Əsas Səhifə > Şou-biznes > "Lakin nədənsə o disklər sonradan "yoxa çıxdı""
"Lakin nədənsə o disklər sonradan "yoxa çıxdı""12-01-2021, 09:31 |
Ötən həftə Anar Kərimov mədəniyyət naziri təyin olundu. Xalq artisti, sevimli aktrisamız Afaq Bəşirqızı Mədəniyyət Nazirliyindəki yeni təyinatla bağlı gözləntiləri, təklifləri haqda Musavat.com-a danışıb. O, “Anar Kərimovun mədəniyyət naziri seçilməsi münasibətilə ona xoş arzularımı bildirirəm” deyə qeyd edib: “Yeni nazirimiz mədəniyyət xadimləri ilə videogörüş təşkil edəndə bildirdim ki, onu mədəniyyətin çox ağır, çətin, durğun vəziyyətində nazir postuna təyin etdilər. Mən inanıram ki, siz mədəniyyət xadimləri ilə sıx əlaqədə olaraq işlərin bəzilərinin öhdəsindən gələ biləcəksiniz. Bu elə bir böyük problemdir ki, onu birdən-birə həll etmək qeyri-mümkündür, çünki mədəniyyət sahəsinin çoxlu sayda qolları var”. Xalq artisti qeyd edib ki, hazırda mədəniyyətin bütün sahələrində durğunluq yaşanır: “Bütün bunların hamısı bir tək Mədəniyyət Nazirliyindən asılı deyil. Kadrlarımızın hamısı kifayət qədər təcrübəyə malik deyil. Bunun da hamısı tədrisdən irəli gəlir. Məsələn, rejissorun hazırlanması üçün onun çox geniş dərs proqramı olmalıdır. Lakin çox təəssüflər olsun ki, bizdə bu mövcud deyil. Xatırlayıram ki, universitetdə dərs deyəndə disklərdə proqram gətirmişdim. Lakin nədənsə o disklər sonradan ”yoxa çıxdı". Yəni teatr və kino sahəsində kadrlar təcrübəli olmalıdır. Sovet dövründə universitetdə rus aktyorlarının kursları var idi. Tələbələr universitetə daxil olduqdan sonra könüllü şəkildə həmin kurslara gedirdilər. Onlar bu gün də geniş masştablı aktyorlardılar, yəni təcrübələri var". Afaq Bəşirqızı kino sahəsində mövcud olan qeyri-peşəkarlıqdan da şikayətlənib: “Diqqət etsəniz görərsiniz ki, indi çəkilən müharibə filmlərində döyüş kadrları boşdur. Tutaq ki, bombanın düşməsi, atışma və sairə. Ya həddindən artıq atışma səhnələri qoyur, bu zaman mətn, aktyorun oyunu, işığın quruluşu, effektlər itir. Ya da ki, qeyd etdiyim kimi, kadrlar boş olur. Bütün bunları dərk edən, bunun müqabilində film çəkən rejissorlarımızın daha çox olmasını arzulayıram. Sonda Mədəniyyət Nazirliyimizin özünü doğrultmasını arzulayıram. Güman edirəm ki, Anar müəllimin ətrafındakı kadrlar onlara göstərilən etimadı doğruldacaqlar". Geri qayıt |