Əsas Səhifə > Şou-biznes > ""Arvad başqa kişi ilə qaçdı" xəbərləri müzakirə olunur"
""Arvad başqa kişi ilə qaçdı" xəbərləri müzakirə olunur"26-01-2021, 15:56 |
“Bütün günü televiziya kanallarında, sosial şəbəkələrdə ər arvadını boşadı, arvad başqa kişi ilə qaçdı xəbərləri müzakirə olunur”. Bu sözləri Yenisabah.az-a Xalq artisti Naibə Allahverdiyeva deyib. Aktrisa efirlərin, sosial şəbəkələrin vəziyyətindən, sənət adamlarının xalqa olan münasibətindən gileylənib: “Bəzi şou-biznes nümayəndələrimiz durub xalqa məsləhət verirlər, yaxud canlı yayım açıb xalqa ağızlarına gələni deyirlər. Ayıbdır! Siz sənətçisinizsə, özünüzü sənətçi kimi aparmalısınız, xalqa örnək olmalısınız. Ağızlarını açanda da deyirlər ki, şərhlərdə bizi təhqir edirlər. Mənim də şəkillərimin altında artıq-əskik yazanlar olur. Heç bir insan ideal deyil, bəzən olur ki, boş-bikar biri çıxır fotoya təhqir yazır. Mən o adamı hamının içində söymürəm. Normal qaydada yazıb niyə belə etdiyini soruşuram ya da bloka atıram. Xalqı söymək düzgün deyil, bu sənət adamları ilə adi vətəndaşlar arasında uçurum yaradır. Mən xalqı yox, sənət adamını günahkar bilirəm. Bu gün hər yoldan keçən də özünə müğənni deyir, müğənni olmaq üçün konservatoriyanı bitirməlisən. Təhsilsiz adamı mən müğənni adlandırmıram, onlar sadəcə həvəskardırlar”. Sənətçi komediyamızın hazırki durumundan da danışıb: “Müğənnilər kimi aktyorlar arasında da belələri var. Biz illərlə oxumuşuq, çalışmışıq, qastrollara, səfərlərə getmişik, teatrlarda can qoymuşuq. Amma bu gün yoldan keçən birinin aktyor, aktrisa olduğunu görəndə sənətə olan bütün həvəsim ölür. Aktyor çıxıb iki cümləni ard-arda qoşub danışa bilmir. Bu gün komediyanı şaqqanaqxana ediblər. Belə komediya olmur, komediya cəmiyyətdə olan eybəcərlikləri gülüş yolu ilə çatdırır, o düşündürməlidir”. N.Allahverdiyeva bəzi şou-biznes nümayəndələrinin efirdə ailə quracağı şəxslərin maddi vəziyyəti barədə danışmasını da sərt şəkildə qınayıb: “Mən cəmiyyətimizi belə görmək istəmirəm. Efirlərdə min oyundan çıxırlar. Cəmiyyətə pis örnək olurlar. Mən istəmirəm ki, qızlar çıxıb desin ki, “Mən varlı kişi istəyirəm”. Bu nə sözdür axı? Siz sənət adamı cəmiyyətə nəyi təbliğ edirsiniz? Belə sözlər demək olmaz. Mənim həyat yoldaşım hazırda işləmir. Deməli mən onu atmalıyam?! Mən də istəyirəm bahalı geyimlər geyinəm, amma vəziyyət belədir. İnsan üçün ən dəyərli şey ailədir. Sən sənət adamı isə çıxıb cavan qızlara deyirsən ki, “pullu kişi istəyirəm” və ya “ailə quracağım adam məni saxlaya bilməz”. Sən bunu fikirləşirsənsə, içində saxla, çıxıb cavan gəlinlərə, qızlara bu fikri yeritmə. Bəs bizlər necə dözürdük? Bizim əynimizə geyinməyə iki dəst paltar olurdu, amma kitab oxuyurduq. Ailə qururduqsa maddi çətinliklərə sinə gərirdik. Bu nə biabırçılıqdır?! Sənət adamı çıxıb efirdə belə sözlər deməz!” Qeyd edək ki, bir müddət əvvəl aktrisa Pərvin Abıyevanın "Heç bir qız kasıb oğlana ərə getmək istəməz" və müğənni Ayan Babakişiyevanın “Ailə quracağım adam məni təmin edə bilməyəcək” fikirləri cəmiyyətdə birmənalı qarşılanmamışdı. Geri qayıt |