Əsas Səhifə > Şou-biznes > "Mən istəmirəm camaat məndən qorxub desin ki, bu kaftar niyə çəkilir?"

"Mən istəmirəm camaat məndən qorxub desin ki, bu kaftar niyə çəkilir?"


28-01-2021, 09:11
"Mən istəmirəm camaat məndən qorxub desin ki, bu kaftar niyə çəkilir?"
Xalq artisti Elmira Şabanova Moderator.az-ın suallarını cavablandırıb.

- Elmira xanım, necəsiz?

- Belə də. Normal.

- Pandemiyadan necə qorunursuz?

- Bu bioloji müharibədir. Mən də, qızım da virusa yoluxmuşduq.

- Peyvənd etdirmisiz?

- Xeyr, amma günü sabah gəlsələr vurduracam. Biz yaxşı günlər görmüşük, siz cavanlar nə görürsüz?

- Bir onu bilirəm ki, uzun müddətdir sizi heç bir yerdə görmürük (gülür).

- Mən ümumiyyətlə heç bir yerə getmirəm, nə televiziyaya çıxmıram, nə jurnalistlərə müsahibə verirəm. Artıq qocalmışam da, qoy dincəlim (gülür). Bəzən mağazaya gedəndə hiss edirəm ki, hələ unudulmamışam. Amma hər şeyin öz vaxtı var, mən sənətdən vaxtında getdim.

- Siz həm də pedaqoji fəaliyyətlə məşğul olmusuz. Böyük aktyor və rejissor ordusu yetişdirmisiz.

- Universitetin 3-cü kursunda oxuyanda filmə çəkilirdim, gələcək həyat yoldaşım, tanınmış rejissor Rüfət Şabanovla orada tanış oldum. O mənə bir könüldən, min könülə aşiq olmuşdu. Çəkilişə gələndə hamıya tapşırmışdı ki, bu qızda gözünüz olmasın, mən onu alacaqam. Biz evləndik, o məni 40 yaşıma kimi nə filmlərə çəkilməyə qoydu, nə də teatrda işləməyə. Sözün düzü o yox, qaynanam (gülür). Mənə dedi ki, get universitetdə dərs de. 35 il həm aktyorlara, həm də rejissorlara İncəsənət Universitetində dərs demişəm. 40 yaşımdan sonra da məni özü öz filminə çəkdi.

- Kinomuzun bu günki vəziyyəti necədir?

- Bizim kino sahəmiz 90-cı illərdə çox bərbad idi. O vaxt yaxşı rejissorlar da Azərbaycandan köçüb getdilər. Nə kino çəkməyə şərait var idi, nə də ki, pul. Mənim oğlum Fuad Şabanov da o illərdə Moskvaya gedəndir, həm telekanalda işləyir, həm də serial və film çəkir. Bu gün rejissor Rövşən İsaxın, Elxan Cəfərovun və Yavər Rzayevin ərsəyə gətirdiyi işləri çox bəyənirəm. Bu üç rejissorda hər şey yerli-yerində olur. Mən adi tamaşaçı kimi yox, peşəkar bir aktrisa kimi münasibət bildirirəm. O vaxt Rüstəm İbrahimbəyov kinonu başa düşən insan kimi xarici festivallara məni göndərirdi. “Ata ocağı” serialının ssenarisi də çox yaxşıdır, boş-boş danışıq yoxdur.

- Bəs komediya filmləri necədir?

- Komediya bizdə çox da yaxşı alınmır. Fərda və Elməddinin oyun tərzi heç xoşuma gəlmir. Amma İlkin Həsəninin “Buğlama” komediyasını bəyənirəm. O iki aktyor da pis oynamırlar. Düzdü, bəzən şit səhnələr də olur.

- Sizin kimi böyük sənətkarlar bir kənara çəkiləndə artıq meydan boş qalır və həmin aktyorlar, aktrisalar ortalığa çıxır.

- Biz o vaxt "Nizami" kinoteatrında çəkilən elə filmlərə baxırdıq ki. İndi kinoteatrımız boş qalıb. İndi Fərdagili yaxşı pul və sponsor tapırlar, nə istəyirlər onu da çəkib, təqdim edirlər. Hər şey axı pul deyil. İnsanın zövqü də korlanır. Bizim xalq kinonu başa düşən xalqdır. İnsanlara sanballı filmlər lazımdır. Bizdə nədir? Türklər kimi vurdu, aşırtdı, tullandı, indi qadınlar da kişini döyüb öldürür. Bu bizim mentalitetə yaraşmır.

- Kinematoqrafçılar İttifaqının fəaliyyətini necə dəyərləndirirsiz?

- Kinematoqrafçılar İttifaqı batıb. İttifaqa o vaxt Rüstəm İbrahimbəyov rəhbərlik edəndə bütün kino işçilərini yığmışdı başına, təqaüdçülərə pul verirdilər. Festivallar keçirirdilər, Rusiyadan akyorlar dəvət olunurdu. Rüstəm İbrahimbəyov gedəndən sonra Şəfiqə Məmmədova... Əşşi nə bilim. Bir onu bilirəm və görürəm ki, hamı narazıdır.

- Şəfiqə Məmmədova ilə münasibətiniz necədir?

- Normal. Bu haqda heç bir şey danışmaq istəmirəm.

- Elmira xanım, o zaman qələbəmizdən danışaq..

- Mən o vaxt elə bilirdim ki, ulu öndər Heydər Əliyevdən başqa bizim prezidentimiz ola bilməz. Amma yanılmışam. Cənab prezidentimiz İlham Əliyev bütün dediklərinə əməl etdi, torpaqlarımızı bizə qaytardı. Bu bizim üçün möcüzə oldu. Mən bəzən fikirləşirəm ki, elə bil çox yaşadım. Niyə cavanlar gedir, mən hələ də yaşayıram?

- Bu gün filmə çəkilmək istəyirsiz?

- Xeyr, sənətə həvəsim artıq ölüb. Əvvəl burnum ucu göynəyirdi ki, gedim səhnəyə çıxım. Amma indi mənə milyon da versələr çəkilmərəm. Bilirsiz nəyə görə? Mən istəmirəm camaat məndən qorxub desin ki, bu kaftar niyə çəkilir? İstəmirəm məni tamaşaçılarım belə görsün. Mən qocalığı sevmirəm.

- Yəqin ki, mətbuatda eks Mədəniyyət Naziri Əbülfəs Qarayev, Fatma Abdullazadə haqda çıxan təndiqi yazıları da oxumusuz.

- Sözün düzü bundan xəbərim yox idi. Mən qapı döyməyi xoşlamıram, bunu heç vaxt da etmərəm. Amma mənə kömək edən adamları unutmaram. Fatma Abdullazadə mənə prezident təqaüdünün verilməsində böyük rol oynayıb. Əbülfəs Qaraye,v əksinə, yaxşı nazir idi, Polad Bülbüloğlu nazir olduğu müddətdə heç nə etmədi bizim üçün. Mən və bir neçə sənətkar onun qara siyahısında idik. Məlik Dadaşov o vaxt Rus Dram Teatrının direktoru idi, mən onu müdafiə etdim, Polad Bülbüloğlu ilə düşmən oldum. O bir neçə nəfəri, məsələn Arif Məlikovu, Rəfiqə Axundovanı və s. kölgədə qoymuşdu. “Xalq artisti” adını mənə Əbülfəs Qarayev verdi. Hacıbala Abutalıbovun da mənim evimin seçilməsində böyük rolu olub.

Geri qayıt