Əsas Səhifə > Şou-biznes > "Gör neçə illərdir o ürəyində plan tutur, onu götür-qoy edir"
"Gör neçə illərdir o ürəyində plan tutur, onu götür-qoy edir"8-12-2020, 08:34 |
“1990-cı illərin hadisələri mənə çox pis təsir edirdi, buna görə də efirdə xəbərləri oxuyanda ağlayırdım. Sonra narazılıq etdilər ki, belə olmaz, sən efir adamısan, dözümlü olmalısan. Niyə ağlayırsan? Deyirdim ki, mənim içimdən gəlir də bu, necə ağlamayım? Cənab prezident İlham Əliyev ölkə başçısı olanda ümidim yarandı ki, torpaqlarımızı geri alacaq. Ona bir məktub da yazmışdım ki, siz bizim əbədi prezidentimizsiz. Onun kimi prezident heç dünyada yoxdur, nəinki hansısa ölkədə. Gör neçə illərdir o ürəyində plan tutur, onu götür-qoy edir, bütün bunların nəticəsi idi ki, əks hücumlarımız uğurla yerinə yetirildi” Bunu Moderator.az-a açıqlamasında Xalq artisti, məşhur diktor Ofeliya Sənani bildirib. O həmçinin zəfər xəbərlərini böyük sevinclə qarşıladığını bildirib. “Mənim evimdə dörd televizor var, prezident gündə neçə dəfə çıxış edirdisə hamısını izləyirdim. Mətbəxdəki televizorum səhər saat 9-dan gecə saat 12-yə qədər açıqdır. İzləyəndə hiss edirdim ki, hərdən sıxılır, bilmirdi ki, hansı planı çəksin? Bax o zaman mən ağlayırdım. Bir də cənab prezident deyəndə ki, “Qarabağ bizimdir”.. Sevincimdən elə hönkürtü ilə ağladım ki.. Atdanıb-düşürdüm uşaq kimi. Mən eyvanda göyərçinlərə gündə buğda verirəm, elə bil ki, onlar da mənim səsimə, sevincimə gəldilər. Hamısı toplaşdı eyvana. Allah prezidentimizə uzun ömür, can sağlığı versin. O atasının, ümumilli liderimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək torpaqlarımızı aldı. Atası da özü kimi çox gözəl insan idi. Mən bir dəfə insult oldum, işə çıxa bilmirdim. O vaxtlar da “Gəl səhərim” verilişini aparırdım. Sən demə, ona ulu öndərimiz baxırmış. Görüb ki, mən yoxam, soruşub ki, nə olub ona, deyiblər ki, reanimasiyada yatır. Zəng edib tapşırıb ki, ona yaxşı baxın, gəlib verilişini aparsın. Sonra mənə dedilər ki, başqaları aparıb o verilişi, xoşuna gəlməyib. Belə atanın oğlu da bu cür qayğıkeş, cəfakeş olmalı idi” - deyə Ofeliya Sənani bildirib. Xalq artisti koronovirus pandemiyasından qorunma yollarından da danışıb. “Heç kimə getmirəm, hətta qızım və oğlumgilə də... Heç kimi də qəbul etmirəm. Müvəqqəti tənhalıqdır da, eybi yoxdur. Allah hamının canına sağlıq versin. Təki heç kəs xəstələnməsin. Telefonla danışıb səslərini eşidəndə sakit oluram. İnsanlar başa düşməlidir ki, bütün bu tədbirlər müvəqqətidir. Mütləq deyil ki, bir-birimizin evinə gedək?” - deyə Ofeliya Sənani bildirib. Geri qayıt |