Əsas Səhifə > Şou-biznes > "Bilirik ki, yeni kadrlar vəzifəyə təyin olunduqdan sonra işi öyrənmir, öyrənib gəlir..."

"Bilirik ki, yeni kadrlar vəzifəyə təyin olunduqdan sonra işi öyrənmir, öyrənib gəlir..."


26-01-2021, 17:20
"Bilirik ki, yeni kadrlar vəzifəyə təyin olunduqdan sonra işi öyrənmir, öyrənib gəlir..."
Moderator.az-ın qonağı Əməkdar artist, tanınmış bəstəkar Gövhər Həsənzadədir.

- Gövhər xanım, yeni Mədəniyyət Naziri də təyin edildi. Bu sahədə müəyyən islahatların edilməsi gözlənilir. Sizin gözləntiləriniz nələrdən ibarətdir?

- Mədəniyyət naziri Anar Kərimov təyin olunduqda təbii ki, biz də sevindik. Onun iş təcrübəsi buna daha çox əsas verdi. Gözləntilərim isə ondan ibarətdir ki, koronavirus dünyamızı tərk etsin. Biz də əvvəlki iş rejimimizə davam edək. Nazirin edəcəyi islahatlara böyük ümidlərim var. Hazırda əsas problem pandemiyadan xilas olmaqdır. Bizim sənətimiz elədir ki, onlayn şəkildə, qapalı fəaliyyət göstərmək mümkün deyil. Belə ki, böyük orkestr, ansamblarla çalışırıq. Onlarla onlayn şəkildə işləmək mümkün deyil. Pandemiya işimizi təxirə saldı.
Yeni nazirdən gözləntilərə gəldikdə isə ondan keyfiyyətli layihələr gözləyirik. Yəqin ki, müasir düşüncəli, fərqli formatda işlər, layihələr dəolacaq. Biz də buna uyğunlaşıb, yaradıcılığımızı o istiqamətdə davam etdirəcəyik. Karantin bitdikdən sonra yaradıcılıq işlərimizi davam etdirəcəyik. Pandemiya bizi qapatdı, söndürdü. Bu da insanın psixogiyasına təsir edir.

- Artıq pandemiyadan sonra yeni bir dönəmin başlayacağı və bu sahədə dirçəlmə baş verəcəyi deyilir. Sizcə Azərbaycan musiqisində bunu necə hiss edəcəyik?

- Biz bunu görülən işlərin peşəkarlığında daha çox hiss edəcəyik. Belə ki, peşəkar, savadlı, təcrübəli kadrlara üstünlük veriləcək. Ən azından bilirik ki, yeni təyin olunan kadrların müəyyən qədər təcrübəsi var. Vəzifəyə təyin olunduqdan sonra işi öyrənmir, öyrənib gəlir. Çox ümidvaram ki, belə davam etsə efirlərdə dəyişikliklərə rast gələcəyik. Bu iş peşəkarlara həvalə olunsa, nəticə göz qabağında olacaq. Yəni hər kəsdən savadlı, peşəkar münasibət tələb olunsa məhsullarda keyfiyyət əldə edə bilərik. Məhsullar peşəkarların əlindən keçəcək. Hərə öz işi ilə məşğul olacaq.

- Peşəkarlıq deyəndə nəyi nəzərdə tutursunuz?

- Hər sahədə həddindən artıq peşəkar kadrlarımız var. Sadəcə olaraq düzgün insanlara müraciət edib, onları cəlb etdikdən sonra çox qısa müddətdə yüksək nəticə əldə edəcəyik. Deyəcəklər ki, bu var idisə biz niyə keyfiyyətsiz musiqilər dinləyirdik? Peşəkarlıq deyəndə mənim görəcəyim işi başqasına tapşırmayacaqlar. Başqasının məndən daha yaxşı görəcəyi işi də mənə. Hər işi peşəkarına həvalə edəndə mükəmməl nəticə əldə edilir.

- Yəqin ki, təşkil etdiyiniz konsertlərin uğurlu olmasının da səbəbi buradan qaynaqlanır.

- Konsertlərimizin uğurlu keçməsi tək mənim deyil, komandanın işindən asılıdır. Təşkilatçı olduğum konsertlərdə pultun arxasında oturandan musiqiçilərə qədər hər işə peşəkarları cəlb edirəm. Ona görə konsertlərim uğurlu alınır. Sadəcə işini bilən insanlara şərait yaradıram. İndiki Mədəniyyət nazirindən də bunu gözləyirəm. Ümid edirəm ki, keyfiyyətli mədəniyyət əsələri ilə xalqımızın qarşısına üzü ağ, layiqli şəkildə çıxacağıq.

- Ümid edirik ki, efirlərdə reytinq gətirən bayağı musiqilər də yığışdırılar.

- Onların hamısı sıradan çıxacaq. Hər kəsin başı öz işinə qarışacaq. Yəni çətin ki, o zaman bu sahədə boşluq yaransın. Bayağı mahnıları səsləndirənlər də boşluqdan istifadə edib bayağı mahnılar təqdim etməyəcək. Keyfiyyətli material çox olanda onun içindən seçim etmək də asan olur. Material olmayanda televiziyalar da əldə nə varsa onun ümidinə qalırlar. Meydanı boş buraxmaq olmaz. Biz bir dəfə bu boşluğa yol verdik. Bəlkə də bu da bir dönəm idi. Əminəm ki, bir də bu dönəm gəlməyəcək.

Geri qayıt