Əsas Səhifə > Şou-biznes > “Qarda dizlərimi yerə qoyub, ”Şuşa, bizi bağışla" dedim"

“Qarda dizlərimi yerə qoyub, ”Şuşa, bizi bağışla" dedim"


26-01-2021, 10:48
“Qarda dizlərimi yerə qoyub, ”Şuşa, bizi bağışla" dedim"
Ötən həftə əslən Şuşadan olan Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Şuşa şəhərini ziyarət ediblər. Məşhur şuşalılar Bülbülün ev muzeyində olub, “Güllələnmiş heykəllər”i ziyarət edib, məsciddə birgə dualar ediblər.

Xalq artisti Fərhad Bədəlbəyli Şuşada yaşadığı təəssüratları “Yeni Müsavat”la bölüşüb:

“Biz Şuşaya gedərkən Füzuli rayonundan keçirdik. Orada bütün kəndlər darmadağın olmuşdu, heç bir dənə də olsun sağ bina görə bilmədik. Bu bizə çox pis təsir elədi. Sanki bir kino idi, hələ belə şey görməmişəm. Doğrudur, televiziyada işğaldan azad olunmuş ərazilərdəki dağıntıları görürdüm, lakin bunu öz gözünlə görəndə insan dəhşətə gəlir.

Təsəvvür edin, hər yerdə, yolun sağında, solunda minaların olması ilə bağlı xəbərdarlıqlar yerləşdirilib. Ermənilər hələ də bizə minaların yerini demirlər. Neçə il lazımdır ki, bu torpaqları təmizləyək...

Şuşa postuna qədər bizi sülhməramlılar və öz əsgərlərimiz ötürdü. Əsgərlərimiz bizi səmimi salamlayırdılar. Biz onlar üçün corab, papaq, əlcək, siqaret aparmışdıq. Yəni maşınlarımızı nə qədər mümkün idisə doldurmuşduq... “

Fərhad Bədəlbəyli Polad Bülbüloğlunun ata yurdundakı ifasından da söz açıb:

“Bülbülün evində Poladdan xahiş etdilər ki, oxusun. Mən heç inanmadım ki, Polad oxuyar. Çünki biz gecə yatmamışdıq, maşınla 5 saat yol getmişdik. Polad da öz maşınını sürürdü. Bütün bunlara baxmayaraq, o, yüksək səviyyədə oxudu. Gərək musiqiçilər bundan nümunə götürsün ki, 75 yaşında bir kişi necə olur ki, 5 saat maşın sürüb, yol gəldikdən sonra açıq havada bu cür oxuya bilir. Yəqin ki, atasının evində, Şuşa torpağında olmaq ona böyük güc verib.

Mənim də ayaqlarım bir qədər ağrıyırdı. Qorxurdum ki, oralara gedə bilməyim. Lakin igid kimi gedirdim. Getmirdim, uçurdum... “

Xalq artisti 1982-ci ildə Vaqifin məqbərəsinin açılışı günü ilə bağlı xatirəsini də bölüşüb: “1982-ci ildə də Vaqifin məqbərəsinin açılışına gedəndə Şuşa bu cür qarlı idi. İndi də Şuşa qarlı, açıq səmalı, günəşli, gözəl havalı idi. Allah bütün bu gözəllikləri Şuşaya bəxş edib.

Beləliklə, Poladla birlikdə Vaqifin məqbərəsinə getdik, onun ətrafını öz əlimizlə bir qədər təmizlədik. Əlbəttə ki, bu məqbərə bərpa olunacaq.

Sonra isə Poladın atasının, Bülbülün evinə getdik. Orada memar da bizimlə idi. Memar hər bir detalı ölçdü-biçdi ki, gələcəkdə evi necə bərpa etmək olar.

Şuşanın küçələrini gəzdik. Məscidə gedib, dua oxuduq, bütün şəhidlərimizə rəhmət dilədik. İnanıram ki, tezliklə Qarabağ bütünlüklə abad olacaq...

“Güllələnmiş heykəllər”i də ziyarət etdik. Bildiyiniz kimi, həmin heykəllər uzun illər idi ki, muzeyin qarşısına qoyulmuşdu. Hər il 18 sentyabrda biz onları ziyarət edirdik və həmişə deyirdik ki, “Allah qoysa, gün o gün olsun ki, bu heykəllər Şuşaya qayıtsın”. Bəziləri deyirdi ki, “Əşi, bu mümkün deyil”. Biz isə inanırdıq. Nəhayət, bu heykəllər də öz yerlərinə qaytarıldı".

Fərhad Bədəlbəyli Şuşada baş verən döyüşləri Amerika filmlərinə bənzətdiyini dedi:

“Cıdır düzündə də oldum. Oradan bir qədər aşağıya baxırdım və heç cür başa düşə bilmirdim ki, bizim əsgərlər əllərində avtomatla, silahlarla o dağları necə qalxıblar. Bu, möcüzədir! Bunu ancaq Amerika, ”Rembo" filmlərində görürdük. Onlar kino idi, amma Şuşadakı döyüşlər həqiqətdir. Azərbaycan aslanları bunu edib. İndi deyirlər ki, Şuşa döyüşləri haqda bütün hərbi tədris ocaqlarında danışılacaq, öyrəniləcək. Doğrudan da bu qeyri-mümkündür...

Daşaltıda biz Riyad Əhmədovu yada saldıq. Riyad 1993-cü ildə orada qəhrəmancasına həlak olmuşdu. Bildiyiniz kimi, həmin vaxt çox xoşagəlməz hadisələr baş vermişdi, satqınlıq olmuşdu. Ürəyimdə dedim ki, “Riyad, sənin qanın yerdə qalmadı, əsgərlərimiz sənin qisasını aldılar””.

Fərhad Bədəlbəyli Şuşaya ziyarəti zamanı atası, Azərbaycanın tanınmış aktyor-rejissoru Şəmsi Bədəlbəylinin evini tapa bilmədiyini qeyd etdi:

“1995-ci ildə atamın evini yandırıb dağıdıblar, sonra bərpa ediblər və sonra yenə yandırıblar. Ona görə onun yerini heç cür tapa bilmədim.

Şuşada Poladla söz verdik ki, orada özümüzə ev tikəcəyik... Vaxtilə Şuşadan aralı yaşayırdıq. Yəni Bakıda yaşayırdıq və başa düşmürdük ki, ora tez-tez getmək lazımdır. Süleyman Ələsgərov həmişə bizə irad tuturdu, deyirdi ki, siz hər yerə gedirsiniz, amma Şuşaya gəlmirsiniz. İndi başa düşürəm ki, düz deyirdi. Bəlkə də Şuşa ona görə bizdən inciyib. Mən orada olarkən, Qalanın önündə, qarın üstünə dizlərimi qoyub diz çökdüm və Şuşadan üzr istədim. Dedim ki, “Şuşa, bağışla bizi. Sən 30 il düşmənin işğalı altında idin. Bu, olmamalı idi. Bu, hamımızın günahı idi”. İndi isə biz bu günahı yuduq, özü də çox böyük şərəflə, yüksək səviyyədə... “

Fərhad Bədəlbəyli bundan sonra Şuşada keçiriləcək festival və tədbirlər haqqında da danışaraq, öz istəklərini dilə gətirdi:

“İndi artıq quruculuq dövrüdür. Hər birimiz fikirləşməliyik ki, Şuşanı öz əvvəlki gözəl vəziyyətinə qaytarmaq üçün nə edək.

Əlbəttə ki, ilk növbədə məktəblər tikilməlidir. Çünki təhsil çox vacibdir. Bildiyiniz kimi, Şuşada əvvəllər “Şuşa gimnaziyası” fəaliyyət göstərirdi, orada fransız dilində dərslər keçirilirdi. İndi də məktəblər, təhsil ocaqları, mədəniyyət evləri tikilməlidir.

Sovet dövründə Şuşanın arxitekturasını korlayıb, 5 mərtəbəli “xruşovkalar” tikilmişdi. Fikrimcə, bu binalar sökülüb, yerində tamamilə fərqli Şuşa qurulacaq. Beləliklə, Şuşanı muzey-şəhər kimi bərpa etməliyik, necə ki, İçərişəhəri etmişik.

Əlbəttə ki, ilk növbədə “Xarı-bülbül” festivalını bərpa edəcəyik. Fikrim var orada təxminən iyun-iyul aylarında yay akademiyası təşkil edim, peşəkarlar orada ustad dərsləri keçsinlər. Hətta mən də gedib musiqi tarixi haqqında mühazirələr oxuyardım... “
“Yeni Müsavat”

Geri qayıt