Əsas Səhifə > Şou-biznes > "Bu filmə çəkilməyim tam təsadüf oldu"

"Bu filmə çəkilməyim tam təsadüf oldu"


28-12-2020, 08:43
"Bu filmə çəkilməyim tam təsadüf oldu"
“Biz Şamaxıya qastrol səfərinə getmişdik. O vaxt da Məlhəm kəndində “Bəyin oğurlanması” filmi çəkilirdi. Gündüzlər Arif müəllimlə və digər sənət yoldaşlarımızla konsertlərə gedirdik, axşamlar isə gəlib oteldə oturub filmin kollektivi ilə söhbət edirdik.

Bir dəfə də söhbətləşəndə filmin rejissoru Ceyhun Mirzəyev Arif Quliyevə dedi ki, istəyirəm sənə bir rol verim, nə deyirsən? Arif razılaşdı, gedib səhəri gün Miriş roluna çəkildi. O biri gün yenə söhbətləşəndə Ceyhun dedi ki, Arif, bəlkə sənə bir sevgili də tapaq? Məni göstərib dedi ki, elə hazır yanındadır da. Bu filmə çəkilməyim tam təsadüf oldu”.

Bunu Moderator.az-a açıqlamasında “Bəyin oğurlanması” filminin məşhur səhnəsinin qəhrəmanı, aktrisa Naibə Əlibəyova deyib.

Aktrisa deyir ki, filmdə bir çox epizodlarda çəkilsə də yalnız tamaşaçılara tanış olan o məşhur səhnə saxlanılıb.

“Filmin 7-8 yerində çəkilmişdim, hamısı da bir-birindən maraqlı səhnələr idi. Amma montaj prossesində onların hamısını çıxarmışdılar. Filmin ən məşhur səhnəsi elə Arif Quliyev və mənim adımla bağlıdır. O səhnədə bəlkə də 10-15 dəfə qaçmışıq. Arif bizi çox güldürürdü. Elə olub ki, səhnədə çıxış edəndə Arifin dediyi sözə mən gülmüşəm, tamaşaçılar da mənim gülüşümə gülüblər. Obrazlarımızı o qədər inandırıcı oynamışdıq ki, hətta deyirdilər ki, Arif Quliyevlə sevgilidirlər. Mən Ariflə dostam, indinin özündə də münasibətlərimiz çox yaxşıdır. Hər kəs özündəkini bilir, ona görə də o şayələrə fikir vermirdik. O şayələrə fikir versəydik 30-32 il bir yerdə ola bilməzdik” deyə aktrisa bildirib.
Bir müddət əvvəl əməliyyat keçirən aktrisa səhhətindən də danışıb.

“Həkimlər deyir ki, yaxşılığa doğru gedirsən. Mənim başımda şiş əmələ gəlmişdi, onu götürəndən sonra danışığımda problem yarandı. Hal-hazırda aktrisa kimi fəaliyyətim yoxdur, çünki bizim sənətimizin əsasını danışıq təşkil edir. Ona görə də sənətdən, səhnədən uzaqlaşmışam. Çox istərdim ki, filmlərə, seriallara çəkilim. Elə istəyərəm ki, çəkilişlərdə olum, dəvət olunsam da gedə bilmirəm. Getsəm də axı mən yararsızam” deyə sənətçi bildirib.

Qeyd edək ki, "Bəyin oğurlanması" filmində Arif Quliyev Miriş, aktrisa Naibə Əlibəyova isə Gülbadam obrazında çəkilib. Hər iki sənətkarın iştirak etdiyi məşhur "Salam-sağol" səhnəsini, yəqin ki, hamı xatırlayır.

Geri qayıt