Əsas Səhifə > Şou-biznes > "Hər şey əvvəlki qaydasına düşənə kimi çətinliklər mütləq olacaq"

"Hər şey əvvəlki qaydasına düşənə kimi çətinliklər mütləq olacaq"


27-01-2021, 15:52
"Hər şey əvvəlki qaydasına düşənə kimi çətinliklər mütləq olacaq"
Əməkdar artist Dilarə Əliyevanın Yenisabah.az-a müsahibəsi:

- Dilarə xanım artıq bir il olacaq ki, tetrlar fəaliyyətini dayandırıb. Səhnədən uzaq qalmaq bir aktrisa kimi sizə necə təsir edir?

- Təsəvvür edirsiniz mədəniyyətimizə, incəsənətimizə, ümumiyyətlə teatr tamaşaçılarına, aktyorlara bu nə qədər böyük stressdir? Onlar sevdiyi işdən artıq uzun müddətdir ki, ayrı qalıblar, bu, böyük travmadır. Həm xəstəliyin xofu, qorxusu, həm işsizlik təbii ki, insanın psixoloji durumuna təsir edir.

- Fevral ayından ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanların fəaliyyəti bərpa olunacaq. Sizcə, bu qərar teatrlara da aid edilməlidirmi?

- Düşünürəm ki, tezliklə teatrlar, tamaşa zalları izləyicilərin nəfəsi ilə isinər. İnşallah, bu barədə də düşünülüb nəsə addım atılar. Çünki bunu nəzərə alıb necəsə bir yol fikirləşmək lazımdır.

- Bir ilə yaxın müddət səhnəsiz qalmaq aktyorların performansına mənfi təsir edəcəkmi?

- Aktyorlar tamaşalarda oynamaq üçün o qədər darıxıblar, o qədər səhnə üçün acdırlar ki, istər-istəməz səhnəyə çıxanda bu onların performansına da təsir edəcək. Onlar formaya düşənə qədər, tamaşaları məşq edənə qədər yəqin ki, əziyyət çəkəcəklər. Nəinki teatr sahəsində ümumən bütün sahələrdə müəyyən axsamalar olacaq. Hər şey əvvəlki qaydasına düşənə kimi çətinliklər mütləq olacaq.

- Bəs sizdə vəziyyət necədir?

- Baxmayaraq ki, mən uzun müddətdir səhnəyə çıxmıram, amma özüm üçün mütləq məşqlər edirəm. Axırıncı dəfə V.Səmədoğlunun “Generalın son əmri” tamaşasını oynamışam. Söhbət iki-üç il öncədən gedir. Amma ondan sonra da sənətim üçün mütləq zaman ayırıram. Üzərimdə işləyirəm, özüm özümlə tək qalmağı, səsimi qurmağı sevirəm, məşğələlər edirəm. Elə həmkarlarım var ki, tamaşa olmasa da onlar özləri-özlərini formada saxlamağı bacarırlar. Onlar oynadıqları xarakterləri canlandıra bilməkçün zaman-zaman məşğələ edirlər. Evdə olsam da tamaşalara internet vasitəsilə baxıram, pyeslər oxuyuram, xoşuma gələn vəziyyətləri özüm-özümə qururam, özümü formada saxlayıram. Məndən soruşsanız ki, incəsənətin hansı sahəsini daha çox sevirsiniz, cavab verərəm ki, teatrı. Baxmayaraq ki, məni insanlara tanıdan, sevdirən televiziya oldu, amma mən teatrı daha çox sevirəm.

Geri qayıt