Əsas Səhifə > Şou-biznes > "Televiziyalara qarşı tənqidlər bəzən qərəzli olur"
"Televiziyalara qarşı tənqidlər bəzən qərəzli olur"22-12-2020, 12:26 |
Tanınmış ictimai fəal Elçin Əfəndi özünün facebook səhifəsində canlı bağlantı yaradaraq, “Xəzər” TV-ni və onun rəhbəri Murad Dadaşovu sərt tənqid edib. Elçin Əfəndinin tənqidi çağırışını olduğu kimi təqdim edirik: “Camaat, bundan danışın, belə yaramazlıqlardan. Fikir verin, efirə çıxır “vor” stilində, lotu stilində, yaramaz bir tipdə. Hara baxır bu kanalın rəhbərliyi? Qadın xeylağı, əlində təsbeh… Bunun oturuşuna bir bax… Mənim evdə buna 3-4 yaşlı övladım baxır. Bu nə vid-fasondu efirdən nümayiş etdirirsən? Bu nə geyimdir, bu nə hərəkətdir? Belələrini qınaq edin, belə şeylərin üzərinə gedin. “Xəzər” Televiziyasının rəhbərliyi, Murad bəy, hara baxırsınız? Yığışdırın efirdən bu kimi zibilləri. Bunların bir sahibi yoxdur ki, desin, bu, qadın oturuşu, hərəkəti deyil. Bundansa 3-4 şəhid ailəsini çağırın efirə, yaralını çağırıb təqdim edin. Əhalinin vətənpərvərlik ruhunu yüksəldin. Yoxsa ki, bu düşükləri buraxmısan efirə”. Məsələyə münasibət bildirən media eksperti Turan İbrahimov “Şərq”ə açıqlamasında qeyd edib ki, hazırda gün ərzində televiziyaya baxan yerli auditoriyanın 50 faizə qədəri, başda Türkiyə kanalları olmaqla (40-45 faiz) xarici TV kanallara baxır. Yerli TV-lərimizə baxan tamaşaçı isə TV izləyənlərin sadəcə 50 faizə qədəridir. Onlar da Türkiyə kanallarına baxdıqdan sonra geri dönənlərdir. Bütün yerli TV kanallarımız məhz o 50 faizlik auditoriya uğrunda savaş aparırlar. Nəzərə alsaq ki, söhbət yalnız TV-ya baxan insanlardan gedir, əslində TV-lərimiz nə qədər az izlənir, göz qabağındadır”. Media eksperti bunun müxtəlif səbəblərinin olduğunu vurğulayıb: “Başda insanlarımızın TV-lərimizə olan inamsızlığı durur. TV-lərimizi tənqid etməyə ciddi səbəblər var, amma tənqid edənlərin mütləq əksəriyyəti həmişə qərəzli, məntiqsiz və yerində olmayan yanaşma ilə mövzuya qoşulurlar. Eyni ilə Xəzər TV-yə edilən son tənqid kimi. Əvvəla ona görə ki, fraqmenti tənqid olunan məlum veriliş çox az izlənən yerli TV məhsulları içərisində ən yüksək reytinqi olan verilişlərdən biridir. Deməli, həm də yerli auditoriyanı öz TV-lərimizdə saxlaya bilən verilişdir. Həmçinin veriliş hazırda dünyada trend olan TV-komediya formatlarından biridir ki, Türkiyə və Rusiya kanallarında da var və aktyor oyunu, obrazlar üzərində qurulub. Yəni senaristin xəyal məhsuludur. Rola girən də aktrisadır. Özünü yox, uydurma obrazı canlandırır. Üstəlik də həmin verilişin yayım vaxtı axşamın gec saatlardır, yəni 18+ auditoriya üçündür. Uşaqların baxması üçün nə saatı, nə də formatı uyğundur. Hədəf kütləsi ümumiyyətlə uşaqlar deyil”. Geri qayıt |