Əsas Səhifə > Şou-biznes > “Rübabə Muradova məndən xahiş etdi ki, tabutumun başında sən "Segah" ifa etsən...”

“Rübabə Muradova məndən xahiş etdi ki, tabutumun başında sən "Segah" ifa etsən...”


29-01-2021, 09:16
“Rübabə Muradova məndən xahiş etdi ki, tabutumun başında sən "Segah" ifa etsən...”
Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli sənətkar Kamil Cəlilov Moderator.az-ın suallarını cavablandırıb.

- Kamil müəllim, bu gün sizin doğum gününüzdür. Sizi bu münasibətlə ürəkdən təbrik edirəm. Doğum gününüzdə özünüzə nə arzulayırsız?

- Təbrikə görə çox sağ olun! Bu gün 83 yaşım tamam olur, 3 il əvvəl Beynəlxalq Muğam Mərkəzində 80 illik yubileyim keçirildi. Mən onda bildim ki, xalq məni çox sevir. İnanın Allaha yubileyimə hamı gəlmişdi, camaat ayaq üstə qalmışdı. Həqiqətən də çox xoşbəxt sənətkaram ki, bu qədər hörmət qazanmışam. Mən yaşadığımı yaşamışam, hər zaman istər insanlar tərəfindən, istərsə də dövlətdən diqqət və qayğı görmüşəm. 80 illik yubileyimdə cənab prezident İlham Əliyev məni “Şərəf” ordeni ilə
təltif etdi. Bircə arzum budur ki, koronovirus bəlası tezliklə bitsin, həyatımız normal axarına qayıtsın.

- Pandemiyanı necə keçirirsiz?

- Biz yüksək risk qrupuna aid olduğumuz üçün virusa yoluxma ehtimalımız daha yüksəkdir. Ona görə də özümü maksimum virusdan qoruyuram. Gigiyena qaydalarına əməl etməklə bərabər həm də evdən çölə çıxmıram. Siz bilirsiz ki, mən qızımla yaşayıram, o məni ikiqat daha çox qoruyur. Dərmanlarımı da vaxtı-vaxtında içirəm.

- Kamil müəllim, qaboy aləti ilə nə vaxtdan tanışlığınız yaranıb?

- Təxminən 1953-cü il idi, dostum Zaur Əliyev dedi ki, gəl mənimlə gedək musiqi məktəbinə. O pianoda yaxşı ifa edirdi. Mənə dedi ki, bir saata kimi məni gözləyərsən burada, dərsimi keçim daha sonra çıxarıq. Mən də oturdum foyedə, onu gözlədim. Gördüm siniflərdən cürbəcür səslər gəlir, klarnet, piano, qarmon səsi. Bir sinifdən isə qeyri-adi səs gəlirdi. Qapını yavaş-yavaş açdım, gördüm ki, bir müəllim üzü royala tərəf əyləşib, qaboyda ifa edir. Müəllim məni gördü, dedi ki, ay bala, nə istəyirsən? Soruşdum ki, müəllim bu nə alətidir ki, gözəl səsi var? Dedi ki, qaboydur, bu alət ancaq orkestrdə ifa olunur. Musiqi qabiliyyətimi yoxladı və mənə “sən gəl qaboy alətində ifa et, bunu bacaraqsan” dedi. O gündən bu alətə bağlandım və məşğul olmağa başladım. Sözün düzü başlanğıcda hamı, ələxsus da atam və anam mənə deyirdi ki, rahat bir alət tap, onda ifa et. Həqiqətən də çətin alətdir, daima axtarışlar edib, novator olmalısan. Atam o vaxt müharibədən yeni qayıtmışdı, iki ayağından da zədə almışdı, yeriyə bilmirdi. Müharibədən gələn insan necə olar? Başı səs-küy götürmürdü. Deyirdi ki, ay oğul, neynirsən bu aləti? At getsin, başqa musiqi aləti tap!

- Sizin yaradıcılığınızda “Dan ulduzu” ansamblının da xüsusi rolu var. Bu ansambla gəlişiniz necə oldu?

- Mən Gülarə Əliyeva ilə çoxdan tanış idim. Konservatoriyada oxuduğum illərdə Bülbül bizə dərs deyirdi, o da həmişə bizimlə üzbəüz sinifə gəlib, müğənniləri müşayiət edirdi. Onun mənim ifamdan xoşu gəldi və məni rəhbərlik etdiyi “Dan ulduzu” ansamblınına dəvət etdi. Elə olurdu ki, səhərə kimi yorulmadan işimizlə məşğul olurduq, çünki sənətimizi çox sevirdik. Bu sənət mənə Allah tərəfindən göndərilən bir vergidir.

- Siz bizim bir çox sənətkarlarımızı müşayiət etmisiz. Bu sənətkarlardan biri də Xalq artisti Rübabə Muradova olub. Onun sizə bir vəsiyyəti olmuşdu. Onu həyata keçirdə bildiniz?

- Mən çox kövrək qəlbli bir insanam, heç kimi incitmərəm. Rübabə Muradova mənim sənətimi çox sevirdi, qaboyda ifa edəndə ağlayırdı. Xəstə olanda evinə gedirdim, onun üçün ifa da edirdim. Ağır xəstə idi, əzab çəkirdi, ağrıları olurdu. Bir gün mənə dedi ki, ay qardaş, səndən bir xahişim var, tabutumun önündə segah ifa edərsən. Elə bil ki, məni behiştə yola salmış olarsan. Rəhmətə gedəndən sonra onun bu istəyini həyata keçirdim. Mən segah ifa edəndə camaat hönkürtü ilə ağlayırdı.

- Sizin həm də ifanız kosmosa göndərilib. Bu necə baş tutub?

- Mənim “Çahargah ahəngi”m 1976-cı ildə Filippində birinci yerə layiq görüldü. Bundan sonra həmin ifam plastinkaya salındı. UNESCO da mənim ifamı bəyənmişdi. “Çahargah ahəngi” əsərimi 18 əsərin içində onlar özü seçdilər. Qulaq asıb görüblər ki, burada qaboyun səsi tamam fərqlidir. Ona görə də Amerika alimləri bu ahəngi qızıl plastinkada ekspriment üçün kosmosa göndəriblər. Deyilənə görə hələ də kosmosdan bu “Cahargah” ahəngimin səsi gəlir.

- Kamil müəllim, siz həm də ulu öndər Heydər Əliyevə “Azərbaycan Təranələri” ifasını həsr etmisiz.. Ümumilli lideri necə xatırlayırsız?

- “Azərbaycan Təranələri” mənim yuxuma girmişdi, gecə yarı kağız və qələm götürüb, tez maqnitofona səsini yazdım. Səhəri gün isə başladım üstündə işləməyə. Mən bu əsəri ulu öndər Heydər Əliyevə həsr etdim. Çalışdım ki, onun qətiyyətini, mərdliyini, insanlığını burada əks etdirim. Bir gün Gülarə xanım mənə dedi ki, Heydər Əliyev sənin bu əsərini çox sevir. Onu diskə yaz mənə ver, ona çatdırım. Gülarə xanımın dediyi kimi də etdim. Daha sonra Gülarə xanım deyirdi ki, Heydər Əliyevin boş vaxtı olan kimi bu ifaya qulaq asır. O “Azərbaycan Təranələri” haqda bu sözləri demişdi: “ Kamil Cəlilovun “Azərbaycan təranələri” ni dinləyəndə elə bil Azərbaycanın xəritəsini görürəm. Meşələrini, dağlarını, bulaqlarını, bir sözlə, mənzərəsini görürəm”.

Geri qayıt