Əsas Səhifə > Şou-biznes > "Heykəli də güllələmək olarmı?"

"Heykəli də güllələmək olarmı?"


16-01-2021, 09:18
"Heykəli də güllələmək olarmı?"
Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün gülləbaran etdiyi heykəllər ölkə başçısının Şuşaya səfəri əsnasında Azərbaycanın mədəniyyət paytaxtına qaytarılıb.

Azərbaycanın görkəmli ziyalılarının, mədəniyyət xadimlərinin heykəllərin Şuşaya qaytarılmasını mədəniyyət və musiqimizin Şuşaya qayıdışı kimi dəyərləndirmək olarmı?

Moderator.az-a açıqlama verən Xalq artisti Mübariz Tağıyev “Güllələnmiş heykəllər”in Şuşaya qaydışından böyük sevinc hissi yaşadığını vurğuladı:

“Aydındır ki, hər şeyin öz yeri, öz məkanı var. O heykəllər vaxtiylə orada olub. Təxminən 30 ildən sonra o heykəllər yenidən öz yerinə qayıtdı. Görün necə böyük şəxsiyyətlərin heykəllərindən söhbət gedir – Üzeyir bəyin, Bülbülün, Natəvanın heykəlindən... O heykəllər ki, güllələnib. Heykəli də güllələmək olarmı? Indi o heykəllər öz məkanında, öz evlərindədirlər.

Şuşa tam vaxtında Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Hər zaman vurğulanırdı ki, Şuşa Azərbaycanın konservatoriyasıdır. Şuşanın mədəniyyət paytaxtı elan edilməsi də bir sənət adamı olaraq bizdə böyük sevinc hissi yaratdı. Mən o torpaqlarda bir neçə dəfə olmuşam. Mən bu cənnətməkan torpaqları görmüşəm. Şükürlər olsun ki, torpaqlarımız işğaldan azad olundu, yenidən o torpaqlara qovuşduq. Hesab edirəm ki, bizim üçün budnan daha böyük sevinc, daha böyük fərəh ola bilməz”.

Geri qayıt