Əsas Səhifə > Şou-biznes > "Mədəniyyət Nazirliyinin qapısının harda olduğunu belə, bilmirik..."

"Mədəniyyət Nazirliyinin qapısının harda olduğunu belə, bilmirik..."


26-01-2021, 08:42
"Mədəniyyət Nazirliyinin qapısının harda olduğunu belə, bilmirik..."
Moderator.az-ın qonağı aktyor, parodiyaçı, aparıcı Elcan Rəsulovdur.

- İlkin olaraq gündəmin əsas mövzusu olaraq koronavirusa qarşı vurulan peyvəndlə bağlı fikrinizi öyrənmək istərdik. Peyvənd vurduracaqsınızmı?

- Əslində peyvəndin vurulmasına münasibətim çox yaxşıdır. Peyvəndin yan təsirlərinə gəlincə isə düşünmürəm ki, hər hansı mənfi təsiri ola bilər. Əgər bu peyvəndin dövlət tərəfindən vurulmasına icazə verilibsə demək ki, o bütün mərhələlərdən keçərək istifadəyə verilib.

- Pandemiya hansı işlərinizdə sizə mane oldu?

- Demək olar ki, bütün işlərimizə maneçilik törətdi. Yəni bu bir ildə biz inkişaf edə bilmədik. Yerimizdə saymaqla məşğul olduq. Hamı kimi biz də dedik ki, “koronavirus bitsin, hər şey yaxşı olacaq”.

- Bəs psixoloji təsiri necə, oldumu?

- Açığı pandemiyanın mənə psixoloji təsiri olmadı. Mənim toylardan elə də gəlirim yox idi deyə bu təsiri hiss etmədim. Təbii ki, gündəlik həyat rejimimizə öz təsirini göstərdi.

- Artıq yeni bir dönəmin başladığı deyilir. Bu dönəmdə incəsənət sahəsində də yeniliklər gözlənilir. Sizin gözləntiləriniz nələrdən ibarətdir?

- Əlbəttə ki, biz yeniliklərin olacağını gözləyirik. Yeni mədəniyyət naziri də təyin edilib. Bizim ondan gözləntilərimiz az deyil. Biz bundan öncə gördüyümüz işlərdə, layihələrdə , çalışdığımız sahənin naziri ilə görüşə bilmirdik. Digər sahələrdə çalışan insalar layihələr icra edən nazirlərlə görüşür, fikir mübadilələri apardığı halda, biz nazirimizin üzünü görmürdük. Yeni təyin edilən nazirdən yeni layihələr gözləyirik, Ümid edirik ki, bu sahədə inkişafa doğru müəyyən addımlar atılacaq. Vəziyyət əvvəlki kimi davam edə bilməzdi.
Bundan başqa biz II Qarabağ müharibəsində qalib gəlmişik. Artıq bundan sonra da qalib aktyorlar kimi çalışacağıq. Bunun da gördüyümüz işlərdə təsiri olacaq.

- Mədəniyyət nazirinə hansı təklifləriniz olardı?

- Bizim də özümüzə görə planlarımız, ideyalarımız var. Çox istərdik ki, onlar dinlənilsin, müzakirə edilsin, bizi yola verməsinlər. Bizi nazirliyə çağırıb, filan işləri görmüşük deməsinlər. Əksinə bizi dinləsinlər, fikirlərimizi soruşsunlar. Biz sənət adamları Mədəniyyət Nazirliyinin qapısının harda olduğunu belə bilmirik. Nazirliyin qapısını tanımırıq. Təkliflərə gəldikdə isə bir çox təkliflərimiz var. Misal üçün çox istərdim ki, ingilis dilində tamaşalar hazırlansın. Bir neçə nəfərdən ibarət hazırlanan tamaşalar beynəlxalq festivallarda nümayiş olunsun.

Geri qayıt