Əsas Səhifə > Şou-biznes > "Səlahiyyət sahiblərindən xahiş edirəm, mənə şərait yaratsınlar..."

"Səlahiyyət sahiblərindən xahiş edirəm, mənə şərait yaratsınlar..."


27-01-2021, 17:19
"Səlahiyyət sahiblərindən xahiş edirəm, mənə şərait yaratsınlar..."
Moderator.az Əməkdar artist, qiraət ustası Ağalar Bayramovla müsahibəni təqdim edir:

- Ağalar müəllim, bu ay 67 yaşınız tamam oldu. Zəfər günlərinə təsadüf edən təəssüratlarınız necədir?

- İnanırsınız ki, Azərbaycan Ordusunun zəfər çalması ad günüm üçün çox böyük hədiyyə oldu. Təbii ki, bu ölkəmizin prezidenti, onun uzaqgörən siyasəti idi. Neçə vaxt idi gözləyirdik ki, görən bu işin axırı nə olacaq. Doğrusu, əlimizi üzmüşdük, deyirdik ki, torpaqlar getdi, qayıtmaz. Bu xülyayla yaşayan insanlarımız çox idi, bunu gizlətmək olmaz. İçi mən qarışıq çox insanlar inamdan düşmüşdü. İkiüzlülük etməyək. Qəfildən bu hadisənin baş verməsi sübut etdi ki, sən demə bu illər ərzində hazırlıq gedirmiş, hər şeyi xalqa demək olmaz. Ölkə başçısının qətiyyəti nəticəsində və qanlı şəhid köynəkləri hesabına, Azərbaycan Ordusunun böyük mücadiləsi sayəsində Qarabağımızın işğaldan azad olunması mənim yanvarın 16-da olan doğum günümə bir daha qeyd edirəm ən böyük hədiyyədir.

- Müharibədən öncə də cəbhəyə səfərlər edirdiniz və hətta bir dəfə bizimə söhbətinizdə dediniz ki, çox böyük hazırlıqlar gedir, nəsə olacaq...

- Avqust ayından məni orduda ideoloji işə cəlb etmişdilər. Müdafiə Nazirliyinin Həzi Aslanova adına Orduyla İdeoloji və Mədəniyyət Mərkəzinin rəhbərliyi tərəfindən orduya cəlb olunmuşdum. Mənə hərbi geyim verdilər və avqust ayından Bakıətrafı hərbi hissələrin bir çoxunda çıxışlarım oldu. Amma nəsə hiss edirdim ki, hazırlıq gedir. Amma heç kəs bunu açıqlamırdı. Mənim Ağdamın Mahrızlı kəndində qarmon ifaçısı dostum var, adı İzzətdi. Onunla telefonda danışırdım və deyirdi ki, “Ağalar müəllim, çox böyük hazırlıq gedir, bu həna, o hənadan deyil, inan mənə”. Mən bu sözə həm inanırdım, həm də inanmırdım.
Amma sentyabrın 27-də mən Salyanda Yanğına Nəzarət İdarəsində inspektor işləyən oğlum Nicatın yanına getmişdim. Orda olanda xəbər gəldi ki, bir neçə kəndlərimiz işğaldan azad olundu. Onda hönkür-hönkür ağlamağa başladım. Bakıya qayıdanda yolboyu insansanların izdihamını görüb ağlayıb dedim ki, sən demə millətimiz bu qələbə təşnəsiylə yanırmış.

- Bəs 44 günlük müharibə dövründə siz cəbhə bölgələrinə səfər edə bildinizmi?

- Bəziləri bu səfərlərini işıqlandırırdılar, amma mənim səfərlərim bir az kölgədə qaldı. Mənim getdiyim yerlərdə isə çəkilişə icazə vermirdilər. Bu dəfə də Müdafiə Nazirliyinin xəttiylə Beyləqanda yaralı əsgərlərimizin qarşısında çıxışlar etdim. Daha sonra Füzulinin Əhmədbəyli kəndində və Xocavəndə Milli Qəhrəman İbad Hüseyovun ad gününü qeyd edəndə çıxışlarım oldu. Ağcabədidə də çıxışlarım oldu. Səfərlərdə isə mənimlə şair Əjdə Ol, Xalq artisti Niyaməddin Musayev getmişdi. Daha sonra müğənni Səyyad Əlizadə və şair Yusif Nəğməkarla səfərlərimiz olmuşdu. Bütün bu səfərlər nazirlik tərəfindən çəkilib fondda saxlanılır. Birinci Qarabağ savaşında da mən cəbhə bölgələrində olmuşam. Daha sonra Bakıətrafında olan hərbi hissələrdə döyüşə yola salınan əsgərlərimizin qarşısında çıxışlarım oldu. Sonuncu çıxışım Şuşa işğaldan azad edilən gün, noyabrın 8-də Bakıda hərbi hissələrdən birində oldu. Orda Bayraq Günümüzü qeyd etdik. Orda şair Ayaz Arabaçının Şuşaya yazdığı şeirini oxudum.

- Ağalar müəllim, bir neçə gün öncə sosial şəbəkələrdə bir məzar şəkili paylaşmışdınız. Amma soruşmağa tərəddüd etdim...

- O, mənim oğlum Şəhriyarın məzarıdır. 1991-ci il mayın 3-də 9 yaşlı oğlum Şəhriyarı yaşadığım Suraxanı rayonunda qatar vurmuşdu. Baxmayaraq ki, mən Ucar rayonunda anadan olmuşam, həyat yoldaşım isə Qubadlının Xocahan kəndindəndir. Biz uşağı aparıb elə Xocahan kəndində dəfn etdik. 1993-cü ilin avqust ayında isə Qubadlı işğal olundu. Doğrusu, bu illər ərzində yaralar qaysaq bağlayır. Təkcə Şəhiryar deyil ki, orda minlərlə bizim soydaşlarımızın məzarı var. Amma Qubadlı işğaldan azad ediləndən sonra mənim yaralarım qövr etdi. Öyrəndim ki, bir vaxt toyunda çıxış etdiyim hərbi həkim Roman həkim Xanlıq kəndinə gedib. Ondan xahiş etdim ki, Xocahana gedib Şəhriyarın qəbirin çəkib mənə atarsan. O, dedi ki, Ağalar müəllim, mən artıq Şuşaya qayıtmışam, orda başqa bir həkim var ona dedi. Həmin həkim Şəhriyarın qəbirini tapıb şəkilini çəkib mənə göndərdi və o gündən indiyə kimi özümə gələ bilmirəm. Bütün qəbirlər kimi ermənilər Şəhriyarın da qəbirin uçurdublar, mərmər daşını aparıblar.

Bunu keçən dəfə verilişdə də dedim, indi sizə də deyirəm. Səlahiyyət sahiblərindən xahiş edirəm mənə şərait yaratsınlar gedim oğlum Şəhriyarın, Səxavət Məmmədovun, Allahbverdi Bağırovun və Əliyar Əliyevin, Dədə Şəmşirin məzarını ziyarət edim. Amma nəsə bir xəbər çıxmadı.

Bizim sanki vüqarımız sınmışdı, ümidimiz yox olmuşdu. İndi vüqarımız dikəldi, ümidimiz oyandı. 44 günə qanlı şəhid köynəkləri hesabına torpaqlarımız işğaldan azad olundu. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm, qazilərimizin əllərindən öpürəm. İndi bircə arzum var onu da deyim. 2019-cu ilin fevral ayında Rəşid Behbudov adına Mahnı Teatrında mənim 65 illik yubileyim idi. Orda dedim ki, bir arzum var Allah məni Qarabağa həsrət öldürməsin. İndi çox həsrətindəyəm ki, Şuşada bayraq sancılan yerdə torpağı öpüm. Açıq etiraf edim ki, Şuşaya səfərlər oldu, Cıdır düzündə konsertlər verdilər. Dedim ki, nə olardı Ağalar Bayramovu da ora aparardılar. Görmürlər ki, mən bu millətin, vətənin yolunda Allahın verdiyi səslə nələr səsləndirirəm. Mən də orda dilə gələrdim. Bu qələbəmizə görə Ali Baş Komandanımıza təşəkkür edirəm. O, ulu öndər Heydər Əliyevin oğlu olmağını səmimiyyətiylə, qətiyyətiylə sübut etdi və bunun da nəticəsini gördük.

Geri qayıt