Əsas Səhifə > Şou-biznes > “Elə məmurlar var ki, həmkarlarının başına gələn hadisələr sanki onlara ibrət olmur...”

“Elə məmurlar var ki, həmkarlarının başına gələn hadisələr sanki onlara ibrət olmur...”


29-01-2021, 12:59
“Elə məmurlar var ki, həmkarlarının başına gələn hadisələr sanki onlara ibrət olmur...”
DİA.AZ Moderator.az-a istinadıən teleaparıcı Turan İbrahimovla mühasibəni təqdim edir:

- Turan bəy, söhbətimizə qələbəmizdən başlamaq istəyirdim. Təəssüratlarınız necədir?

- Qələbəmizlə bağlı təəssüratlarım hamıdakı kimi möhtəşəmdi. Heç bir vaxt bu haqda fikirləşə, xəyal qura bilmirdik. Sözün açığı o günləri o qədər möhəşəm yaşadıq ki, adiləşdi. Hər şey kimi onu da bitirdik.

- İnsanlarda belə bir fikir var idi ki, həm pandemiya və həm də müharibədən sonra bəzi məmurların davranışında dəyişiklik olacaq. Amma çox təəssüflər olsun ki, elə də böyük dəyişiklik olmadı...

- Sözün açığı, dəyişən çox şey var, proses gedir. Dövlət başçısı da dəfələrlə mesaj verib ki, hər şey dəyişəcək. Dəyişikliyin olduğunu müşahidə etmək üçün bir az vaxt lazımdır. Amma mən şəxsən inanıram ki, əvvəlki kimi olmayacaq bir çox məmurlar üçün.

- Müharibədən sonra yenə də korrupsiyaya qarşı mübarizə davam etdirilir. Bir neçə baş həkim korrupsiya əməllərinə görə həbs edildi...

- Vəd olunan kimi neqativ hallara qarşı mübarizə gedir və onu özümə müəyyənləşdirirəm ki, elə məmurlar var ki, həmkarlarının başına gələn hadisələr sanki onlara ibrət olmur. Bir müddət keçən kimi onlar yenə də bacardıqları kimi özlərini aparmağa başlayırlar. Bu da müəyyən şəxslərin işə yanaşmasıyla bağlı olan bir şeydir. Belə başa düşülür ki, cəzalandırılan məmura baxıb, ondan ibrət götürməyən məmurun işləməsi neqativ hallarla məşğul olmaqdır. Onlar işin rüşvət almaqdan ibarət olduğunu düşünürlər.

- Qaradağda dəfn edilən şəhidlərimizlə bağlı siz də efirdə fikirlər səsləndirdiniz. Biz axı heç vaxt şəhidlərimizə belə diqqətsiz yanaşmamışıq...

- Ümumiyyətlə, dövlət başçımız dəfələrlə vurğulayıb ki, biz əsgərlərimizin, zabitlərimizin, ordumuzun qəhrəmanlığı ilə torpaqlarımızı işğaldan azad etmişik. Dövlət başçısı bəyan edib ki, şəhid ailələrinə qarşı münasibət həmişə xüsusi olmalıdır. Burdan çıxış edərək bildirmək istəyirəm ki, həm də bizim özümümüzün onlara bir minnət borcumuz var. Şəhid valideynlərinin bütün istəklərin anlayışla qarşılamalıyıq, özümüzü onların yerinə qoymalıyıq, onların təsəlli tapdığı müəyyən şeyləri başa düşməliyik. Mən belə başa düşürəm ki, şəhid valideynləri və yaxınları nədən narazıdırsa, onları anındaca aradan qaldırmaq lazımdır. Elə şeylər var ki, zaman tələb edir, amma hər halda onları çağırıb danışıb, könlünü almaq mütləq lazımdır. Nəticədə onların istəkləri nədirsə, bunu həll etmək lazımdır. Yanaşmam, fikrim bundan ibarətdir və bu da dövlət başçımızın münasibətinə istinadən belədir.

- Bir az da məsələ uzananda düşmənlərimiz bundan istifadə edir...

- Əlbəttə, nə qədər çox əlavə söz-söhbətlər ortaya çıxırsa, nə qədər bir-birimizi ittiham ediriksə, o qədər də konkret olaraq Ermənistanda və digər yerlərdə bundan istifadə olunur. Yaranmış abu-hava, milli birlik pozulur və bu da xoş bir şey deyil.

- Turan bəy, bir müddət fasilə verdikdən sonra yenidən televiziyaya qayıtdınız, sevindik. Amma bu gün belə bir tendensiya yaranıb ki, peşəsindən asılı olmayaraq aparıcılıq sahəsinə bir axın var...

- Siz dediyiniz məqamlar dünyanın hər yerində var. Dövlət və İctimai Televiziyanı bir kənara qoyaq, çünki onların xüsusi statusu var, onlar büdcədən maliyyələşirlər deyə onların nə maliyyə, nə də reytinq problemi yoxdur. Amma özəl televiziyalar həmişə axtarışdadırlar. Onlar maliyyə cəlb etmək üçün reytinq haqda fikirləşirlər, həm də yeni tendensiyalar ki, var onları tutmağa çalışırlar. Ona görə də reytinq qayğısı və kommersiya narahatlığı olduğu üçün populyar personajlar televiziyalara gəlib-gedir. Təbii ki, keyfiyyət fərqini biz başqa ölkənin televiziyaları ilə müqayisə edə bilərik. Olanımız budur. Əslində buna xüsusi, həssas narahatçılıqla yanaşmaq düzgün deyil.

- Amma televiziyalarımız daha çox bayağılıqda ittiham olunur...

- Bayağılıq məsələsi nisbi yanaşmadır. Bayağılığa qalsa, müasir dünyada bütün özəl televiziyalarda bu var. Məsələn, Rusiyanın xüsusi televiziyalarına baxanda görürsən ki, maliyyə imkanları, aktyorlar var, amma bayağılıq, hər şeyi seksin üzərində qurulub. Orda da media üzərində qurulan maraqlı şoular var ki, o da bayağılığın üzərinə gəlib çıxır. Məsələn, qardaş Türkiyə televiziyalarında müəyyən seriallara, şoulara baxıb görürsən ki, bu da televiziya üçün bayağılıqdır. Özəl, kommersiya televiziyalarında sırf kütlənin zövqünün dalınca qaçdıqlarına görə məcburən səviyyənin aşağı düşməsi məsələsi var. Amma Azərbaycanda şou, mövcud olan insanların ümumi intellektual mədəni səviyyəsi aşağı olduğuna və onlardan bu sahədə istifadə olunduğuna görə bu bayağılığımız xüsusi statuslu bayağılıqdı, yəni betərindən-betərdi.

Geri qayıt