Əsas Səhifə > Şou-biznes > Aygünü "Nömrə 1" saymadı, Röyanı da TƏNQİD ETDİ

Aygünü "Nömrə 1" saymadı, Röyanı da TƏNQİD ETDİ


11-01-2021, 14:43
Aygünü "Nömrə 1" saymadı, Röyanı da TƏNQİD ETDİ
Əməkdar artisti Qorxmaz Əlilicanzadə Lent.az-a müsahibə verib.

- Koronavirusla necə mübarizə aparırsınız?

- Çox yaxşı. Pandemiya başlamazdan bir az əvvəl İran getmişdim, fevralın 20-də gəldim, gələndən bir gün sonra yollar bağlandı. Sadəcə immunitetimi qorudum. Hər gün limonla balı qarışdırıb içirəm. Koronavirusun fəsadları olur. Məsələn sağalandan sonra qanı laxtalandırır. Ona görə də evdə vitaminlər qəbul edirik.

- Sənət adamlarının əksəriyyətinin qazanc yeri el şənlikləridi. Artıq xeyli vaxtdır toylar, ad günləri yoxdur, maddi sıxıntınız varmı?

- Vaxtı ilə mən də toylara getmişəm. Toylardan tamadaları yığışdırdılar, bizi çörəksiz qoydular, müğənnilər məclisi tək idarə etməyə başladılar. Bu da onların ən böyük haqsızlığı idi. Allah da cəzalarını verdi. İndi nə oxuya, nə də tamadalıq edə bilirlər. İstərdim ki, toylar başlasın. Çünki əsas xalqımızın övladlarıdır. Nəsil artmalıdır, gələcəyin əsgərləri doğulmalıdır.

- Azərbaycanın ilk şoumeni sizsiniz. Yolunuzu davam etdirən varmı?

- Məndən gəlib nəsə soruşan, öyrənən yoxdur. Hamısı oxumamış alimdir. Hamısı özünə şoumen deyir. Şoumenlik tamam ayrı işdir. Bunu öyrənmək lazımdır. Müğənnini elan etməklə şoumen sayılmırsan. Azər Axşam və Nicat Kazımova inanıram. Onlar istəsələr, bacararlar.

- Qorxmaz bəyin bu sənətdə məktəbi varmı?

- Hacıbabadan, Əlibabadan, Tələtdən, Rübabədən, Qulu Əsgərovdan muğam öyrənmişəm. Öyrənmək istəyənlər pul vermək istəmirlər. Mənim də havayı neçə saat onlara dərs deməyə, nəyisə başa salmağa zamanım yoxdur. Ondansa gedib çörək pulumu qazanaram. Məni düz başa düşün.

- Hazırda Azərbaycanda şou-biznes varmı?

- Var. Azərbaycanda şou-biznesin təməlini mən qurmuşam. Mən Azərbaycana yenilik gətirmişəm.

- Aparıcıların aparıcılığı sizi qane edir?

- İndi Azərbaycanda aparıcılıq çox aşağı səviyyədədir. Nicat Kazımovu, Azər Axşamı çıxmaq şərti ilə çoxu yaxşı deyil. Aparıcı var ki, kəndçi ondan yaxşı danışır. Çoxu çoban kimi danışır. Efirdə belə danışmaq olmaz. Cümlə quruluşları kasad və savadsızdır.

- Sizcə, Azərbaycanda "Nömrə 1" müğənni kimdir?

- Kim efirə çox çıxırsa, o da "Nömrə 1"dir.

- Bu mövzuda Xalq artistləri Aygün Kazımova ilə Röya Ayxanın adı hallanır...

- Bilirsiniz Aygün gözəlliyi ilə yadda qaldı. Oxumağı demərəm ki, pisdir, amma oxuyur. Bir balaca səsi var, ondan istifadə etməyi bacarır. Amma Röyanın çox böyük ürəyi var. Bəzi xüsusiyyətləri var ki, onları onda görmək istəməzdim. Məsələn, açıq-saçıqlıq, danışıq tərzi... Elə qadın var ki, deyir ki, "Alə, elə deyileee" belə xanım olar? Müğənni gərək xanım-xatın olsun. Bunların çoxu oxumağı bir kənara qoyur, elə hərəkətlər edirlər ki, oxumaq gözdən düşür. Demirəm ki, Aygün-Röya belədi, sadəcə ümumi danışdım.

- Qarşınızda seçim olsaydı, "Nömrə 1" Aygünü yoxsa Röyanı seçərdiniz?

- Oxumaq üçün Röya. Onun ürəyi böyükdür. Aygün də pis oxumur. Səs baxımından Samira Allahverdinin, Sevda Ələkbərzadənin, Manananın səsi gözəldir. Səs başqa şeydir...

- Xalq artisti Röya Ayxan Yeni ildə rəqs edərkən çəkilmiş videosunu sosial şəbəkədə paylaşdı və onun bu addımı çox tənqid olundu...

- İstəməzdim ki, belə bir şey olsun. Videonu özü paylaşıbsa, günah özündədir. Məsələn, mən bu il evdə Yeni il qeyd eləmədim. Ölkəmiz də qeyd etmədi. Biz ölənə qədər şəhidlərimizə borcumuz var. Ölüm haqdır amma hər kəs öz canından keçə bilməz. Görün onlarda nə qədər vətən sevgisi var. Onlar ölür ki, özündən sonrakı nəsil yaşasın. Bir sözlə, gərək Röyanın o hərəkəti olmayaydı. Televiziyalarda da repertuarlar dəyişərdi. Yeni il günü İTV-nin "Ötən günlər" verilişi çox xoşuma gəldi. Həmin verilişə baxıb ağlayırdım. İstərdim ki, bir gün də şəhid günü qeyd edək. Necə ki, Xocalı günü qeyd edirik, elə də Şəhid günü olsa yaxşı olardı. Məsələn, müharibə 27 sentyabrda başlanıbsa, həmin günü də şəhid günü kimi qeyd etmək olar.

Geri qayıt