Əsas Səhifə > Şou-biznes > "Doğum günümü iş başında keçirirəm"
"Doğum günümü iş başında keçirirəm"22-01-2021, 17:48 |
Bu gün Azərbaycanın xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavini, Xalq artisti Hacı İsmayılovun 77 yaşı tamam olur. “Report” doğum günündə Xalq artisti ilə danışıb. H.İsmayılov 77-ci doğum günündə özünü yaxşı hiss etdiyini bildirib: “Hazırda işimin başındayam, səhhətim normaldır, şikayətim də yoxdur. Ad günümü adi keçirirəm. 60 yaşımda özümə yubiley etdim. 75 yaşımda isə teatrda yaxşı yubley etdilər. Qalan illəri evdə, ailədə yoldaşım, uşaqlarım və nəvələrimlə bir yerdə keçiririəm. İlk təbrikimi isə dünən teatrmızın aktyoru Kazım Həsənquliyev edib”. Qeyd edək ki, H.İsmayılov 22 yanvar 1944-cü ildə Bakıda doğulub. 190 nömrəli orta məktəbdə təhsil alıb. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sumqayıt Dövlət Dram Teatrına aktyor işləməyə dəvət alıb və 1968-ci il sentyabr ayının 2-də gənc truppada fəaliyyətə başlayıb. Bu teatrda M.F. Axundovun "Müsyö Jordan və dərviş Məstəlişah" komediyasında dərviş Məstəlişah rolunu ifa edib. Bundan sonra C. Patrikin "Qəribə missis Səvic" dramında Ceffi, A.Papayanın "Bəli, dünya dəyişib" komediyasında Səməndər, C.Cabbarlının "Sevil" pyesinin tamaşasında Məmmədəli bəy rolunda çıxış edib. 1970-ci il fevral ayının 16-dan Akademik Milli Dram Teatrında çalışır. Elə ilk gündən H.Cavidin "Xəyyam" faciəsindəki İkinci Qulam rolunu alıb. "Azərbaycanfilm" kinostudiyasında ilk dəfə "Ad günü" filmində Mustafa rolunda çəkilib, bu rolla böyük uğur qazanıb və 22 aprel 1980-ci ildə Respublikanın Dövlət mükafatı laureatı adına layiq görülüb.17 may 1989-cu ildə Azərbaycan SSR əməkdar artisti, 18 dekabr 2000-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalına layiq görülüb. 21 yanvar 2019-cu ildə "Şöhrət" ordeni ilə təltif olunub. Yaradıcılığının xarakterik sənətkarlıq xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Akademik teatrda oynadığı əllidən çox rolun böyük bir qismi məhz həmin üslubun estetik səciyyələrinə uyğundur. 2014-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavinidir. Ailəlidir, iki övladı və üç nəvəsi var. Geri qayıt |