onlara güvənmək lazımdır. O evin işığı bu evi işıqlandıra bilməz.

Geri qayıt