Əsas Səhifə > Şou-biznes > "Müəyyən qədər yaşım var, həyatda kamilləşmişəm"
"Müəyyən qədər yaşım var, həyatda kamilləşmişəm"29-12-2020, 13:20 |
Azərbaycanda 18 yanvaradək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək. Ölkə üzrə xüsusi karantin rejiminin müddəti gələn ilin yanvarın 31-dək uzadılıb. Karantin rejimi ilə bərabər dayandırılmış iş sahələri sənət adamlarının da maddi durumuna təsir edib. Sənətçilər həm özlərini virusdan qorumağa çalışır, həm alternativ gəlir yerlərinin arayışına çıxırlar. Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Afaq Bəşirqızı özünü maksimum qoruduğunu bildirib: “Müəyyən qədər yaşım var, həyatda kamilləşmişəm, bilirəm ki, bu epidemiyadır və zarafatı sevmir. Dünyanı cənginə almış bir xəstəlikdir, ona görə də başqalarını əziyyətə salmamaq üçün qorunuram. Demək olar ki, bütün günü evdəyəm. Hamıya da məsləhət görürəm ki, özlərini qorusunlar. Nə qədər özümüzü qorusaq, bir-birimizə hörmət etmiş oluruq. Bu qırğının qarşısını almış oluruq. Qısa müddət ərzində mədəniyyət sahəsində də çox incəsənət xadimini itirdik, yaxınlarımızdan uzaq düşdük. Xəstəlik artıq özünü göstərdi, bir növ elanını verdi ki, “mən buyam”. Biz əvvəllər nədənsə koronavirusu zarafata saldıq, açıq etiraf edim ki, çox soyuqqanlı olduq. Yaxşı deyək ki, bundan sonra yaxşı olsun. Artıq yoluxanların sayı azalır, bu sevindirici haldır”. Aktrisa həmkarlarının maddi vəziyyətinin pisləşdiyini bildiyini deyib. O, buna görə müğənnilərin alternativ iş yerləri olmağınının vacibliyini vurğulayıb: “Sənətçilər arasında kim ki, dövlət idarələrində işləmir, onların vəziyyəti həqiqətən də çox dözülməzdir. Bir çox müğənnilər vardı ki, yalnız toyla dolanırdılar. Bir hadisə danışım, o vaxt Xalq artisti Elmira Rəhimova ilə universitetdə qarşılaşdıq. Dedim ay Elmira xanım, burada nə edirsiniz? Bildirdi ki, dərs deyirəm. Onda təəccübləndim, soruşdum ki, nə yaxşı, həm müğənni, həm ingilis dili müəlliməsi, necə çatdırırsınız? Çünki bilirəm ki, incəsənət xadimlərinin vaxtı çox məhdud olur. Dedi ki, Afaq xanım, əgər mən təkcə müğənniliyi seçsə idim, olmazdı. Bu günün sabahı da var. Mənim əsas işim ingilis dili müəlliməsidir. Sabah mənim təqaüd alacağım yer buradır. Aldığım maaşla dolanmağın əsasını tuturam. Toy isə bu gün var, sabah yoxdur. Mən istəyərdim ki, bizim müğənnilər də təkcə müğənniliklə kifayətlənməsinlər. Müğənni olsalar da, Dövlət Filarmoniyasında, Opera və Balet teatrında və s. yerlərdə də çalışsınlar. Mən müğənnilərimiz üçün həddindən artıq narahat oluram, hiss edirəm ki, vəziyyətləri doğurdan da yaxşı deyil. Qıraqdan görürsən ki, sənin öz sənətçin, vətəndaşın birdən-birə belə bir vəziyyətə düşür. Buna heç kəs laqeyd qala bilməz. Lakin əlimizdən nə gəlir ki? İnşallah, hər şey yaxşı olar”. Geri qayıt |