Əsas Səhifə > Şou-biznes > "Hər ilana görə Zooparka 70 manat cərimə ödənildi"

"Hər ilana görə Zooparka 70 manat cərimə ödənildi"


23-01-2021, 08:54
"Hər ilana görə Zooparka 70 manat cərimə ödənildi"
“Qaraca qız” filminin Xədicəsi Leyli Axundova Moderator.az-ın suallarını cavablandırıb.

- Salam, Leyli xanım. Necəsiz?

- Çox təşəkkür edirəm, yaxşıyam.

- Leyli xanım, siz bir filmlə tarixdə qaldınız. Bu necə bir hissdir?

- Allah həm rejissor Şamil Mahmudbəyova, həm də Arif Nərimanbəyova rəhmət etsin. Biz uşaq idik, 6-7 yaşımız var idi, film onların zəhməti hesabına yaddaşlarda qaldı.

- Bilirəm ki, filmə təsadüf nəticəsində çəkilmisiz..

- Bəli, valideynlərimlə bulvarda gəzirdim, məni görüb, filmə dəvət etdilər. Səhəri gün bizi çağırdılar, atamla çəkiliş meydançasına getdim. Şeir demək istəyirdim, Şamil müəllim dedi ki, ehtiyyac yoxdur, sən onsuz da çəkiləcəksən, mən Leylini tapmışam. Atam filmə çəkilməyə icazə vermirdi. Deyirdi ki, biz onun nazı ilə oynayırıq, o nə rejissorun, nə də operatorun sözünə qulaq asmayacaq. O ancaq bizim sözümüzə qulaq asır (gülür). Daha sonra mənimlə fəxr edirdi..Mən heç vaxt öz filmimə baxa bilmirəm, gözlərim dolur, kövrəlirəm.

- Film necə çəkildi?

- Əvvəlcə filmin sonunu lentə aldılar, daha sonra əvvəlini. Yadımdadır, Şamaxının Çuxuryurd kəndində çəkilirdik. Orada oynayan qaraçıların hamısı Moskvadan gəlmişdi. Amma çox təəssüf ki, o filmdən film qalmadı, ən maraqlı yerlərini montajda kəsdilər. Ən təsirli səhnə isə Tutunun ölümü idi. Mən o səhnədə ağlamalı idim, bunlar fikirləşdilər ki, məni necə ağlada bilərlər? Tutunu mənə göstərmədilər, qəfildən dedilər ki, o ölüb. Məni saxlamaq olardı? Elə hönkürtü ilə ağladım ki, daha sonra məni saxlaya bilmədilər. Mənimlə birlikdə bütün kollektiv ağlayırdı. Hər şeyi biləndə onlardan incidim, dedim ki, mən filmə çəkilmirəm. Güc-bəla ilə məni razı saldılar.

- Ananızı məşhur aktrisamız, xalq artisti Şəfiqə Məmmədova oynayıb. Həqiqətən də sizə ana kimi yanaşırdı?

- Bəli, ondan qayğı görürdüm. Orada hamı bizi çox istəyirdi. Bizə güldən artıq söz demirdilər, bir dəfə də olsun kollektivin səslərini eşitməmişəm. Bizimlə uşaq kimi oynayırdılar. Şəfiqə xanımla illər sonra gözəllik salonunda görüşdük, mənə dedi ki, səni elə bil buzdolabında saxlayırlar, heç dəyişmirsən (gülür).

- Tutu ilə görüşürsünüz?

- Tutu obrazını Sevil Zeynalova canlandırıb. O İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. Sonuncu dəfə məktəbli uşaqlarla görüşdə onunla birlikdə olmuşam. Amma sıx əlaqəmiz yoxdur.

- Bəzi mənbələrdə sizin rolunuzun adı Ağca, bəzilərində isə Xədicə gedir.. Bu nə ilə bağlıdır?

- Xeyr, əslində rolumun adı Xədicədir. Mən uşaqlıqda ağ qız idim, hətta istəyirdilər ki, məni qrim etməsinlər. Daha sonra məni qrim edib, rəngimi tündləşdirdilər.

- Filmdə hansı maraqlı və təhlükəli səhnələr var idi?

- Ən təhlükəlisi ilan səhnəsi idi. Bu səhnədən nə valideynlərimin də, nə də özümün xəbərim yox idi. Ətəyimi açıb ilanı ora buraxdılar. Gördüm ki, biri əlində taxta, biri də bel saxlayıb ki, ilan məni sancmaq istəyəndə onu öldürsünlər. Mənə də deyirlər ki, Leyli qorxma! Deyirəm ki, mənə qorxma deyirsiz, amma əlinizdə onu öldürməyə əşyalar saxlayırsız. Necə qorxmayım? Elə oldu ki, bu səhnə Şamil müəllimin xoşuna gəlmədi. Dedi ki, bu səhnəni bir dəfə də çəkəcəyəm. Qorxudan qızdırmam 39-a qalxdı. Atam bundan xəbər tutdu və dedi ki, xeyr, mənim qızım daha çəkilməyəcək. Sonra həmin ilanlar da qaçıb itdi (gülür). Hər ilana görə o vaxtı ki, pulla Zooparka 70 manat cərimə ödənildi.

- Filmdən nə qədər qonorar aldınız?

- Nə qədər qonorar aldığım yadımda deyil, amma bilirəm ki, Sevildən çox almışdım. Çünki Tutu roluna iki nəfər çəkilirdi, mən isə tək çəkilirdim. Atam həmin pulu mənim üçün yığmışdı.

- Filmin əsas mövzusu təmənnasız dostluqdur. Həqiqətən də rejissor bunu çox gözəl aşılayıb..

- Bəli, Şamil müəllim bunu insanlara göstərib ki, həyatda kimliyindən, vəzifəndən, imkanından asılı olmayaraq təmənnasız dostluq etmək lazımdır. Amma indi bir dənə uşaqlar üçün ibrətamiz film çəkilmir. Mən imkanlı ailədə böyümüşəm, amma heç vaxt valideynlərim mənə deməyib ki, kasıbla dostluq etmə. Həmişə mənə deyirdilər ki, dostlarını özün seç.

- Leyli xanım, hal-hazırda hansı sənətlə məşğulsuz?

- Mən Xoreoqrafiya Akademiyasında musiqi müəlliməsi vəzifəsində çalışıram. Hal-hazırda
dərslərimizi onlayn şəkildə tədris edirik. Düzdü, musiqi dərsini onlayn keçmək çox çətindir. Amma neyləyək? İnşallah ki, yenidən əvvəlki həyatımıza qayıdarıq.

Geri qayıt