Əsas Səhifə > Şou-biznes > "Əgər Şirəliyevə vurulan həmin vaksindən vuracaqlarsa, razı olaram"
"Əgər Şirəliyevə vurulan həmin vaksindən vuracaqlarsa, razı olaram"1-02-2021, 08:55 |
Bir çox ölkələrdə, xüsusən də qardaş Türkiyədə bəzi məşhurlar canlı efirdə koronavirus əleyhinə vaksin vurdurrular. Bu bir növ təbliğat xarakteri daşıyır. Bəs görəsən, bizim məşhurların koronavirusa qarşı ölkəmizə gətirilən vaksin barədə fikirləri nədir? Bir müddət öncə saytların birinə açıqlama verən müğənni Günel Ələkbərova "biz TƏBİB üçün qurbağa, siçan deyilik ki, üzərimizdə təcrübə aparsınlar" demişdi: "Əslində peyvəndin vurulmasına pis baxmıram. Yəni biz uşaq vaxtı da gözəgörünməz viruslardan qorunmaq üçün peyvənd vurdurmuşuq, hətta öz uşaqlarımız üçün də istifadə etmişik. Bu, normal bir haldır. Ancaq koronavirusa qarşı ölkəmizə gətirilən vaksinə güvənmirəm. TƏBİB-in açıqlamasından sonra belə qərar verdim ki, mən o vaksini vurdurmayacam. TƏBİB açıq-aydın qeyd edib ki, vaksini vurdurduqdan sonra insan əmək fəaliyyətini itirə, şikəst qala, ən pis halda dünyasını dəyişə bilər". "Oqtay müəllimin vurdurduğu vaksinin tərkibindən xəbərdar deyiləm. Səhiyyə nazirinin vurdurduğu vaksinin eynisindən mən də istəyirəm. İndi insanlara vurulan vaksinin içində nə olduğundan xəbərsizik. Razıyam, mənə vaksin vurulsun, o halda ki, Oqtay Şirəliyevə vurulan iynənin ucu dəyişdirilib yarısı da mənə vurulsaydı. Vallah, vitamin kompleksi bizə də xeyirdir. Böyük məmnuniyyətlə mən də istəyərdim. Son zamanlar hamının elə vitaminlərə ehtiyacı var. Üstəlik bu gün qəbul etdiyimiz meyvə və tərəvəzlərin mənşəyi bəlli deyil",- deyə G.Ələkbərova bildirmişdi. Günel Ələkbərovanın bu açıqlaması sosial şəbəkələrdə rezonans doğurdu. Görək həmkarları bu barədə nə düşünürlər? Sputnik Azərbaycan-la söhbətində müğənni Nadir Qafarzadə həmkarının fikrinə şərik oldu: "Kim onun tərkibini yoxlayıb ki? Biz haradan bilək ki, o nədir? Mənə təklif olunsa, ən axırıncı vurduraram. Baxacam ki, digər insanlarda hansı effekti verir, ondan sonra razı olacam. Mənim üçün fərqi yoxdur, mən ömrümün yarısını yaşamışam. Nə olacaq, olacaq. Gələcək nəsil üçün fəsadlar törədəcək. Dünya liderləri milyardları buraxıblar ki, virusu yayıb camaatı qırsınlar. Gördülər ki, virusla qırılmırlar, vaksin məsələsini ortalığa atıblar. Mən Günelin fikri ilə tam razıyam. Əgər Şirəliyevə vurulan həmin vaksindən vuracaqlarsa, razı olaram. Amma mən necə əmin ola bilərəm ki, həmin vaksini vururlar? Dünyanın sonu gəlib, nə edirlər, etsinlər, sonumuza çıxacaqlar". "Miss Azərbaycan-2019" titulunun sahibi Səmra Hüseynova isə fərqli düşünür. Model vaksin vurduracağını bildirib: "Hal-hazırda nevroz anoreksiyadan əziyyət çəkirəm. Müalicələrim davam edir. Müalicələrdən sonra mütləq vaksin vurduracam. Düşünürəm ki, koronavirus adlı bəladan birdəfəlik qurtulmağın ən optimal variantı budur". Xalq artisti Nazpəri Dostəliyevanın da fikrini öyrəndik. Xalq artisi deyir ki, əvvəl vaksin vurdurmaq barədə düşünüb. Amma vaksinlə bağlı xoşagəlməz fikirlər Dostəliyevanı bu fikirdən daşındırıb: "Sonra aldığım informasiyalarda məlum oldu ki, həmin vaksinlər həyatımız üçün təhlükəlidir. Mən istəmirəm, sağlamlığımı təhlükəyə atmaq istəmirəm. Mən virusdan əziyyət çəkmədim. Çünki orqanizmimə bələdəm. Həmişə yeməyimə fikir vermişəm. Amma bu o demək deyil ki, pandemiya dövrü mənə təsir etmədi. Qohum-əqrabadan həyatını itirənlər oldu. Mən də robot deyiləm, mənə də təsir elədi. Amma çalışdım ki, ailə üzvlərimin orqanizminin virusa qarşı müqavimətini gücləndirim. Mən səbirli insanam, baxacam vəziyyətə. Görsəm ki, insanların hər birinə bu vaksin vurulur, vaksinin müsbət təsiri olur, mən də edəcəm". Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyə Qurbanova da məsələyə münasibətini bildirib: "Vaksini vurdurub-vurdurmamaq hər kəsin şəxsi seçimidir. Ehtiyac duyularsa, digər peyvəndlər kimi vurduracam". Azərbaycan Dövlət Akademik Musiqili Teatrının, eyni zamanda Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktrisası Ülviyyə Əliyeva bildirir ki, bu məsələ onu neçə vaxtdır ki, narahat edir: "Mən, sözün düzü, vaksinə qarşıyam. Artıq bir ilə yaxındır ki, bu problem dünyada var. Amma çox şükür ki, nə mən, nə də mənim yaxınlarım bu xəstəliyə tutulduq. Bu da bizim immun sistemimizin güclü olması ilə bağlıdır. Pandemiya dövründə nə tələb olunurdusa, onu da elədik. Uşaqdan-böyüyə hər birimiz özümüzü qoruduq. Deyilənə görə, bəzi istisnalar olmaqla, hər kəsə vaksin vurulacaq. Mən buna razı deyiləm. Mənim orqanizmim güclüdürsə, niyə mənim bədənimə yad bir cism daxil olmalıdır?" Aktrisanın fikrincə, vaksin məcburi olmamalıdır: "Dünyanın düz vaxtı mənim 38 dərəcə temperaturum olanda dərman qəbul etmirdim. Tərləyirdim, qızdırmam keçirdi. Yəni, dediyim odur ki, genetik olaraq bizim immun sistemimiz güclüdür. Mənə elə gəlir ki, orqanizmi güclü olan insanlara toxnmasınlar. Kimin ki, orqanizmi zəifdir, ona vursunlar. Mən insanam, mənim hüquqlarım var. Mənim imtina etmə şansım olmalıdır. Anlayıram ki, mən xaricə getsəm, vaksinasiya oluna bilərəm. Amma mən istəmirəm. Son ana qədər də vaxtı uzadacam ki, vaksin vurdurmayım". "Uşaq vaxtı bizə qızılçaya, sarılığa qarşı vaksinlər vurublar. Hansı ki, biz bilirdik ki, bu, gələcəkdə ola bilər. Bundan qorunmaq üçün vurdurmaq lazım idi. Amma koronavirus qripin başqa bir növüdür. Bəlkə də 10 il sonra, 20 il sonra tamamilə itib gedəcək. Buna da orqanizmimiz öyrəşəcək. Tarix göstərir ki, əvvəllər qripdən də insanlar ölürdülər. Amma indi insanlar onu adi bir virus kimi keçirirlər", - aktrisa əlavə edib. Geri qayıt |