Əsas Səhifə > Şou-biznes > "Bədənini göstərənlər şou biznesimizi işğal ediblər"

"Bədənini göstərənlər şou biznesimizi işğal ediblər"


21-01-2021, 08:58
"Bədənini göstərənlər şou biznesimizi işğal ediblər"
Avropa prodüseri kimi tanınan Sultan Musatafayev Moderator.az-ın qonağı oldu. Prodüser bizimlə söhbətində Azərbaycan şou biznesinin can üstə olduğunu deyərək, gündəmdə olan ifaçıları savadsızlıqda və dünya görüşlərinin olmamasında günahlandırdı.

- Çoxdandır səsinizi eşitmirik, haqqınızda “Sultan bu sənəti tərk edib” deyə danışılır. Deyilənlər nə qədər doğrudur?

- 5 ildən çoxdur ki, İstanbula köçmüşəm. Bütün işlərimi buradan idarə edirəm. İstanbul elə bir şəhərdir ki, dünyanın hər yerinə burdan getmək çox rahatdır. Hazırda İstanbulda böyük bir şirkətdə menecer kimi fəaliyyət göstərirəm. Pandemiya dönəmində sənətdən uzaqlaşmışam. Bilirsiniz ki, karantin qyadlarına əsasən tədbirlər, məclislər yoxdur. Ona görə mən də ailəmi dolandırmaq üçün bu dönəmdə xarici şirkətlə müqavilə bağladım. Pandemiya bitdikdən sonra şou-biznesə aid maraqlı layihələrimiz olacaq.

- Azərbaycan şou-biznesi kənardan necə görünür?

- Azərbaycan şou-biznesi kənardan çirkab içində görünür. Uzun müddətdir ki, bizim şou biznesimizdə sənəti, səsi olmayanlar gündəmi zəbt ediblər. Bədənini göstərənlər şou biznesimizi işğal ediblər. Hər zamanki kimi Azərbaycan telekalanalları buna göz yumur, onları dəstəkləyir. Təbii ki, sözüm bütün kanallara aid deyil. Ancaq 100-də, 90-nı bu əqidə ilə davam edir. Bu gün şou aləminin ağası, idarə edəni yoxdur. Onu idarə etmək üçün savadlı insanlar lazımdır. Azərbaycan şou biznesində peşəkar, savadlı insanlar var, amma onlar da səslərini çıxartmırlar, qorxullar. Düşünürlər ki, bu gün kimisə tənqid etsələr, rəy bildirsələr sabah çörəyini kəsəllər. Əgər sən bir ziyalısansa və sənin 70 yaşın varsa, bütün statusları əldə etmisənsə, pedaqoqsansa bu gün məcbursan ki, sənəti olmayanlara irad bildirəsən. Çünki sənə bu adı xalq verib. Sənə bu ad elə belə verilməyib axı. Söhbət yaşlı nəsildən gedir və onlar da bu biabırçılığı görüb susurlar. Milli Konservatoriyada, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində elə pedaqoqlarımız var ki, onların heç savadı yoxdur və bugünki şou biznesin əsas nümayəndələridir. Musiqidən, notdan, aktyorluqdan başı çıxmayanlar özlərini müəllim kimi qələmə verirlər. Bu artıq faciədir.

- Bu gün şou biznesdə yeni yaranan musiqiləri necə qiymətləndirirsiniz?

- Şou biznesdə musiqiyə aidiyyatı olmayan bir musiqi janrı yaranıb. Bir az İran, bir az Hindistan ladları əlavə edilib. Bu nə özbaşınalıqdır? Bizim toxunulmaz sənətkarlarımızın, şairlərimizin qəzəllərinə dəxlisiz musiqilər yazılır. O musiqilər aşağı səviyyədə ifaçılar tərəfindən oxunur. Həmin o şairlər bu gün həyatda yoxdur deyə istədikləri şəkildə onların yaradıcılığına müraciət etmək olar? Bu məsələ rəsmi şəkildə Mədəniyyət Nazirliyi nəzarət etməlidir. Kanalların rəhbləri icazə verməməlidir ki, həmin ifaçılar efirə çıxıb bayağı mahnılar ifa etməsinlər. Əfsuslar olsun ki, belə hadisələr hələ də davam edir. Bunun qarşısını almaq istəmirlər. Bu bayağı musiqilər bizim qulağımızı zorlayır. Bizə məcbur edib yedizdirmək istəyirlər. Düzdür, mənim çevrəmdə bu mümkün deyil. Axı yeni gənc nəsil yetişir. İndi deyirlər ki, dövran dəyişdib. Dövran elə həmin dövrandır insanlar dəyişib, belə mahnılarla gənclərin zövqü korlanıb. Bugünkü nəsil Fikrət Əmirovu, Qara Qarayevi, Şəfiqə Axundovanı, Sara Qədimovanı tanımırlar. Telekanallarda gənclərə həmin bayağı ifaçıları təqdim edirlər.

- Və gənclər də bu şəkildə məşhur olmağın daha rahat olduğunu görüb, onların yolunu davam edirlər.

- XXI əsrdir, texnika dövrüdür hər bir insan rahat şəkildə məşhur ola bilər. Sosial şəbəkədə boş videolarla, alt paltarını, ayağını çəkib gündəmi zəbt edirlər. Bu sənət deyil axı. Bunların qarşısı alınmalıdır. Dövlət interneti kəsməlidir. Yoxsa ona qədər musiqi də düzəlməyəcək, sosial şəbəkələrdə kim kimi vurmaq istəyirsə telefona çəkib “İnstagram”a atıb özlərini biabr edəcəklər. Bilirsiniz problem nədədir? Biz tənqidlə təhqiri səhv salırıq. Bunu öyrənməyənə qədər musiqimiz nəinki inkişaf edəcək, elə yerimizdə addımlayacağıq. Türkiyədə şou-biznes ifaçılarına hörmət var. Sənət adamlarına hörmət edirlər. Çünki insanları yormurlar. Konsert verdikləri zaman demirlər ki, “son mahnımı da oxuyum, qaçım”. Burda hər şeyin qayda qanunu, sənətə, mədəniyyətə hörmət var. Bizim şou biznes günü gündən ölümə məruz qalır. Son nəfəsini verən şou biznesi diriltmək isə mümkün deyil. Yalnız bir yolu var, peşəkar insanlar yenidən cəlb olunduqdan və hər şey nəzarətə götürüldükdən sonra musiqidə inqilab etmək olar.

- Bu işdə prodüserlərin də üzərinə böyük yük düşür.

- Azərbaycanda “prodüser”lər çoxdur, amma savadlı, işini bilən peşəkar prodüserlər azdır. Azərbaycan şou biznesində 3 prodüser var hər ki, istədikləri zaman gündəmi zəbt etdirlər. Bu 20 ildir ki, belədir 20 ildən sonra da belə olacaq. Onlardan biri mənəm, biri Tarix Əliyev (Tolik), biri də Təranə Səmədovadır. Biz gündəm prodüserləriyik. İstədiyimiz zaman gündəmi də zəbt edirik, milyonlar da qazana bilirik. Bunu hamı da bilir.

- Bu gün şou biznedə kimlər at oynadır?

- Bu gün şou-biznesində sənəti olmayanlar at oynadır.

- Kimlər məsələn?

- Afətlər, Damlacıqlar, Şəbnəmciklər, savadsız dünya görüşü olmayanlar gündəmi zəbt ediblər. Bu da ondan irəli gəlir ki, nə qədər ki, biz sənətə, sənətkara qiymət verməyəcəyiksə belə də davam edəcək. Çünki onların day daylarının olduğunu hər kəs bilir. Biri çıxıb deyir ki, “mən sənətkaram” amma halbuki sənəti yoxdur. Kimin pulu var deyir “mən ağayam”. Bu gün Azərbaycanda dəyərli səntəkralar, gözəl ifaçılara şərait yaratmırlar ki meydana çıxsınlar.
Amma bir şeyi də unutmayın ki, sənət, savad pulnan alınmır. Sənətdə olan bəzi insanlarda bunların heç biri yoxdur. Müğənni o deyil ki, səsi olsun. Müğənninin əxlaqı, tərbiyəsi, savadı, istedadı hamısı yerində olmalıdır. Bizim şou biznesdə çox problemlər var. Günü gündən də artır. Bizdə Musiqi Şurası olmalıdır. Orada heç bir hörmət, izzət, rüşvət keçməməlidir. Türkiyədə necə varsa ildə bir dəfə konfransları olur. Mən də müraciət etmişəm onlara. Biz onlardan hələ çox şey öyrənməliyik.

Geri qayıt