Əsas Səhifə > Şou-biznes > "Bundan gözəl nə ola bilər?"

"Bundan gözəl nə ola bilər?"


9-12-2020, 08:37
"Bundan gözəl nə ola bilər?"
Əslində təqdimata ehtiyacı olmayanlar qrupuna aiddir. Onun Heydər Əliyevin sözlərinə həsr olunmuş “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mahnısı bir himnə çevrilib. Beynəlxalq layihələrdə ulduz səfir kimi ölkəmizi təbliğ edir.

Moderator.az-ın qonağı Xalq artisti Tünzalə Ağayevadır. O, bizimlə söhbətində Qarabağ həsrətindən və şəhidlərimizin şücaətindən danışdı.

- Zəfər tarixinin şahidi olaraq təəssüratlarınızı eşitmək istərdik.

- Özümü şanslı hesab edirəm. Çünki xəyal etdiyimiz, inandığımız, uzun illərdir həsrətini çəkdiyimiz Qarabağımıza qovuşduq. Bu ədalətli qələbədir. Əsrlərdir ki, Azərbaycan vətən həsrəti çəkib, ağrılar acılar yaşayıb. Ali Baş Komadanımız və müzəffər ordumuz bu ədalətsizliyi bərpa etdi. Azərbaycan son yüzilliklərin nəticəsi olaraq öz torpaqlarını işğaldan azad edərək böyük zəfər qazandı. Sevinc hissləri yaşayıram və xoşbəxtliyimi ifadə edə bilməyəcək qədər duyğularla doluyam. Bu hissləri içində keçirirsən və ifadə etməyə söz tapmırsan... Zəfər günü biz uşaqdan böyüyə bir olduq. Həmin gün körpə balalarımız əllərinə bayraq alıb, “Qarabağ Azərbaycandır!” deyə səsləri məni çox kövrəltdi. Bundan gözəl nə ola bilər? Pandemiyanın olmasına baxmayaraq insanlar sevincini həmrəy yaşayırdı.
II Qarabağ müharibəsindəki qələbə ilə milli dirçəlişimiz baş verdi, özgüvənimiz bərpa edildi. Azərbaycanda beynəlxalq layihələr, festivallar, mötəbər tədbirlərin əksəriyyətində- Avropa oyunları, Formula yarışlarında ulduz səfir kimi ön sıralarda iştirak edirdim. O, nəhəng səhnələrə qalxdıqda isə içimdə bir istək baş qaldırırdı. Allahdan diləyirdim ki, o gün olsun bu böyük tədbirlər Şuşada, Qarabağımızda keçirilsin. Səhnəyə çıxanda üç rəngli bayrağımızın Qarabağda, işğal olunan torpaqlarımızda dalğalandığını xəyal edirdim. Dünyanın paytaxtımızla bərabər Qarabağa toplaşdığını təsəvvürümə gətirirdim. Nəhayət ki, möcüzə baş verdi. Qarabağımıza qovuşacağımız günü gözləyirdik və qayıdacağımıza inanırdıq.

- Ancaq ki, bu qələbə bizə heç də asan başa gəlmədi.

- Biz bu qələbəni mərd, igid oğullarımızın, bundan başqa minlərlə sivil insanlarımızın canı, qanı bahasına əldə etdik. Gözlərimin önündən I Qarabağ müharibəsi keçdi... Həmin illər Şuşanın, Laçının, Kəlbəcərin və digər torpaqlarımızın işğal olunması xəbərini eşitdikdə hər birimiz çaşqınlıq içərisində idik. Gözümüzün yaşları səngimirdi. Əgər bu gün qələbə xəbəri ilə seviniriksə bunu Ali Baş Komandanımıza və şəhidlərimizə borcluyuq. Şəhidlərimizin qarşısında baş əyirik, qazilərimizə Allahdan şəfa diləyirik. Prezidentimiz qazilərimizə, şəhid ailələrinə söz verdi ki, müharibə bitəndən sonra da onların hər biri diqqət mərkəzində olacaq. Cənab prezidnetimiz hər zaman əsgərlərimiə diqqətlə yanaşıb. Onu örnək götürməli, bizə bu qələbəni yaşadan, torpaq uğrunda canından keçən oğullarımızın ailələrinin yanında olmalıyıq. II Qarabağ müharibəsində 2783 şəhid verdik. Bu bizi çox məyus edir. Allah onlara rəhmət etsin. İnşallah əsir düşən oğullarımız tezliklə sağ-salamat evlərinə qayıtsınlar. Bu məsələdə də eyni amal uğrunda bir olmalıyıq. Hər kəs bu ailələrə əlindən gələn maddi və mənəvi dəstəyini əsirgəməməlidir. Müharibə bitib, artıq növbəti mərhələyə keçmişik. Bu mərhələdə bizə qələbəni yaşadan igidlərimizin ailələrinin yanında olmaq, onların tək olmadığını göstərmək dayanır. Bizim üçün döyüşən, canından keçən igidlərimizi unutmamalıyıq. Bu qələbə üçün ömür boyu əsgərlərimizə borclu olacağıq.

- Qeyd etdiniz ki, torpaqlarımızın işğal olsunduğu günü xatırlayırsınız. İşğal olunanda və işğaldan azad olunanda bu təzadı hansı hisslərlə qarşıladınız?

- Torpaqlarımız işğal olunanda ürəyim parçalandı. Torpağımızın hər qarışı işğal olunanda canımızdan bir parça qopurdu, canımızdan can gedirdi. O gün biz yarımçıq qalmışdıq. Mən deməzdim ki, biz o müharibəni məğlub olduq. Millət olaraq heç zaman məğlub olmamışıq. Döyüş meydanında silahlı qüvvələrimizin lazım olan gücü olmadığı və içimizdəki satqınların hesabına biz o ağrı acını yaşadıq. Nə yaxşı ki, Ulu öndər Azərbaycanı bu iç savaşından, satqınlardan qurtardı. Onun gəlişi ilə bu dəhşətə son qoyuldu. Bu gün son 30 ildəki daxili və xarici siyasətin zəfər dolu nəticəsini gördük. Ali Baş Komandanımızın bütün zəhməti bu 44 gündə bəlli oldu. Azərbaycan ərazi bütövlüyü uğrunda savaşdan üzü ağ çıxdı. 44 gün ərzində prezidentimiz beynəlxalq mediaya öz mesajını ötürdü. Qeyd etdi ki, bizim işimzə heç kim qarışa bilməz. Mən illər sonra bax bu qüruru yaşadım. I Qarabağ müharibəsində Tünzalə orta məktəb şagirdi idi. Bu gün Tünzalə xalq artisti olaraq artıq böyük qələbə göz yaşı axıdır. Xalq artisti Tünzalə bu tarixi zəfərə, böyük qayıdışa şahidlik edir. Bir il sonra bu hadisələrə dönüb daha təəccüblə baxacağıq. Yenə də dəhşətə gələcəyik ki, Allah bizə necə böyük bir zəfər yaşadıb. Ali Baş Komandanımızın da dediyi kimi zaman keçəcək Füzulidə, Hadrutda Şuşada və digər işağldan azad olunan torpaqlarımızda gedən döyüşlər böyük bir qəhrəmanlıq tarixi kimi xatırlanacaq. Şuşanın işağlı zamanı fantastik döyüş baş verib. Rus, hətta erməni mediası qeyd edir ki, ermənilər başlarını qaldırırdılar ki, Azərbaycan əsgəri onlara nəzarət edir. Bu yüksəklikdə əlbəyaxa döyüşlər olub. Allah əsgərimizə elə bir ruh verib ki, heç kim onların qarşısında dayana bilməyib.

Geri qayıt