Əsas Səhifə > Şou-biznes > "Qara rənglərin hakimiyyəti ilin aktual mövzusu olacaq"
"Qara rənglərin hakimiyyəti ilin aktual mövzusu olacaq"5-01-2021, 08:17 |
Gözləntilərdən bir qədər fərqli başlayan 2020 podyumlarda da özünü biruzə verdi. Hər il Milanda ənənəvi olaraq həyata keçirilən bəzi dəfilələr ötən il təxirə salındı. Elə sosiallaşmaq, cəmiyyət arasına çıxmaq da bir o qədər arzuolunan hesab edilmədi, ümidlər isə 2021-ci ilədir. Yeni il yeni başlanğıclar deməkdir. Bəs görəsən bu il bizi dəb aləmində hansı yeniliklər gözləyir. Bu suala cavab tapmaq üçün, hafta.az-ın əməkdaşı Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış modelyer-dizayner Gülnarə Xəlilova ilə həmsöhbət oldu. Həmin müsahibəni sizlərə təqdim edirik. -Gülnarə xanım, 2021 ci ilin geyim trendlərində bizi nələr gözləyir? Əsasən hansı rənglər dəbdə olacaq? -Tamamən qara rənglərin hakimiyyəti ilin aktual mövzusu olacaq. Bununla yanaşı qırmızı, yaşıl, zümrüd yaşılı, zeytun yaşılı, fuksiya, boz tonlar, yasəmən rənginin acıqdan tündə gedən tonları, pudra tonları, süd rəngi və s. rənglər dəbdə olacaq. Mən hər zaman söyləyirəm. Hər bir yaradılan kolleksiyanın, üslubun öz rəng çalarları dizaynerlər tərəfindən düşünülür. Çünki bir model bütün rənglərdə uğurlu nəticə vermir. -Bu il parçaların növləri və materialında daha çox nələrə üstünlük veriləcək? -Ümumiyyətlə, məxmərlərdən hazırlanmış dəstlər, trikotajdan, dəridən, parıltılı lateks parçalardan hazırlanmış geyimlər aktual olacaq. "Ciddi geyim", "rahat geyim" üslubları yenə də gündəmdə qalacaq. Quramanı xatırladan “Patchwork” üslübu artıq neçə illərdir ki, dəbdədir. Damalı parçalardan hazırlanmış geyimlər də, bu il dəb aləmində öz yerini qoruyub saxlamaqdadır. Həmçinin kokteyl və gündəlik geyim tərzinin bir arada təqdimatı, ziyafət geyimləri, krujevadan hazırlanmış paltarlar 2021-də də, təqdim olunub. Daha çox isə gündəlik həyatımızda əsas yer verdiyimiz idman üslubunda olan geyim nümunələri öz yerini qoruyub saxlayır. Dublyonkalar, svitetlər, pencək və şalvar dəstləri, papaqlar, şərflər bu mövsüm çox aktual olacaq. Maskaları da unutmuruq, artıq onlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu ilin ən populyar mövzusu üst geyimi sayılan “şaketlər”olacaq. Bu geyim növü köynəklə jaketin qibridindən yaranıb. Və nəticədə cox rahat və darıxdırıcı olmayan gündəlik geyim nümunəsi kimi istlfadə olunacaq. Bu paltar növü, daha çox rəngli, damalı və isti parçalardan hazırlanır. Gülnarə xanım moda anlayışı, onunla bağlı cəmiyyətdə yaranmış yanlış düşüncələr barəsində bir qədər məlumat verdi. "Çox vaxt yüksək moda haqqında səhv ittihamlar irəli sürülür. Guya onun məqsədi insanların yüksək sosial vəziyyətinin, var-dövlətinin nümayişidir. Əslində isə, moda sənəti insanın dünya görüşünün sirrlərinə yol açmaq üçün bir cəhətdir. Dəbin sükanı arxasında dayananlar üçün bu yüngüllük və rahatlıq simvoludur. Moda fransız mənşəli söz olub, mənası ölçü, hərəkətin obrazı deməkdir. Moda həyatda, incəsənətin fərqli qollarında müəyyən zövqlərin hakimiyyətidir". Bu tez-tez dəyişən geyim formaları və nümunələridir. Qeyd edək ki, bu il ölkəmizdə geyim trendlərində azadlığımızın simgəsi olan Xarı Bülbül simvolundan da geniş istifadə olunur. Elə müsahibimiz Gülnarə Xəlilova da bu yaxınlarda yeni il mövzusuna vətənpərvər və kreativ yanaşma ilə koftalar və maskaların təqdimatını etdi. Sonda isə, biz də hər birinizə şarmlı il diləyirik. Geri qayıt |