Əsas Səhifə > Şou-biznes > “Qəzəlin adını desəm, ideyamı oğurlayarlar”
“Qəzəlin adını desəm, ideyamı oğurlayarlar”12-01-2021, 08:30 |
Bir müddət öncə Nəsiminin “Sığmazam”qəzəlinə oxuduğu mahnı ilə gündəmə gələn Afət Fərmanqızı növbəti dəfə Nizami Gəncəvinin yaradıcılığına müraciət edib. 2021-ci ilin “Nizami ili” adlandırılmasının ardından, müğənni dahi şair və filisofun qəzəllərindən birini mahnı şəklində ifa edib. Bu barədə Afət Fərmanqızı “Sherg.az”a açıqlamasında danışıb. O, mahnının yanvar ayının sonunda ictimaiyyətə təqdim olunacağını söyləyib: “Artıq Nizaminin qəzəlini musiqi ilə ifa etmişəm. Lakin tamamlanmamış bir-iki iş alıb. Bir də gözləyirəm ki, “20 yanvar” keçsin, şəhidlərimizin 40-ı çıxsın. Çünki mahnı şəndir. Hazırkı durumumuza uyğun deyil. Amma ifam hazırdır. Yanvar ayının sonunda yayınlanacaq. Bu qanlı günlərdən uzaqlaşaq. İnsanlarda da şən mahnılara qulaq asmaq ab-havası yoxdur. Yoxsa indi o mahnını efirə çıxartsam, heç kimin əhval-ruhiyəsinə uyğun olmaz”. Müğənni qəzəlin adını açıqlamasa da, mahnı haqqında ipucu verdi: “Qəzəlin adını desəm, ideyamı oğurlayarlar. Başıma belə bir hadisə gəlib. Bir dəfə sənət yoldaşıma mahnı göstərdim ki, səncə, bunu oxuyum? Dedi, yox. Mahnının adı “Gəlinim” idi. Bir aydan sonra həmin adam gəlinim sözünün əvəzinə qızım yazıb, ifa etdi. Ondan sonra özümə söz vermişəm ki, mahnı yayınlanana qədər adını çəkməyəcəm. Lakin sözləri çox gözəldir. Hamımızın gündəlik işlətdiyimiz sadə ifadələrdir. Çox qəliz, yaxud da farsca olan qəzəllərdən deyil, öz dilimizdədir. Bir də bu dəfə hind mahnısı ilə oxumamışam. Cənubi Azərbaycan musiqisi ilə sintez etmişəm. Qeyd edim ki, musiqisi Peyman Təbriziyə, sözləri Nizami Gəncəviyə məxsusdur. Ayın 25-dən sonra “YouTube”da olacaq”. Geri qayıt |