Əsas Səhifə > Şou-biznes > "İlk işimi babamla başlamaq istəmədim"
"İlk işimi babamla başlamaq istəmədim"5-01-2021, 09:03 |
Kənan Şeyxzamanlı illüstratordur. Uşaqlıqdan rəssamlığa, heykəltaraşlığa marağı olan gənc illüstrator yaradıcılığından, Azərbaycanda bu sənətin vəziyyətindən Sputnik Azərbaycan-a danışıb. Dediyinə görə, indi bu sahəyə maraq əvvəlki illərlə müqayisədə xeyli yaxşıdır: "5 il əvvəl Azərbaycanda çox az illüstrator var idi. İndi isə Bakıda xeyli illüstrator var. Çünki, artıq bu sahə barədə informasiya tapmaq, öyrənmək daha asandır. Artıq onlayn şəkildə xarici ölkələrin illüstratorları ilə məsləhətləşmək, onlayn kurslara yazılmaq mümkündür. Əvvəl isə bu əlçatmaz idi. Pandemiya dövründə insanların vaxtı kifayət qədər çox idi, əksər illüstratorlar bu vəziyyətdən yararlandılar. Çünki, yaradıcılıq üçün vaxt oldu". Kənan bəzi səbəblərdən Rəssamlıq Akademiyasına qəbul ola bilməsə də, daxilində sənətə olan sevgisi bitməyib: "Slavyan Universitetinə daxil oldum. Amma bu peşədən uzaqlaşmırdım. Araşdırmalar aparırdım, kitablar oxuyurdum. Hərdən rəsmlər də çəkirdim. Bir gün "youtube"da kanal tapdım". Və elə hər şey də bundan sonra başlayır: "Məşhur yapon rəssamının kanalı idi. Dünyaca məşhur yapon rəssamı Osamu Obinin. Mən bilmirdim o kimdir. Videosunun altından şərh yazdım, o da mənə cavab verdi. Və biz başladıq danışmağa. Mən elə bilirdim ki, hansısa cavan oğlandır və mənə kömək etmək istəyir. Sən demə o dünyaca məşhur rəssam imiş, özü də gənc deyildi, 40-dan yuxarı yaşı var idi". "Youtube"da başlayan sənət dostluğu "facebook"da davam edir: "Ona dedim sənin əsərlərinə haradan baxa bilərəm? Saytın linkini atdı. Dedim yaxşı olar ki, siz "facebook"da profil açasınız. Həmin dönəmlərdə "facebook" yenicə məşhurlaşmağa başlamışdı. Əvvəl razılaşmadı, amma 1 aydan sonra ondan mənə dostluq təklifi gəldi. Mən ona yapon animasiyasını öyrənmək istədiyimi dedim". Gənc illüstrator deyir ki, o dövrlərdə lazimi avadanlıqları Bakıda tapmaq mümkün deyildi. İnternetlə sifariş etmək isə indiki qədər asan başa gəlmirdi: "Xüsusən Yaponiyadan heç nə gəlmirdi. Həmin rəssam mənə lazım olan bütün avadanlıqları və özünün kitabını göndərdi. Bu, mənim üçün gözlənilməz idi. Kitabdan da, göndərdiyi alətlərdən də hələ də yararlanıram. Xarici ölkələrə gedəndə camaat gedib geyim dükanlarını gəzəndə mən peşə alətləri mağazalarını gəzirəm". Şeyxzamanlı universiteti bitirəndə artıq öz sahəsində tanınanırdı. Artıq iş təklifləri gəlməyə başlamışdı: "Müəyyən dövrlərdə müxtəlif işlərdə çalışsam da gördüm ki, ofis işi mənlik deyil. Qərara aldım ki, mən ancaq azad işləyəcəyəm. Həmin dönəmlərdə bu sahədə çalışan insanlar çox az idi. İnsanlar risk etməyə cəsarət etmirdilər. Mənə müraciətlər olunurdu. İndi daha çox buna təlabat var. Ən yaxşısı da odur ki, indi sifariş verənlər deyirlər necə istəyirsiniz edin. Yəni, işi tam mənə buraxırlar. Mən də öz yaradıcılığımı ortaya qoya bilirəm". Qəhrəmanımız film sahəsində də fəaliyyət göstərib: "Rəhmətlik rejissor Şahin Zəkizadənin "100 kağız" adlı filmində işlədim. Orada belə idi ki, kinodakı səhnə keçirdi mənim rəsmimə. Çox maraqlı alınmışdı. Bundan başqa, ilk dəfə Tünzalə Ağayevanın "Qoşa qanad" mahnısı üçün də animasiya hazırladım. Azərbaycanda ilk 2D animasiyası idi. Bu, mənim üçün də bir təcrübə idi". Sovet dövründə Azərbaycanda çəkilən cizgi filmlərinin rənglərinin keyfiyyətsiz olmağı Şeyxzamanlını məyus edib. Elə məhz bu səbəbdən qərara alıb ki, Abdulla Şaiqin müəllifi olan "Tıq-tıq" xanım əsərini müasir versiyada təqdim etsin: "Həmişə cizgi filmlərinin rəngləri məni narahat edib. Olduqca keyfiyyətsizdir. Bunun üzərində işləmək lazım olduğunu düşündüm. Dost-tanışım da mənə dedilər ki, başla. Və "Tıq-tıq xanım"ın illüstrasiyasını hazırladım. Amma Tıq-tıq xanımı müasir versiyada təqdim elədim. Hər kəs də bəyəndi". O bundan başqa, filmlərimizə də müraciət edib: "Təhminə və Zaur" filminin baş qəhrəmanları Fəxrəddin Manafov və Meral Konratın illüstrasiyasını hazırladım. Həmin filmin də rəngləri olduqca keyfiyyətsizdir. Amma mənim hazırladığım filmdən kadr deyildi, kadrarxası foto idi". Kənan Azərbaycanın unudulmaz sənətkarı, Xalq artisti Məmmədrza Şeyxzamanovun nəvəsidir. Dediyinə görə, ilk başlayandan babasının illüstrasiyasını çəkmək istəməyib: "Camaat bunu yalnış anlayar deyə fikirləşdim ki, əvvəlcə digər sənətkarlarımızı çəkim. "İnstagram"da sorğu keçirdim ki, kimin illüstrasiyalarının hazırlanmasını istəyərsiniz. İnsanların böyük bir qismi "Qaynana" filmindən Nəsibə xanımı istədi. Mən onu hazırladım. Bunu başqa illüstratorlar da etmişdi. Amma onlar sadəcə nüsxəsini hazırlmamışdılar. Mən isə öz fantaziyamla hazırladım. Filmdə o kadr yoxdur. Bundan əlavə, "Yuxu" filminin qəhrəmanlarının da illüstrasiyalarını hazırlamışam. Filmlərin üzərində işləyəcəyəm, davamı gələcək". "Məşhur müğənni Dua Lipanın illüstrasiyanın hazırlamışdım. "İnstagram"da paylaşdım, dostarlım onu tag elədi. Üstündən bir-iki saat keçdi. Gördüm ki, dostlarım mənə yazıb ki, gir Dua Lipanın "story"nə bax. Baxdım ki, mənim illüstrasiyamı paylaşıb. Gecə saat 2 idi, hamı yatmışdı, mən başladım sevincdən qışqırmağa. Amma azərbaycanlı sənətçilər heç kəs reaksiya verməyib. Bəlkə də heç görməyiblər. Açığı, heç vaxt onu düşünməmişəm ki, kimsə paylaşsın. Sadəcə ideya gəlir, mən də edirəm. Bir dəfə də ekstrasens Bayram Nurlunu çəkdim. Tag elədim, tagı sildi. Camaat gülürdü, amma gülmək üçün etməmişdim. Yəqin ki, o bunu yanlış anlayıb" - deyə Kənan əlavə edir. "İllüstrator olmaq üçün insandan nə tələb olunur?" sualımıza müsahib belə cavab verdi: "Öncə səbr. Ən əsası həyatını ona həsr etməlisən. Pulu düşünməməlisən. Pul yaxşıdır, amma sənin öncəliyin pul olmamalıdır. Öncə sənətini inkişaf etdirməlisən. Öz stilini tapmalısan. Yeni başlayan illüstratorlar düşünürlər ki, necə edim ki, mənim "İnstagram"da izləyicim çox olsun. Bu peşə yiyələnmək üçün öncə bunun anatomiyasını öyrənməlisən. Kiminsə əsərini götürüb kopyalayıb, onu paylaşmaqla heç nə əldə edə bilməzsən. Mən 4 il çalışdım bunun üzərində. O vaxta qədər sosial şəbəkələrdə paylaşmırdım. Bu sənətin ən böyük sirri budur ki, sevəsən və vaxtını ancaq ona həsr edəsən, yoxsa başqa cür alınmayacaq". Geri qayıt |