Əsas Səhifə > Şou-biznes > "Maddi çətinliyimiz vardı, atam da işləmirdi"

"Maddi çətinliyimiz vardı, atam da işləmirdi"


29-01-2021, 09:29
"Maddi çətinliyimiz vardı, atam da işləmirdi"
Tanınmış gənc xanəndə, 2011-ci il Respublika Muğam Televiziya Müsabiqəsinin qalibi Mirələm Mirələmov Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Mirələm bəy, gənc və sevilən xanəndəsiniz. Mətbuatda özünüz, ailəniz haqqında çox danışmamısınız. Ona görə ilk sualımız bu barədədir. Harda, necə bir ailədə dünyaya gəlmisiniz?

- 1988-ci ildə Şamaxı şəhərində anadan olmuşam. Zəhmətkeş bir ailədə boya-başa çatmışam. Keçməkeşli, zəhmət dolu günlərimiz olub, ömür səhifələrini vərəqləyə-vərəqləyə Allah bizi bu yerlərə gətirib çıxarıb.

Ailəmiz Şamaxıda Ağanəzər İsrayılov küçəsində yaşayır. Atamın əmisi oğlu Ağanəzər İsrayılov 1990-cı ildə 20 Yanvar faciəsində şəhid olub. Yaşadığımız küçəyə əmimin adı verilib. Biz Şamaxının Padarlar məhəlləsindənik. Valideynlərim təsərrüfatla məşğul olublar. Mən də 13-14 yaşımdan işləməyə, ailəmə kömək etməyə başlamışam.

Atam 1997-ci ildə ağır əməliyyat keçirdi. O vaxt uşaq idim, bəzi şeyləri hələ tam dərk edə bilmirdim. Əməliyyatdan sonra qardaşımla birlikdə atamın işləməsinə razı olmadıq. O vaxtdan ailənin bütün məsuliyyəti böyük qardaşımın üzərinə düşdü. Bu haqda çox danışmağı xoşlamıram, ən həssas, ən zəif yerim ailəmdi... Ata-anadan, ailədən söz düşəndə qəhərlənirəm, özümü saxlaya bilmirəm...

- Bu ağrı, nisgil, həssaslıq nəylə bağlıdı?

- Yəqin həyatımızda yaşananlarla bağlıdır. Əlbəttə, bir şey də var. Çətin günlər olmalıdı ki, həyatda doğru-dürüst addımlar ata biləsən. Atamın xəstəlik keçirdiyi, əməliyyat olunduğu zamanı xatırlamaq mənim üçün ağrılıdı. Hər dəfə danışanda keçmiş hisslərə qapılıram.

- Həmin vaxt maddi çətinliyiniz çoxuydumu?

- Bəli. Maddi çətinliyimiz vardı, atam da işləmirdi. İndi şükür Allaha, həyat öz axarındadı. Hər şey keçmişdə qaldı...

- Çətinliklərdən necə çıxış yolu tapdınız?

- O vaxt hələ uşağıdım, 12 yaşım vardı. Həyatımda ən çətin sınaqlar başlamışdı. Mən həmişə deyirəm ki, o günlərlə həm də fəxr edirəm. O zaman atama, ailəmizə kömək edirdim, bazarda satıcı işləyirdim. Elə vaxtlar olurdu, evdən xəbərsiz, heç kəsə deməmiş Şamaxıda fəhləlik edirdim . Ailəmizdə heç kəs bilmirdi, bəlkə xəbər tutsaydılar, işin ağırlığına görə mənə icazə verməzdilər.

Böyük qardaşım maşın ustası idi. Ailənin öhdəliyi qardaşımın üzərində olduğuna görə ona çox yük düşürdü, gecə-gündüz çalışırdı, işdən evə gec gəlirdi, əlləri qabar bağlayırdı, partlaq-partlaq olurdu. Yemək yeyib, əlini isti suya salırdı. O vəziyyətdə işləyirdi... Hətta bir dəfə gözündən zədə də almışdı. Dəmir qırıntısı sıçrayıb gözünə düşmüşdü.

- Səsinizi nə vaxt hiss etdiniz?

- Ailəmizdə oxuyan yox idi. Böyük dayımın səsi olub, amma dalınca düşməyib. Tərəkəməçilik idi, təsərrüfatla məşğul olurdu. Səs Allahın lütfidir, kimə istəsə ona bəxş edir. Gen məsələsinin də rolu var.

10-12 yaşımda musiqi məktəbinə getdim. Uşaq vaxtı özüm-özümə zümzümə edirdim, səsimin olduğunu ailə üzvlərim onda bilmişdilər. Evdən musiqi məktəbinə getməyimi məsləhət gördülər. Dayım və atamla musiqi məktəbinə xanəndəlik şöbəsinə getdim. Orada təhsil almağa başladım. Sonra Şamaxı Mədəni Maarif Kollecinə daxil oldum. 2006-cı ildə Asəf Zeynallı adına Muqisi Kollecində təhsilimi davam etdirdim.

- Ustadınız kim oldu?

- Şamaxıda ilk müəllimim Habil Şıxəliyev idi. Şamaxı Mədəni Maarif Kollecində isə mənə Zaur Cəfərov dərs dedi. Onun ilk tələbəsi mən idim və təkid etdi ki, Bakıda təhsil almalısan. Asəf Zeynallı adına Musiqi Kollecində xalq artisti Zabit Nəbizadənin tələbəsi oldum. Sonra xalq artisti Alim Qasımovdan dərs aldım. Mən bütün ustadların dərslərinə gedirdim, amma heç vaxt oxumurdum.

Bir gün bir dostumla Alim Qasımovun dərsinə getdik, amma oxumadım. Dostum dedi ki, Alim müəllim, Mirələmin də səsini yoxlayın. Allim müəllim də qayıtdı ki, elə bilirəm, Mirələm tar və ya hansısa alət ifaçısıdır. Üzünü mənə tutdu: "Bəs, gəlib orada sakit oturmusan, niyə oxumursan?"

Oxudum, Alim müəllim qulaq asdı. Beləliklə, məni ustad dərslərinə dəvət elədi. Allah Alim müəllimə can sağlığı versin, dünya səviyyəli sənətkardı.

- Siz onun haqqında “Allim Qasımov muğamın Allahıdır” demisiniz. Alim müəllim sizin səsiniz haqqında nə dedi?

- Ustadlar heç vaxt tələbədə arxayınçılıq yaratmazlar, "hər şey əladı, səsin gözəldi" deməzlər. Düzü, məndə də heç vaxt elə arxayınçılıq olmayıb. Heç vaxt öz səsimlə lövğalanmamışam, bunu şöhrət kimi qəbul etməmişəm. Televizya Muğam Müsabiqsində "iyirmiliy"ə düşəndə belə ailəmə gec xəbər verdim. Keçdiyim turların heç birini yaxınlarıma deməmişdim.

2011-ci ildə Azərbaycan dövlət televiziyasında yayımlanan muğam müsabiqəsində iştirak etdim. Zaur müəllim həmişə mənə deyirdi ki, sən böyük oxuyan olacaqsan. Təbii ki, mənim üzərimdə Habil Şıxəliyevin də çox zəhməti olub.

- 2011-ci ildə Azərbaycan Dövlət Televiziyasında yayımlanan muğam müsabiqəsində qalib oldunuz. Müsabiqəyə qatılmağınız hansı şəraitdə baş tutdu?

- Şamaxıda rayonlar arası seçim turu keçirilirdi. Mən də seçim turuna qatıldım və birinci turda Mirzə Hüseyn segahı oxudum, klassik üslubda... Bilirsiz ki, müsabiqənin özəl şərtləri var, özfəaliyyətə qətiyyən yol vermək olmaz.

Mən Yaqub Məmmədov, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimova çox qulaq asırdım və oxu tərzimdə onların üslubu hiss edilirdi. Şamaxıya münsiflərdən Nadir Axundov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov gəlmişdilər. Onları ancaq klassik ifa ilə təəccübləndirmək olardı.

Müsabiqənin növbəti turu Bakıda baş tutdu, 500 iştirakçının içindən seçildim. İkinci turda da klassik muğam ifa etdim. Zaur müəllimin təklifi ilə “Bayatı-Şiraz” oxudum. Müsqabiyə seçilən 20 nəfər iştirakçıdan biri mən oldum. Beləliklə, muğam müsabiqəsinə qatıldım və qalib oldum.

- Sizcə, müsabiqəyə qatılmasaydınız, bu səviyyədə tanınardınız?

- İndiki səviyyədə yəqin ki, tanınmazdım. Yalnız el-obam, dost-tanışlar səsimdən xəbərdar olardılar. Müsabiqə tanınmağımda böyük rol oynadı və həyatımda dönüş yaratdı. Müsabiqəyə qatılmasaydım, uzağı rayon səviyyəsində toy mərasimlərini yola verən xanəndələrdən olardım.

Bu silsilə müsabiqələrin milli musiqimizin, muğamlarımızın inkişafında xüsusi rolu oldu. Müsabiqələr təşkilini dövlətimizin, millətimizin, Birinci vitse-prezident Mehriban Əliyevanın böyük töhfəsi hesab etməliyik. Bu gün nə qədər insanların muğama həvəsi var, muğama qulaq asırlar.

Elə insanlar var, deyirlər ki, muğama qulaq asan deyildim, sizin ifanızdan sonra muğamı sevdim. Bu kimi sözləri başqa həmkarlarıma da deyirlər. Bu gün gənclər arasında muğam dinləyənlər üstünlük təşkil edir.

- Alim Qasımov muğama fərqli oxu tərzi gətirdi. Bunu qəbul etməyənlər də var. Ümumiyyətlə, maraqlıdı, Alim müəllimin üslubundan istifadə edirsinizmi?

- İfalarımda Alim müəllimin üslubunun izi var, ya yox, bunu dinləyicilər daha yaxşı hiss edərlər. Onun oxularına çox qulaq asıram, hərdən ona müraciət edirəm. Alim Qasımovla xeyli səfərlərdə olmuşam, özüylə başqa ifaçı da apara bilərdi, amma məni seçib. Çox sağ olsun, məni yanında görüb. Alim Qasımovla Amerikada və bir neçə ölkədə konsert vermişik.

- Alim Qasımovda qısqanclıq yoxdu, gənclərə həmişə diqqət yetirir. Digər muğam ifaçılarından necə, sizə qısqanclıq edən olubmu?

- Ustadların qısqanclığı olmaz. Bizə sənətin sirlərini onlar öyrədirlər. Mən bunu görməmişəm.

- Bəs mane olanlar?..

- Əlbəttə, olur və bunu da təbii qarşılmaq lazımdı. Hər zaman olub, bu gün də var... Daha yaxşı olar ki, hər kəs öz muğamını, öz mahnısını oxusun, amma insandı, bəzən qısqanır, yaxud paxıllıq hissi keçirir.

- Muğam müsabiqələrində nəticələrdən narazı qalanlar da olurdu. Siz hansısa haqsızlıqla üzləşirdinizmi? Kiminsə haqqına girən münsif vardımı?

- Çətin sualdı... Ümumiyyətlə, mən heç vaxt həyatda kiminsə məndən zərrə qədər inciməsini istəməmişəm. Ola bilər, bu kimi hallar olub... Bunu televiziya tamaşaçıları daha yaxşı bilərlər. Müsabiqənin ilk turlarında, birinci-ikinci həftədə az qalırdım müsabiqəni tərk edəm. Ən az xal toplayan ifaçılardan biri də mən idim.

- Bəs, sonra təkan hardan gəldi?

- Münsiflərin qərarına zaldakı tamaşaçıların alqışlarının böyük təsiri oldu. Özü də salondakı bir qrup, belə deyək, "fanat"ın alqışlmasından söhbət getmir. Bütün salonun alqışı münsiflərin xal verməsinə birmənalı təsir edirdi.

- Dediz ki, ilkin dövrdə Yaqub Məmmədova çox qulaq asırdınız, ustadlarınız isə Alim Qasımov və Zabit Nəbizadədi. Sizcə, muğamda bölgə rol oynayırmı? Hansı bölgənin muğamına üstünlük verirsiniz?

- Muğamın bir sahəsi, bir yolu var. Hamı bir yoldan - Seyid Şuşinski məktəbindən və onun qoyduğu muğam yolundan bəhrələnir. O başqa məsələ ki, hər bölgənin özünəməxsus ifa tərzi də var. Hansısa bir ifaçı oxuyanda hiss edirsən ki, Qarabağ nəfəsidi, yoxsa Şirvan nəfəsi...

Mən daha çox Mütəllim Mütəllimova, Yaqub Məmmədova qulaq asırdım. Bu, oxu tərzimdə indi də hiss edilir. Klassik muğamlara həvəsim həmişə böyük olub. Hər ustaddan bir pay almışam, bu da var. Hər birinin oxusundan bəhrələnib, özümünkiləşdirmişəm.

- Alim Qasımov muğamda eksperimentlər etdi. Siz necə, gələcəkdə ekperiment etməyi düşünürsünüzmü?

- Alim Qasımovun eksperimentləri çox gözəldi, qəbul olunur. Mənim gələcəkdə eksperiment edib-etməyəcəyimi həyat göstərər. Əlbəttə, zaman ötdükcə, təcrübə topladıqca hər oxuyanın öz dəst-xətti, öz yolu meydana çıxır.

- Biri var tamaşaçının, dinləyicinin xoşlayıb sifariş verdiyi muğam, biri də var xanəndinin sevə-sevə oxuduğu... Siz özünüz hansı muğamları oxumağı çox sevirsiniz?

- Muğamların hamısı gözəldi. Amma mənə “Dəşti” və “Segah” muğamlarını çox sevirəm. "Dəşti"nin kədəri, yanğısı məni daha çox cəlb edir.

- Deyirlər, Şirvan zonasında “Şur”, Qarabağda “Segah”, Bakıda “Rast” muğamına daha çox qulaq asırlar...

- Ola bilər... Mən hər bölgədə olmuşam, məsələn, Qarabağ bölgəsində “Segah”a da, ”Şura” da qulaq asırlar.

- Azərbaycanda hansı muğam daha çox sevilir, daha çox dinlənilir?

- Yəqin ki, “Segah”a... Ona daha çox qulaq asırlar.

- Az oxunan muğamlar var, “Şüştər”, “Hümayun”, “Bayatı-Qacar” və sair. Bu muğamları ifa etmək fikriniz varmı?

- Demək olar ki, bütün muğamları oxumuşam. Asəf Zeynallı adına Musiqi Kollecində proqramda olmayan muğamları da öyrənirdim. Zabit müəllimdən xahiş edirdim ki, oxunmayan muğamları da öyrətsin. Bir çox muğamları elə müsabiqədə oxuduq, Zabit Nəbizadə ilə hazırlamışdıq.

- Bəziləri deyir ki, Mirələm Mirələmov ən yaxşı ifalarını Muğam Müsabiqəsində edib. Sonrakı oxularına o qədər can qoymur...

- Muğam müsabiqəsində konktret olaraq klassik muğamlar ifa etməlisən. Elə verilişlər var ki, vaxta görə muğam seçib, oxuyursan, xalq musiqiləri, dəstgahları... Elə verilişlər də var ki, dəstgah oxumaq formatına uyğun deyil. 45 dəqiqəlik, 1 saatlıq dəstgahlarımız var. Onları tam, mükəmməl ifa eləmək üçün zaman lazımdı.

- Muğam ifaçılarından kimlərin ifasını dinləyirsiniz?

- Düşünürəm ki, birinin adını çəksəm, digərinin adı yadımdan çıxar. Amma zövqlə dinlədiklərimlə yanaşı qulaq asmadıqlarım da var.

- Atanız ifalarınızı dinləyirmi?

- Atam sevə-sevə qulaq asır... Bilmirəm, övladı olduğuma görədi, yoxsa nədəndi... (Gülür). Valideynlərimə çox bağlıyam.

- Zamanla musiqi zövqü dəyişirmi?

- Xeyr, dəyişmir. Klassik muğam ifaçılarının hər birinə indi də qulaq asıram. Onlar heç vaxt yaddan çıxmaz, nə qədər Azərbaycan musiqisi var, yaşayacaqlar.

- Məşhur olduqdan sonra rayon toylarına getməyi azaltmısınız?

- Əksinə, rayon toylarına daha çox gedirəm. Bütün regionlarımızın el şənliklərində olmuşam.

- Daha çox hansı bölgələrə dəvət alırsız?

- Fərqi hiss etməmişəm, Allah hər birini var eləsin.

- Tanındıqdan sonra toy qiymətlərinizi qaldırdınızmı?

- Məbləğ məsələsinə toxunmayaq. Əlbəttə, populyar olandan sonra sənə daha çox tələbat olur. Əvvəl həftədə bir-iki toy mərasiminə gedirdinsə, populyarlaşdıqdan sonra daha çox gedirsən. Xalqımız sağ olsun, bizə dəyər verir.

- Muğam ifaçısı Kamilə Nəbiyeva ilə duetlərinizi çox sevilir...

- Bəli, duetlərimizi bəyənirlər. Tək biz deyilik, bir çox gənc xanəndənin, ifaçının duet ortağı olur. Mənim də Kamilə Nəbiyeva ilə duetimizi sevirlər. Deyirlər, bir-birinizi tamamlayırsınız.

- Siz ailə qurmusunuz. Amma pərəstişkarlarınız sizi Kamilə Nəbiyeva ilə də çox yaraşdırırdılar...

- Biz Kamilə Nəbiyeva ilə sənət dostuyuq, bizim çox yaxşı münasibətimiz və ailəvi gediş-gəlişimiz var. Bizə o sualları çox veriblər. Amma təbii ki, bizi ancaq sənət və ifalarımız birləşdirir. Sosial şəbəkədə şərhlərdə yazırdılar ki, kaş bir yerdə olardılar, bir-birinə yaraşırlar. Digəri də yazırdı ki, həyatı ilə maraqlanıb, sonra şərh yazın. Mirələm Mirələmovun ailəsi, uşağı var.

- Pandemiya davam edir. Bir çox sənətçilər çətin vəziyyət yaşayırlar. Sizin də gəlirləriniz toy mərasimlərindənidi. Bu müddəti necə tənzimlədiniz?

- Şikayət etmək olmaz, bu, ümumbəşəri bəladı, ona görə də vəziyyətlə razılaşmlıyıq. Allaha qurban olum, heç kimi ac qoymur. Hərə bir tikə çörəyi tapıb yeyir. Ola bilsin, bu da Alahın bir sınağıdı. İsrafçılıq çox idi, təkəbbür və zülmkarlıq artmışdı.

- Bakıda mənziliniz varmı?

- Bəli, öz evim var.

- Hər hansı biznesinizlə məşğulsunuz?

- Xeyr.

- Şəhid Xudayar Yusifzadənin ifa etdiyi “Dastana döndü” ("Vətən yaxşıdır") mahnısını ifa etdiniz və ifa zamanı göz yaşlarınızı saxlaya bilmədiniz.

- Şəhidlərimizi heç vaxt unutmalı deyilik. Onlar haqqında şeirlər, mahnılar yazılmalı, filmlər çəkilməlidi. Bizim də borcumuzdu ki, onları mahnılarımızda yaşadaq.

44 günlük müharibədə adam özünə yer tapa bilmirdi, hamımızın ürəyi əsgərlərlə döyünürdü. Mən də həmin ərəfədə ruh yüksəkliyi yaratmaq və mənəvi dəstək vermək üçün əsgərlərimizin yanında oldum.

Xudayar Yusifzadənin ifa etdiyi “Vətən yaxşıdır”, “Bayatı-Şiraz” üzərində oxuduğu “Dağlarda duman gözəldir” mahnılarına qulaq asanda baxırsan ki, onun üzündə necə bir təbəssüm var... Həmin mahnını oxuya-oxuya özümü bir anlıq onun yerinə qoydum və özümü saxlaya bilmədim.

Kövrəklik nəylə bağlıdı? Bu, valideynə, Allaha, Vətənə, övlada, yaxınına olan sevgidən ola bilər. Bəlkə həyatda yaşadığın çətin anlarından irəli gəlir?.. Xaraktercə çox həssas insanam. Bilmirəm bu, yaxşıdı, yoxsa pis, sadəcə içimdən gələn hissdi.


Geri qayıt