Əsas Səhifə > Şou-biznes > "Ümidlə gözləyirəm ki, nə vaxtsa məni də çağırarlar"
"Ümidlə gözləyirəm ki, nə vaxtsa məni də çağırarlar"25-01-2021, 08:46 |
Onu 90-ların uşaqları daha yaxşı tanıyır. O vaxtları həsrətlə 8-in yarısı cizgi filminə baxmağı gözləyirdik. Yarım saatın yarısını Sim-Sim lələ, ya da Savalan baba danışırdı. Qalan 15 dəqiqə isə cizgi filmi göstərilirdi. Bəs görəsən Sim-Sim lələ indi haradadır? Moderator.az uzun axtarışdan sonra aktyor Adışirin Bağırovu tapmağa müvəffəq olub. Aktyor müsahibə verməyə bu sözlərlə başlayıb. “Sakit bir həyat yaşayıram. Harasa dəvət gələndə sevinərək gedirəm, dəvət gəlməyəndə isə ümidlə gözləyirəm ki, nə vaxtsa məni də çağırarlar. Amma hələ ki, mənə dəvət gəlməyib. Dövlət Gənclər Teatrında çalışmışam, Qastrol və Konsert birliyində uzun illər aparıcı işləmişəm, bütün rayonlarımızı qarış-qarış gəzmişəm. Əlimdən nə gəlirsə etmişəm. 1988-ci ildə “Bakı Payızı” musiqi müsabiqəsində 3 yaşlı uşaqla çıxışımı bütün saray izlədi. Hər şeyə bir yenilik gətirirdim. İndi necə ki, Elməddin, Fərda məşhurdur, o vaxt mən idim. Ona görə də televiziyanı, uşaq verilişləri redaksiyasını seçdim. Televiziyanın o vaxtkı rəhbərliyi və işçiləri dəyişdi, verilişlər bağlandı, mən də o axına düşdüm. Ümid verdilər ki, sizi mütləq çağıracağıq, amma sponsorlu verilişlər üzə çıxdı və mən kənarda qaldım. Heç nəyə təəssüflənmirəm, çünki zəhmətim hədər getməyib. Yaxşı ki, hazırladığım uşaq verilişlərinin bir çoxu arxivlərdə qalıb. Bu gün təşkil olunan bayram tədbirlərində şaxta baba, kosa kimi personajlarla uşaqları sevindirirəm. Amma bir ildən çoxdur ki, koronovirus pandemiyasına görə o işim də yoxdur. İnşallah yaxşı günlər yenə də gələr, təkrarlanar” deyə Adışirin Bağırov deyib. Aktyor seriallarda çəkilmək istəyindən də danışıb. “Çox istərdim ki, bu gün çəkilən film və seriallarda mən də yer alım. Təklif etmirlər, çünki pul da vermirlər. Bir iki dəfə dəvət olunmuşam, amma deyiblər ki, vallah pulumuz yoxdur, sponsor axtarırıq. İctimai Televiziyanın bayram tədbirlərinin birində aktyor Elməddin Cəfərovla görüşdüm, ona dedim ki, mən də istərdim sənin seriallarında çəkilim, gənclərlə birlikdə olum. Elməddin mənə dedi ki, “Ay müəllim, borcun içində boğuluram, sponsor yoxdur”. O mənə belə deyəndən sonra mən ondan necə rol istəyim?” deyə aktyor bildirib. Tanınmış aktyor indiyə qədər heç bir fəxri ad almadığını da bildirib. “Dövlət tərəfindən hələ ki, heç bir fəxri adla təltif olunmamışam. Müstəqilliyimizə keçid illərində mədəniyyətimizə təmənnasız xidmət etmişəm. Mədəniyyət Naziri də məni tanıyırdı, görürdü. Mənim artıq 60 yaşım oldu. Fikirləşdim ki, bunlar məni qiymətləndirəcək. Amma heç nə olmadı. Yenə də ümidimi üzməmişəm, gözləntidəyəm” deyə aktyor bildirib. Geri qayıt |